“Bu dünya görüş yeridi” kitabı işıq üzü görüb
Şair Aqil İmanın "Bu dünya görüş yeridi” adlı kitabı işıq üzü görüb. 224 səhifəlik kitab "OL” nəşriyyatında çap olunub. Kitabın redaktoru və ön söz müəllifi tənqidçi Əsəd Cahangirdir. Kitabda Aqil İmanın müxtəlif illərdə yazdığı şeirləri və onun haqqında qələm adamlarının mətbuatda çap olunmuş məqalələri toplanıb.
Aqil İmanın yaradıcılığında sosial həyat tərzi ilə yanaşı, ictimai hadisələr də bədii təxəyyüldən keçərək təhlil edilir. Şairin həyata münasibəti ədalət tərəzisi ilə çəkilərək təqdim olunur: yaxşıya yaxşı, pisə də pis deyilir. Yaxşı olanı, doğru yolu göstərmək üçün yaradıcı insanda intellekt, fəlsəfi dünyagörüşü, fitri istedad tələb edir. Aqil İmanın şeirlərini oxuyarkən bu keyfiyyətlərin şahidi oluruq. Şairin şeirlərində haqqa çağırış var. O, oxucunu və dinləyicini mərdliyə, vətənpərvərliyə, xeyirxahlığa səsləyir. Aqil İmanın məhəbbət lirikasında da özünəməxsus orijinal misralar yer alır və obrazlar bəzən sətiraltı, bəzən də ümumi şəkildə ifadə edilir.
Mənim üçün bahar gedib, qış qalıb,
Ağlamağa gözlərimdə yaş qalıb.
Talanıb, dağılıb dünyam boş qalıb.
Gecələrim tənha, gündüzüm yalqız,
Görən harda qaldı, gəlmədi o qız.
Aqil İman sözün müsbət mənasında ənənəvi şairdir. Amma elə bu ənənə daxilində də onun şeirlərində kifayət qədər özünəməxsus obrazlara rast gəlmək mümkündür. Bu baxımdan o, həm aşıq, həm də şairdir, başqa sözlə desək, bu ikisinin qovşağında düzüb-qoşan, yazıb-yaradan el şairləri çərçivəsinə daxildir. Bütün istedadlı şairlər kimi Aqil İmanın da şeirlərinin dili öz təbiiliyi, rəvanlığı, axıcılığı, qulağa xoş gələn avazı ilə yadda qalır. Bunlar vəznə, qafiyəyə salınmış cansız söz yığını deyil, bəzən həzin lirizmə enən, bəzən də şahə qalxıb kükrəyən mütəhərrik, dinamik, canlı sistemdir. Aqil İman yaradıcılığında epik-lirik sevgi şeirlərinin də özünəməxsus fərdi anlayışları var. İstedadlı şairin yaradıcılığı ilə tanış olan oxucu mübariz, daim haqq-ədalət tərəfdə olan şair dünyası ilə tanış olur. Onun bədii təqdimatlarında şərə kəskin təpki, xeyirə dərin sevgi var. "Bu dünya görüş yeridi” kitabındakı şeirləri şairin oğlu, istedadlı şair Qılman İman müxtəlif mətbuat orqanlarından, qohumlardan, dostlardan, poeziyasevərlərin yaddaşından toplayıb. Kitabın adını da Qılman özü qoyub. Mərhum şair ədəbi aləmdə ehtiramlı yer alıb, o, el içində hər zaman yüksək rəğbətlə yad olunur.
İsmayıl