Sanksiyalar gündəmdədir

Kürd Muxtariyyatının vəziyyəti yaxşı olmayacaq



Şimali İraq Kürd Muxtariyyatının lideri M.Bərzani video-müraciətlə İraq hökumətinə səslənib. O bildirib ki, Bağdad hökuməti kürdləri təhdid etməkdən əl çəkməlidir. Bərzaninin sözlərinə görə, kürdlər üçün yeni tarix başlanıb: "Müstəqilliyimizi qəbul etdik, iradəmiz qırılmadı.

İraq hökuməti qanunlara əməl edib, insanların azadlıqlarını qorumadı. Lakin biz onlara öz hüquqlarımızı qoruya bildiyimizi sübut etdik”. Kürd lider əlavə edib ki, hər şeyə rəğmən hökumətlə danışıqlara getməyə hazırdır: "Danışıqlar zamanı problem yaşamaq istəmirik. İraqın baş naziri Heydər əl-Abadini "qapılar”ı dialoq üçün bağlamamağa çağırıram. Qonşu ölkələrə səslənirəm, bölgədə yaranmış problemlər həll olunmalıdır. Xalqımız kimyəvi silahlarla vurulan zaman Türkiyə və İranın dostluğunu gördük. Biz dostluğa açıq millətik, İŞİD və digər terrorçu qruplar düşməndilər”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Ankara İraqın ərazi bütövlüyünü dəstəkləyir və onun qorunmasında hərbi yardımını əsirgəmir: "Rəsmi Bağdad ərazi bütövlüklərinin qorunması üçün bizə müraciət edərsə, onlara hərbi yardım göstərəcəyik. Biz bu zaman beynəlxalq hüquqlar əsasında İraq ərazisinə öz ordumuzu yeridə bilərik”. 

Regionda cərəyan edən gərgin prosesləri "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Bərzani referendum ərəfəsində Bağdada danışıqlarla bağlı təklif etmişdi. Lakin İraq hökuməti bundan imtina etdi, çünki mərkəzi hökumət hesab edirdi ki, müstəqillik məsələsi heç vaxt müzakirə mövzusu ola bilməz: 

"Vəziyyət çox gərgindir və getdikcə daha da kəskinləşir. Bölgədə Türkiyənin maraqlarının olması təbiidir, uzun illərdir ki, rəsmi Ankara kürd terrorçularına qarşı mübarizə aparır. Bəzi məsələlərdə İranın da mövqeyi Türkiyə ilə üst-üstə düşür. Aparıcı dövlətlər müxtəlif bəyanatlar verir, muxtariyyatı "müstəqil” dövlət kimi tanımadıqlarını bəyan edirlər. Lakin müəyyən dairələr bunda maraqlı ola bilərlər. Çünki həmin ərazi neft-qazla zəngindir. Aparıcı dövlətlərin tabeliyində olan biznes koorporasiyaları regiondan neftin birbaşa nəqlində maraqlı ola bilərlər. Düşünərlər ki, muxtariyyatın "müstəqil” olması neftin çıxarılması üçün yeni imkanlar yaradar. İstənilən halda referendum separatçılıqdır. Təəssüflər olsun ki, İraqın mərkəzi hökuməti və qonşu dövlətlər bu təxribatın qarşısını ala bilmədilər”.

Professor bildirib ki, bundan sonra kürd muxtariyyatının vəziyyəti heç də yaxşı olmayacaq: 
"Sanksiyaların tətbiq olunması gündəmdədir. Eyni zamanda bölgədən nəql olunan neft-qaz kəmərləri Türkiyə ərazisindən keçir. Əgər Türkiyə embarqo qoyarsa, Bərzani çox çətin duruma düşəcək. Fikrimcə, baş verənlər ilk növbədə kürdləri, daha sonra isə İraq hökumətini zəiflədəcək. Həm də Yaxın Şərqdə stabilliyi pozan əlavə amil olacaq”.

İsmayıl