“Seçkiyə tam hazır olduğumuzu söyləmək olmaz”
Qulamhüseyn Əlibəyli: “Azadlıq-2015” yeni yaradılsa da, blokda yaradılan qərargah artıq seçkiqabağı tədbirlər planını hazırlamaq üzrədir”
"Şərq”in budəfəki müsahibi "Azadlıq-2015” seçki blokunda təmsil olunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylidir. Həm partiyanın, həm də ümumilikdə blokun qarşıdan gələn parlament seçkilərinə hazırlığı ilə bağlı suallarımızı cavablandıran qurum rəhbəri bir sıra məsələlərin həll edilməmiş qaldığını desə də, ümumi prosesin qənaətbəxş olduğunu bildirib.
- Qulamhüseyn bəy, təmsil olunduğunuz "Azadlıq-2015” bloku parlament seçkilərinə necə hazırlaşır? Qurumun fəaliyyəti sizi qane edirmi?
- "Azadlıq-2015” yeni yaradılsa da, blokda yaradılan qərargah artıq seçkiqabağı tədbirlər planını hazırlamaq üzrədir. Düzdür, hələlik planlaşma tam başa çatmayıb, amma növbəti həftələrdə yarımçıq qalan məsələləri həll edəcəyik. Planlaşma bitəndən sonra istiqamət üzrə işimizi davam etdirəcəyik. Eyni zamanda blok daxilində siyasi dairələrin ilkin olaraq razılaşdırılmasına və parlament seçkilərindəki platformanın hazırlığına da başlanılıb. Blokun seçki islahatları ilə bağlı da müəyyən təkliflər paketi hazırlanıb. Hesab edirəm, indiki şəraitdə hazırlığımızı qənaətbəxş hesab etmək olar. Düzdür, seçkiyə tam hazır olduğumuzu da söyləmək olmaz. Amma bütövlükdə işimizi məqbul hesab edirəm.
- Təkbaşına parlament seçkisinə qatılmaq qərarı verən partiya rəhbərləri bloklarda təmsil olunmağı əhəmiyyətsiz sayırlar. Sizcə, indiki şəraitdə seçkilərə blokla qatılmaq daha məqsədəuyğundur, yoxsa müstəqil şəkildə?
- Şəxsən mən təkbaşına seçkilərə qatılmağı məqbul variant saymıram. Partiya rəhbəri olaraq hesab edirəm ki, hazırkı şəraitdə seçkilərə blokla getmək daha effektlidir. Çünki bloklar müxtəlif partiyaların qüvvəsini bir yerə cəmləyir. Nəzərə almaq lazımdır ki, indi əksər partiyalar bütün Azərbaycanı əhatə eləmir. O cümlədən bizim partiyamız da. Elə dairələr var ki, həmin bölgələr üzrə bizim təşkilati strukturlarımız yoxdur. Bu baxımdan bir neçə partiyanın güclərini və resurslarını birləşdirməsini, namizədlərin lehinə birgə mübarizə aparmasını zəruri addım sayıram.
- İddialara görə, blokda ciddi və aktiv fəaliyyət göstərən yeganə partiya KXCP-dir. Digər partiyalar isə güclü potensiala malik olmadıqlarına görə prosesdə aktiv iştirak edə bilmirlər. 8 partiya arasında ciddi resurs fərqi varmı?
- Ola bilər, yerli strukturların və üzvlərin sayı baxımından müəyyən fərqlər olsun. Amma bütövlükdə seçkiyə hazırlıq potensialına görə 8 partiya arasında ciddi fərq yoxdur.
- Seçkiyə hazırlıqla bağlı da müxtəlif fikirlər var. Bəzi partiyalar seçki bitən kimi dərhal növbəti seçkiyə hazırlaşsalar da, digərləri marafona iki ay qalmış hərəkətə keçirlər. Bu barədə fikriniz necədir?
- Seçki bitən kimi növbəti seçkiyə hazırlaşmaq politologiyanın təməl müddəalarından biridir. Fikrimcə, bu üsul daha düzgün variantdır. Amma mövcud reallığı nəzərə almaq lazımdır. Azərbaycan ənənəsində seçkiyə hazırlıq prosesinə son mərhələdə start verilir. Ən azından hazırlığa seçki ilinin əvvəlindən başlamaq lazımdır ki, həm partiyalar arasında uzlaşmaya nail olunsun, həm də digər siyasi və ictimai prosesləri izləməyə vaxt qalsın.
- Bütün partiyaların bir blokda toplanması mümkün deyil. Bəs ayrı-ayrı siyasi blokların seçkidə birgə əməkdaşlığı nə dərəcədə mümkündür?
- Əlbəttə, mümkün variantdır. Əgər bloklaşma prosesi başlayarsa, əməkdaşlığa nail olmağa çalışmaq lazımdır. Elə etməliyik ki, bloklar namizədlərini eyni dairələr üzrə irəli sürərək toqquşma yaratmasınlar. Fərqli dairələr üzrə namizədləri müəyyən edərək bir-birinə dəstək olsunlar. Bu şəkildə razılığa gəlmək prinsip etibarı ilə müsbət nəticə verə bilər. Düzdür, bütün dairələr üzrə uzlaşma mümkün deyil. Çünki hər bir blok çalışacaq ki, dairələrdə öz namizədi olsun. Ancaq ayrı-ayrı dairələrdə razılığa gəlmək mümkündür. Digər tərəfdən seçki monitorinqinin aparılması, müşahidənin təşkil edilməsi istiqamətində də ümumi əməkdaşlıq etmək olar.
- Növbəti iqtidar-müxalifət görüşlərində seçki prosesi ilə bağlı məsələlər də müzakirə olunacaq. Sizcə, dialoqlardan sonra seçki mənzərəsində hansı dəyişikliklər müşahidə olunacaq?
- Ötən iki görüşdə müəyyən məsələlər müzakirə olunsa da, təkliflər verilsə də, dialoqlar daha çox tanışlıq xarakteri daşıyırdı. Ona görə də konkret hansısa məsələlərdə razılıq əldə olunmadı. Çünki razılığın əldə olunmasının mexanizmi nəzərdə tutulmamışdı. Növbəti görüşlər böyük ehtimalla daha çox seçki məsələlərinə həsr olunacaq. Təbii ki, başqa problemlərimizi də gündəmə gətirəcəyik. Əgər qarşıdakı görüşlərdə tərəflər arasında ümumi razılıq əldə olunarsa, təbii ki, gələcəkdə fərqli siyasi mənzərəni müşahidə edəcəyik.
İsmayıl