Sarkisyan telefonla Səfər Əbiyevlə danışıb

İndi Ermənistan prezidentinin “qaynar xətt” təklifinin arxasında mənfur niyyətlər durur
Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün
Bakı ilə İrəvan arasında "qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib. Sarkisyanın
sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində belə praktika olub:
"O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq
lazım olduqda, telefonla danışırdıq. Amma bu gün belə bir əlaqə yoxdur”. Erməni rəhbərin
qeyri-səmimi təklifi Azərbaycan ictimaiyyətində sərt reaksiya doğurub. Məsələyə münasibət
bildirənlər Sarkisyanın növbəti dəfə təxribat yaratmaq arzusunda olduğunu deyiblər.
Təkliflə bağlı "Şərq”ə danışan millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, Sarkisyanın bütün
fəaliyyəti, varlığı və düşüncələri öz hakimiyyətini hansısa formada xilas etməyə yönəlib: 
"Onun istənilən təşəbbüsü iki istiqamətdə olur. Ya daxili ictimaiyyətin başını qatmağa çalışır, ya da
beynəlxalq aləmi aldatmaq istəyir. İndiki təklif birbaşa dünya ictimaiyyətinə hesablanıb.
Sarkisyanın dediklərində heç bir səmimiyyət yoxdur. Olduqca avantürist və hiyləgər hərəkətdir.
Niyə sadəcə atəşkəsin pozulmasından danışırsan?! Əgər elə xoşniyyət adamsansa, götür
qoşunlarını, rədd ol torpaqlarımızdan, onda problem birdəfəlik həll olunar. Sən işğalçısan və zəbt
etdiyin əraziləri əlində saxlamağa çalışırsan. Əminliklə deyirəm, qan-qada üzərində qurulan,
xalqın iradəsinə zidd siyasət yeridən Sarkisyan rejiminin məqsədi cəbhə bölgəsindəki
təxribatlara bəraət qazandırmaqdır. Əgər qaynar xətt yaranarsa, düşmən yalandan iddia edəcək
ki, "atəşkəs Azərbaycan əsgərləri tərəfindən pozulur, amma guya ermənilər bunu sübut edə
bilmir”. 
F.İbrahimli deyib ki, erməni hakimiyyəti Azərbaycan tərəfini şərləmək məqsədi ilə belə
absurd təkliflər irəli sürür: 
"Guya Sarkisyan özündən arxayın olduğu üçün bu cür təşəbbüs göstərir. Yəni iddia etməyə çalışır ki, "baxın, biz bu addımı atmağa hazırıq, amma rəsmi Bakı təklifdən qaçır”. Amma Azərbaycan tərəfi məsələyə qətiyyən müsbət təşəbbüs kimi baxmamalıdır. Sarkisyanın təklifinin arxasında mənfur niyyətlər durur. Fikir verərsiz, biz imtina edəndən sonra erməni tərəfi hay-küy salacaq ki, "görürsüz, Bakı təklifə yaxın durmadı”.
Hərbi ekspert Üzeyir Cəfərov da bunu boş və mənasız təklif adlandırıb. Ekspert bəyan edib ki,
ermənilər əvvəllər də buna bənzər təşəbbüs göstərib: 
"Təklifin məqsədi vaxtı uzatmaqdır. İnanmıram ki, Azərbaycan tərəfi buna razılıq versin. 1990-cı illərdə Sarkisyan müdafiə naziri olanda eks-nazir Səfər Əbiyevlə müəyyən telefon danışıqları aparıb. Çünki o vaxt insanlarda  ATƏT-in Minsk Qrupunun düşməni yola gətirəcəyinə ümid var idi. Amma 20 ildən artıq zaman keçib və ermənilər öz həyasızlıqlarını havadarları vasitəsi ilə davam etdirirlər. Belə olan təqdirdə nəyə görə, Azərbaycan erməni tərəfinin zənginə cavab verməlidir?! Düşmənin utanmadan bizə şərt qoyması çox gülüncdür. Sarkisyan deyir ki, əgər Azərbaycan əsgəri erməniyə atəş açarsa,
dərhal Bakıya zəng edəcək və şikayətini bildirəcək. Arsızlığa baxın”. Ü.Cəfərova görə, Minsk
Qrupunun boşboğaz həmsədrləri də elə Sarkisyan ağıldadır: "Xatırlayırsızsa, vasitəçilər təklif
irəli sürürdülər ki, insidentlərin araşdırılması ilə bağlı komissiya yaradılmalıdır. Sarkisyanın
təklifi də buna bənzər şeydir. Düşmənin məqsədi bütün imkanlardan maksimum yararlanmaqdır.
Sarkisyanın sayıqlamasına, ağılsız təklifinə reaksiya vermək lazım deyil. Cavabsız qoymaq daha
yaxşıdı”.
İsmayıl