Sami Yusufu dünya tanıyır, bəs Nadir kimdir?

Bizim şou əhli düşük gəlib, düşük də gedəcək



ATV kanalında yayımlanan "Gün üzü” verilişində Nadir Qafarzadə gün üzünə çıxarılmayacaq ifadələr işlədib. Həm də, dünyaca məşhur, Azərbaycan xalqının sevimlisi bir müğənni - Sami Yusuf barədə. Dünən xəbər saytlarının manşetini məhz bu xəbər "bəzədi”. Təəssüf!.. Demək ki, aparıcı İlqar Mikayıloğlu bir neçə gündür paytaxtımızda qonaq olan və solo-konsertə hazırlaşan Sami Yusufdan danışır, Nadir Qafarzadə isə "o kimdir, mən tanımıram” deyir.

Nadirin sözləri əvvəlcə şıltaqlıq kimi qəbul edilir və əslində, heç bir gərək olmadığı halda qaydalara zidd gedilməyərək Sami Yusufun ən populyar mahnısı - "Mənə Allah yetər” ("Həsbi Rəbbi...”) səsləndirilir. Nadir yenə ipə-sapa yatmır; "Niyaməddin Musayevin "Axtarma məni” mahnısıdır” deyir. Sanki bunu heç kim bilmirdi də, Nadir "kəşf etdi”. Aparıcının Sami Yusufdan yana olması və üstəlik də, Nadirə "paxıllıq edirsiz” deməsi sonuncunu lap "kükrədir”. Və artıq səviyyə, mədəniyyət göstəricisi gün üzünə çıxır. Nadir Qafarzadə hər cür etik normanı çeynəyərək "o haranın zibilidir” sözlərini işlədir. Nəticə etibarilə studiyadan qovulur. Amma müğənninin "disk daşıyan”ı sonradan açıqlama verir ki, Nadir qovulmayıb, reklam arasında özü studiyanı tərk edib. Əlbəttə, "qovuldu”, deməyəcəkdi. Amma əgər qovulmayıbsa da, qovulmağı haqq edirdi. Çünki canlı yayımda ifadələrini nəzarət altında tuta bilməyən birisinin qovulması və verilişlərə çağırılmasına yasaq qoyulması tam normal və gözləniləndir. Olacağı budur zatən.

Bəs Nadir Qafarzadə Sami Yusufa qarşı nədən belə aqressiya nümayiş etdirdi? Bunu təxmin etmək heç də çətin deyil. İngiltərədə yaşayan Azərbaycan əsilli Sami Yusuf dünyada tanınır. Mahnıları dillər əzbəridir. Klipləri dünya telekanallarından düşmür. "Mənə Allah yetər” mahnısı 10 ildir xit-mahnı olaraq qalır. Bu mahnının yer aldığı albomu milyon yarım tirajla satılıb. 2010-cu ildə çıxardığı yeni "Wherever You Are” albomu 7 milyon tirajla buraxılıb. Bütün müsəlman dünyası onun mahnılarını əzbər bilir. İstanbulda 250 min nəfərlik konsert verib. O oxuyanda ürəyə su səpir sanki. Davranışı, etikası da qibtə olunasıdı. Alicənablığı hər halından bəlli bir adamdı. Azərbaycanda da hədsiz sevilir. Azərbaycan xalq mahnılarını şirin ləhcə ilə oxuması onu azərbaycanlılara sevdirib. Gözəl, ürəyəyatım səsə malik müğənninin eyni zamanda təvazökar olması da bəllidir. Bu günlərdə Bakıya gələn müğənni özünə qarşı hədsiz diqqətdən utanacaq dərəcədə "mənə bir yorğan, bir döşək bəsdir. Qaldığım otaq çox böyükdür. Təşkilatçılar mənə gözlədiyimdən artıq diqqət göstərirlər” deyərək sadə bir insan olduğunu göstərib. Heydər Əliyev adına Sarayda verəcəyi konserti də "Sarı gəlin” adlandırıb. Məlumdur ki, müğənni "Sarı gəlin”i özünəməxsus şəkildə ifa edib. Həm də, Azərbaycan türkcəsi ilə yanaşı, bir neçə xarici dildə. Sami Yusufu dünya tanıyır və onun ifasında səslənən mahnılar da Azərbaycanın simasıdır. Nadir Qafarzadəni Bakıdan savayı harda tanıyırlar? Görəsən, bu suala onun özü necə cavab verər? Tutalım, Moskvada, olsun Sankt-Peterburq və bəlkə Rusiyanın hansısa digər şəhərləri. Hələ olsa!.. Azərbaycanda da Nadir Qafarzadə son illər "Maral” mahnısıyla gündəmə gəlib. "Maral”ın da axırı yaxşı olmadı. Maralı insan alverinə görə tutub basdılar içəri... Daha toylarda bu mahnını "zakaz” verməyə çoxu ürək eləmir. Fikirləşirlər, birdən Marala mənəvi dəstək kimi qəbul olunar. Nadirin "Maral”ı toyxana və şadlıq saraylarında, bir də düşük televerilişlərdə səslənir. Sami Yusufun mahnıları isə dünyanı dolaşır. Təkcə "Sarı gəlin”in bir neçə xarici dildə səslənməsi və mahnının Azərbaycana aidliyinin ifa tərzində əks olunması müğənniyə təşəkkür üçün yetərlidir. Çünki bu mahnıya müraciət edənlər çox olub. Akif İslamzadədən başqa heç bir müğənni onu Azərbaycan boğazıyla oxumayıb. Elələri var "Sarı gəlin”i erməni mahnısı kimi oxuyur. Sami Yusuf isə bizim bəzi ifaçıların "erməniləşdirdiyi” bu mahnıya yeni nəfəs verdi. Nadir Qafarzadəni özündən çıxaran sadaladığımız bu səbəblər olmasın?! Amma burda özünüreklam məqsədi də ola bilər. Zatən bizim müğənnilər bir az unudulduqlarını hiss edən kimi nəyləsə gündəmə gəlməkdə mahirdirlər. Nadir Qafarzadə də "tanımadığı” Sami Yusuf sayəsində bir neçə gün gündəmdə qalacaq. Belədirsə, yaxşı düşünülüb... Başqa səbəblər də ola bilər. Məsələn, bəlkə Nadir xarici ölkədən gələn bir müğənniyə bu qədər ilgi və sevgi olmasından narahatlıq keçirir. Mümkündür. Oxşar ittihamlarla biz də dəfələrlə çıxış etmişik. Və bunu da deyək ki, yad ölkədən gələn ifaçılara münasibət çox zaman qısqanc olur. Örnək - Elnur Hüseynov. "O səs Türkiyə”ni ifasıyla titrədən Elnura bəzi Türkiyə televiziyalarında birmənalı münasibət olmadığı, sosial şəbəkələrdə haqqında xoşagəlməz ifadələr işlədilməsi məlumdur. Amma Elnuru Türkiyənin məşhur musiqiçiləri alqışlayırdı və "səsin şahanə” deyirdilər. Türkiyə və ya Rusiyada o qədər də tanınmayan ifaçılara Bakıda "ass solist” kimi yanaşılmasından, konsert biletlərinin hədsiz bahalığından və bir də bizim bəzi yelbeyinlərin onların ayaqları altında sürünməsindən biz də dəfələrlə yazmışıq. İrad bildirmişik. Fəqət, bu deyilənlərin heç biri Sami Yusufa aid edilə bilməz. O tamam fərqli bir ifaçıdır. Həm səsi, həm mahnıları, həm də davranışları və yaşam tərzi ilə. Və üstəlik də azərbaycanlıdır. Xarici ölkədə - Avropada Azərbaycanı və Azərbaycan musiqisini tanıdan və sevdirən bir ifaçıdır. Həm də şəhərimizdə qonaqdır. Qonağa etikadan kənar sözlər demək, ev sahibinin mədəniyyətsizliyini göstərir. Nadirdən fərqli olaraq Sami Yusuf bəlkə Nadir Qafarzadəni həqiqətən də tanımır, barəsində dediyi sözlər ona çatıbsa da belə, bəlkə əhəmiyyət verməyəcək, çünki o səviyyənin yiyəsi deyil. Lakin "milçək bir şey deyil, amma ürək bulandırır”. Nadirin məsələsi budur. Bəlkə də 15 ilə yaxındır, dillər əzbəri olan mahnıların ifaçısı barədə başqa bir müğənninin "mən onu tanımıram” söyləməsi, təkcə mədəniyyətsizlik yox, həm də aşkar qısqanclıqdır. Nadir Qafarzadə bir az dürüst olub "mən onu tanımıram” əvəzinə, "tanımaq istəmirəm” və ya "ifasını bəyənmirəm, xoşum gəlmir” desəydi, anlayışla qarşılanardı. Hamı hər kəsi sevmək məcburiyyətində deyil, sonucda. Fikir verirsinizsə, "mən belə adam tanımıram” ifadələrini müğənnilərimiz son zamanlar tez-tez işlədir. Kimin kimdən xoşu gəlmirsə və ya həmin adamla arasında qalmaqal yaşanıbsa, "mən belə adam tanımıram” deyir. Bu da mədəniyyətsizliyin bir göstəricisidir. Normal adamlar, səviyyəli, mədəni insanlar bu cür ifadələr işlətməz. "Sevmirəm, bəyənmirəm. Onun barəsində danışmaq istəmirəm” deyib mövzunu qapadar. Amma nərədə bizimkilərdə belə etika? Bizim şou-biznes əhli düşük gəlib, düşük də gedəcək. Etika, mədəniyyət, yüksək tərz pulla alınası dəyərlər deyil. Bizim müğənnilər, cavanından başlamış, qocasına qədər, kişili-qadınlı plastik əməliyyat etdirməyi, qaşını yondurmağı, dodağını böyütməyi, saç əkdirməyi, botoksu, üz dartdırmağı, qısası - özlərini insan sifətindən çıxarmağı yaxşı bacarır. Mədəniyyət, alicənablıq, etika bunlara yaddır. Ona görə də heç bir ölkədə qalıcı olmağı bacarmırlar. İlk vaxtlar özlərini müsbət yöndən təqdim edir, az keçmiş səviyyələri üzə çıxanda çemodanlarını yığışdırıb geri qayıdırlar. Bir qismi isə uğursuzluğunu əvvəlcədən gözə alıb, heç yerə tərpənmir. "Toy-toy” deyib, pul qazanmağa, qazandıqlarını da telekanallara ödəyib verilişlərə çıxmağa sərf edir. İşinizdə olun!.. İmkan verin, qulağımız gözəl ifalar eşitsin. Sami Yusuf ifası kimi.

Məlahət Rzayeva