Sanksiyalar 10 il çəkəcək

Günah Kremldədir, ölkə uçuruma yuvarlanır
"Nə qədər ki, Krım işğal altındadı, sanksiyalara son verilməyəcək"



ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların 1 il müddətinə uzadılması haqqında fərman imzalayıb. Ağ Evin bəyanatında bildirilib ki, ABŞ hökumətinin qəbul etdiyi sanksiyalar Ukraynanın cənub-şərq vilayətləri ilə bağlıdır. Tramp belə bir nəticəyə gəlib ki, Ukrayna böhranında müsbət irəliləyiş olmadığına görə, bu ilin mart ayında bitən sanksiyalar gələn ilə qədər uzadılmalıdır. Xatırladaq ki, ABŞ, Avropa İttifaqı və bir sıra başqa dövlətlər 2014-cü ildən, yəni Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra Rusiyaya qarşı məhdudlaşdırıcı ölçülər qəbul ediblər. Rəsmi Moskva isə buna cavab olaraq anti-Rusiya siyasətini dəstəkləyən ölkələrin əksəriyyətindən ərzaq idxalına qadağa qoyub. Rusiya illərdir davam edən iqtisadi sanksiyalara tab gətirir. Lakin amerikalı ekspertlər iddia edirlər ki, bundan sonrakı sanksiya paketləri Moskvanı diz çökdürəcək və Rusiya ilə ticarət əlaqəsində olan qonşu ölkələrə də mənfi təsir göstərəcək.

Prosesi "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya Ukrayna ərazisi olan Krımı ilhaq etməklə ABŞ və Avropa ölkələrinin sanksiyalarına məruz qalıb. Ekspert bildirib ki, Rusiyada bəzi siyasətçilər düşünürdülər ki, Amerikadakı prezident seçkisinə müdaxilə etməklə prosesi dəyişdirə bilərlər: 

"Ancaq ruslar istəklərinə nail ola bilmədilər. Əksinə, tərəflər arasında münasibətlər daha da gərginləşdi, sanksiyalar kəskinləşdi. Rusiya rəhbərliyi sanksiyalardan çıxış yolu axtarmaq əvəzinə, yeni nüvə sazişlərinin sürətlənməsindən danışır. Putin açıqlamasında açıq şəkildə raketlərin sınaqdan keçirildiyini söyləyir. Moskvanın bu cür addımları münasibətlərin düzəlməsinə yaxşı heç nə vəd etmir”.

Politoloq bildirib ki, sanksiyalar onilliklər ərzində qüvvədə qalacaq:

 "Nə qədər ki, Krım işğal altındadı, sanksiyalara son verilməyəcək. Rusiyanın isə işğaldan vaz keçmək, Krımı geri qaytarmaq niyyəti yoxdur. Sanki Rusiyanı SSRİ-nin taleyi gözləyir. Əvvəllər inkar etsələr də, artıq özləri də etiraf edirlər ki, sanksiyalar Rusiyanı əməlli-başlı silkələyib. Həyat şəraiti pisləşir, inflyasiya çoxalır, xarici ölkələrlə ticarət dövriyyəsi azalır. Şübhəsiz ki, Rusiyanın iqtisadi cəhətdən zəifləməsi onunla əməkdaşlıq edən qonşu dövlətlərə də təsirsiz ötüşməyəcək. Hər halda seçim Rusiyanın olduğuna görə, günah da Kremlindir. Əgər proses belə davam edərsə, ölkə siyasi və iqtisadi baxımdan uçuruma yuvarlanacaq”.

İsmayıl