Saxta məhkəmə hökmü yenə qüvvədə saxladı

Aydın Mirzəzadə: “Hesab edirəm ki, soydaşlarımızın azadlığa çıxacaqları gün heç də uzaqda deyil”


"Bu tamaşa separatçı rejimə çox baha başa gələcək. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və vətəndaşlarımıza qarşı qeyri-insani münasibətə görə, öz ağır cəzasını alacaq”

Qondarma Dağlıq Qarabağ Respublikasının "apellyasiya məhkəməsi” Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb. Bu barədə Ermənistanın mətbuatı məlumat yayıb.

Məlumat üçün bildirək ki, ötən ilin iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.

"Məhkəmə”nin yekun qərarını şərh edən millət vəkili Aydın Mirzəzadə "Şərq”ə bildirib ki, bəzi rəsmi orqanların verdiyi məlumata görə, məsələ Azərbaycan dövlətinin diqqətindədir. Deputatın sözlərinə görə, işlə bütün istiqamətlərdə çox ciddi məşğul olunur: "Onların tezliklə azadlığa çıxması üçün böyük işlər aparılır. Təsadüfi deyil ki, ABŞ və Rusiyanın xarici siyasət rəhbərləri məlum hadisəyə dair Ermənistanla ciddi iş apardıqlarını söyləyirlər. Hesab edirəm ki, soydaşlarımızın azadlığa çıxacaqları gün heç də uzaqda deyil”.

Adıçəkilən məhkəmənin şou olduğunu deyən parlamentarinin qənaətincə, düşmən ölkənin saxta məhkəməsinin heç bir hüquqi əsası yoxdur: "Həmyerlilərimizin hansısa bir şikayət ərizəsi verməsinə ehtiyac duyulmur. Çünki məqsəd şou düzəltmək və Azərbaycan sakinləri üzərində tamaşa sərgiləməkdən ibarət idi. Ancaq bu tamaşa separatçı ölkəyə çox baha başa gələcək. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və vətəndaşlarımıza qarşı qeyri-insani münasibətə görə, öz ağır cəzasını alacaq. Əlbəttə ki, vətəndaşlarımızın bir siyasi oyunda istifadə edilməsi, onlara böyük işgəncə verilməsi, qeyri-qanuni azadlıqdan məhrum edilməsi yolverilməzdir. Bunun tezliklə ortadan qaldırılması məqsədilə müvafiq səylər göstərilir”.

Ayyət Əhməd