Xəyal Rza: “Yaşlı-başlı insanların küçənin ortasında cinayət törətmələri çox pis nümunədir. Amma heç bir insan bu cür işlərdən sığortalanmayıb”Kəramət Böyükçöl: “Məmur içəndə deyirlər ki, yeyib-içən oğlandı. Şair içəndə söyləyirlər ki, “alkaş”dı. Şairləri içki düşkünü və “alkaş” kimi qələmə verməklə onları gözdən salmağa çalışırlar”
Şair Hürriyət Məmmədzadənin qələm dostu Mübariz Məsimoğlu və onun yaxını Cavanşir Kazımovu bıçaqlaması cəmiyyətdə mənfi rezonans doğurub. Əlbəttə, bütün hallarda ictimai və ədəbi xadimlər, tanınmış ədiblər sözügedən qanlı olayı pisləyirlər.
Onlar cəmiyyətin önündə gedən, ictimaiyyətə örnək olan, qələmləri ilə ağıl dərsi keçən, özlərini ziyalı zümrəsinə şamil edən insanların məlum davranışlarının ictimaiyyətə yalnız neqativ təsirlər vəd edəcəyini iddia edirlər. Buna rəğmən "şair də insandır, onun da hissi var” deyərək hadisəni şairlərin şəxsi məsələsi adlandırıb, onlara haqq qazandıranlara da rast gəlinir.

Yada salaq ki, Bakıda metronun "Qara Qarayev” stansiyası yaxınlığında şair Mübariz Məsimoğlu və yaxın qohumu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan M.Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəyə dair jurnalistlərə açıqlama verən şair Məsimoğlu bildirib ki, qarın boşluğu, bud və əl nahiyəsindən yaralar alıb. Onu vuran şəxs isə şair həmkarı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Hürriyyət Məmmədzadədir: "Konkret heç bir səbəb yoxdur. Sadəcə, onu bəzi yaramaz hərəkətlərinə görə öz stoluma buraxmırdım. Bu da öz aləmində qisas almaq istəyib. Törətdiyi əməli əvvəldən planlaşdırıb. Qəfil məni vurdu, müqavimət göstərib bıçağı əlindən aldım və buraxdım, ikinci dəfə ikinci bıçaqla hücum etdi. Amma bu yaralar elə də dərin deyil. Birinci vurduğu bıçaq qarın boşluğuma işləyib, ancaq heç bir orqana zərər dəyməyib. İndi palatadayam, özümü yaxşı hiss edirəm. Şübhəsiz ki, ilk baxışdan hadisə adi bir bıçaqlanma kimi izah olunsa da, tərəflərin hər ikisinin şair, cəmiyyətin ziyalı təbəqəsinin nümayəndəsi sayılması istənilən halda maraq doğurur. Adətən ölkədəki kriminogen vəziyyət barədə dəyərləndirmə aparan zaman ekspertlər məsələnin əsas yükünü ölkənin ziyalı təbəqəsinin üzərinə atır. Yəni onların sayəsində cəmiyyətdə maarifləndirmə işləri aparılsın, insanlar aqressiyadan uzaq tutulsun. İki şair arasındakı adi bir mübahisənin bıçaqlanma ilə bitməsi isə göstərir ki, problemin həlli heç də maarifləndirmədə deyil.
Bu arada qeyd edək ki, M.Məsimoğlu və onun dostu, 1960-cı il təvəllüdlü Cavanşir Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü H.Məmmədzadə yaxalanıb.
Hadisəyə münasibət bildirən AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Şərq”ə açıqlamasında söyləyib ki, həmin şəxslərin heç biri adıçəkilən birliyin üzvü deyil: "Təbii ki, arzuolunan hadisə deyil. Yaşlı-başlı insanların küçənin ortasında cinayət törətmələri çox pis nümunədir. Amma heç bir insan bu cür işlərdən sığortalanmayıb. Çünki mərdimazarı axtarmırlar, özü gəlib ortaya çıxır”.
Gənc şair, publisist Kəramət Böyükçöl isə düşünür ki, həmkarlarını ciddi qınaq obyektinə çevirmək doğru yanaşma deyil: "Əksər adamlar elə düşünür ki, kim yazıçıdırsa, şairdirsə, bütün hərəkət və davranışlarında nümunəvi olmalıdır. Baxın, onlar da insandı, onların da emosiyası var. İnsandı, sözləri düz gəlməyib. Aralarında qalmaqal yaşanıb. Bir-birini vurublar. Düzdür, bunun ictimailəşməsi yaxşı hal deyil. Lakin "şair şairi bıçaqlayıb” deyə haray qoparmaq və onları top atəşinə tutmağın da mənası yoxdur. İçkili olublar. Şəxsən mənim özüm o qədər dalaşmışam ki. Məni o qədər döyüblər ki. Düzdü, bir dəfə də mən döymüşəm. Burada nə var ki? Çox normal bir şeydir”.
Gənc yazarın qənaətincə, şair və ya yazıçını cəmiyyətdən ayırmaq yanlış yanaşmadır: "Onları ictimaiyyətdən ayırıb, nümunə kimi baxmağın tamamilə əleyhinəyəm. Şair də insandı. Hər şey ola bilər. Fərz elə ki, kimləsə sözü çəpləşib, savaşıb. Buna niyə dramatik fon verməliyik ki? Onların hər ikisini tanıyıram. İkisi də istedadlı adamlardı. Bu gün dalaşıblar, sabah da barışıb, aralarındakı ədavəti yoluna qoyacaqlar”.
Şair və yazarların spirtli içkiyə meyillənməsinə diqqət çəkən K.Böyükçöl qeyd edib ki, içki içmək şəxsi məsələdir: "Fikir verin, biri gedib, birini sevir ailə qurur. Biri də gedib, araq içib maraqlı yazı yazır. Bunlar şəxsi məsələdir. Şəxsən mən ən yaxşı yaza bilmişəmsə, içib yazmışam. Elə adamlar var ki, içkinin fəlsəfəsini anlamırlar. İçib qarınlarını doldururlar. Heç niyə içdiklərini də bilmirlər (Şair nitqinə bir neçə saniyə ara verir. Gülüb, bax, hazırda siqaret çəkirəm - deyir). Son zamanlar mədəm ağrıdı. Həkim dedi ki, içmək olmaz. Bir müddət ara vermişəm. İçki küçədə yatmaq və ya "alkaş”lıq səviyyəsində deyil, bir növ dincəlmək məqsədilə içilməlidir. İşdən çıxırsan, içib yorğunluğu atırsan. Şair və ya yazıçılar da həssas olurlar. Cəmiyyətin bütün mənəvi problemlərini içlərində çəkirlər. Fikirləşirlər. Düşünürlər. Onlar içki ilə sadəcə ovunur. Bunu qınaq obyektinə çevirmək düzgün deyil. Şairlərə "alkaş” damğası vurub, gözdən hörmətdən salırlar. Halbuki bizim nə qədər məmurlarımız var ki, onlar özü şairlərdən qat-qat artıq içir. Sadəcə, onlar gözə görünmür. Bir məsəl var. Məmur içəndə deyirlər ki, yeyib-içən oğlandı. Şair içəndə söyləyirlər ki, "alkaş”dı. Şairləri içki düşkünü və "alkaş” kimi qələmə verməklə onları gözdən salmağa çalışırlar”.
Gənc yazar diqqətə çatdırıb ki, dünyanın əksər şair və yazıçıları həmişə içiblər: "Brotiski, Yesenin, Basternak və Nazim Hikmət və s. dünyanın böyük şairləri olublar. İndi düzdü, biz böyük şair ola bilmirik. Bu səbəbdən içməyimiz daha qabarıq görünür. İnşallah, böyük şair də olarıq. Onda içməyimiz diqqət çəkməz”.
Böyük şair olmalarını əngəlləyən səbəblərə toxunan gənc yazar iddia edir ki, ilkin səbəb ölkəmizin böyük olmamasıdır: "Bir dəfə demişdim ki, Vüqar Əhməd Azərbaycan ədəbiyyatı, Azərbaycan poeziyası üçün hansı yerdədirsə, Azərbaycan da böyüklüyünə görə, dünyada o yerdə dayanır. V.Əhmədə şair kimi necə baxırıqsa, Azərbaycana elə baxırlar. Futbolumuz, musiqimiz, siyasətçimiz hansı səviyyədədirsə, poeziyamız da o səviyyədədir. Bununla belə ədəbi cameəmizdə əsərləri dünyada tanınan Kamal Abdulla kimi bir yazıçımız var. Pismi nümunədir? Nobel sərhədlərinə qədər gedib, çıxmış yazıçıdır. Düzdü, detektiv ciddi ədəbiyyat kimi qəbul olunmur. Amma Çingiz Abdullayevi də müsbət örnək kimi göstərmək olar. Bu o demək deyil ki, qalanlar şələ-küləsini yığıb getməlidir ki, biz dünya səviyyəli yazıçı deyilik. Çingiz Hüseynov, Anar müəllimin özü nə qədər ölkələrdə tanınır”.
Gənc şair və yazıçılara yaradılan şəraitə gəlincə, müsahibimiz deyib ki, bu, lazımi səviyyədə deyil: "Məsələn, mən saytda işləyirəm. Hər gün müsahibə alıb, yazıram. Hətta deyim ki, yazmaq məcburiyyətində qalıram. Çünki yazıb, pul alıram. Dolanmam ondan çıxır. Başqa imkanım yoxdur. Bu işlər məni yaradıcılıqdan uzaqlaşdırır və artıq həvəsdən düşürəm, yazmaq istəmirəm. Ən ciddi problem budur. Yoxsa, normal cəmiyyətimiz olsa, cəmiyyətdə kitab alıb-satmaq mədəniyyəti formalaşsa, gedib oturub, romanımı yazıb, böyük tirajla çap etdirib sataram. Bu yolla həm özüm dolanaram, həm də millətə az da olsa, zehni, əqli qida vermiş olaram”.
Həmsöhbətimiz onu da əlavə edib ki, şair və yazıçıya yalnız yazdığı əsərə görə qiymət verilməlidir: "Bu, normal cəmiyyətlərdə belədir. Bizdəki kimi demirlər ki, şair içib dava salıb, filankəsi bıçaqlayıb. Adama deyərlər sənə nə dəxli var. Cinayət törədib, gedib qanunla cəzasını çəkəcək. Spirtli içki qəbul edirsə, özünə, səhhətinə ziyan vurur”.
Yazıçının fikrincə, cəmiyyətimizin ən böyük bəlalarından biri də kitabdan uzaq düşməsidir: "Ölkədə kitaba tələbat yoxdur. Prosesi bu cür formalaşdırıblar. Çünki insanlar kitab oxusalar, düşünməyə başlayacaqlar. Düşünməyə başlasalar, çox işlərə müdaxilə edəcəklər. Bu səbəbdən düşünülmüş şəkildə kitabsız cəmiyyət formalaşdırılır. Bu da kimlərəsə sərf edir”.
Ayyət Əhməd