Sarkisyan düşünmədən 50 ermənini qurban verə bilər

Hava məkanını pozmağa cəhd edən təyyarələrə iki-üç dəfə atəş açılarsa, mülki insanlar buna cəsarət etməzlər və proses yarımçıq qalar
Ermənistan açıq şəkildə bizi provokasiyaya çəkir

"Xocalı hava limanından guya turizm səyahətləri adı altında uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN rəsmisi bildirib ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir:

"Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit olunub. Lakin məlum səbəbdən Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil”.

XİN sözçüsünün fikrincə, Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır: "Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirilməyə və tədbirlər görülməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhvi, demoqrafiq vəziyyətin dəyişdirilməsi yolverilməzdir”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc "Şərq”ə açıqlamasında deyib ki, Xocalı aeroportu ilə bağlı düşmən mətbuatında gündəmə gətirilən məsələ Ermənistanın düşünülmüş, planlı şəkildə həyata keçirdiyi siyasətdir. Deputatın sözlərinə görə, ermənilər özbaşına, ya da ekstremal hadisələri sevən macərapərəstlərə görə belə addım atmır: 

"Bir müddət əvvəl Ermənistan Xocalı aeroportunu işə salmağa cəhd edərkən Azərbaycan tərəfi müvafiq qanunvericilik aktlarını sərtləşdirdi. Eyni zamanda Çikaqo Konvensiyasının müddəalarına əsasən öz hava məkanının toxunulmazlığını təmin edəcəyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bundan sonra ermənilər fəaliyyətlərinə son qoydular. Çünki düşmən tərəf qəti əmin oldu ki, onların qanunsuz havalanan təyyarələri dərhal məhv ediləcək. Ona görə də bölgədə zəruri hava nəqliyyatlarını sadəcə helekopterlərlə həyata keçirməyə başladılar. Serj Sarkisyan da başqa nəqliyyat vasitəsindən istifadə etməyə cürət etmədi”. 

Millət vəkilinin fikrincə, düşmən mütəmadi təxribatlar törətməklə Azərbaycanı provokasiyaya cəlb etmək istəyir: 

"Ermənilər müharibəni səngər səviyyəsindən hava müstəvisinə çıxartmağa cəhd edirlər. Hər kəs anlayır ki, 1990-cı illərin ortalarında torpaq üzərində formalaşmış təmas xətti bir nöqtədə qərarlaşıb. Lakin havada hansısa təmas xətti qurmaq mümkünsüzdür. Azərbaycan tərəfi məsələyə çox ciddi reaksiya verməkdə tam haqlıdır, çünki həmin hava xətti ilə bölgəyə külli miqdarda silah-sursat daşına bilər. Bu isə müharibənin tamamilə ayrı fazaya keçməsinə səbəb olar. XİN-in beynəlxalq təşkilatlara müraciəti ciddi olsa da, bununla yanaşı xüsusi addımlarımızı da atmalıyıq. Hava məkanını pozmağa cəhd edən təyyarələrə iki-üç dəfə atəş açılarsa, mülki insanlar buna cəsarət etməzlər və proses yarımçıq qalar. Əlbəttə, burada söhbət sadəcə mülki insanların məhv edilməsindən getmir. Çünki Sarkisyan öz məqsədinə çatmaq üçün düşünmədən 50 ermənini qurban verər, onların həyatına məhəl qoymaz. Hesab edirəm ki, xəbərdaredici atışlara üstünlük verilməklə bu cür təxribatların qarşısı dərhal alınmalıdır”.

İsmayıl