Şəhid ailələri və Qarabağ əlilləri 11 min manatlarını istəyir

“Milli Məclis deyir ki, biz qanun qəbul edib işimizi görmüşük”


Qarabağ müharibəsində şəhid olanların ailələri onlara çatacaq sığorta pulunu ala bilmirlər. Bəziləri "qan pulu” deyilən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla onlara çatacaq pulu məhkəmə yolu ilə əldə etsələr də, bu puldan məhrum şəhid ailələrinin etirazları davam edir.

Uzun müddətdir mediada və Milli Məclisdə müzakirə olunmasına rəğmən problem hələ də öz həllini tapmayıb. Qeyd edək ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər.

Şəhid ailələrinə çatacaq "qan pulu”nun gecikmə səbəblərinə gəldikdə isə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Vahid Əhmədov bildirib ki, bu, artıq parlamentə aid olan bir məsələ deyil: "Bütün sənədlər tərtib olunub və Nazirlər Kabinetinə göndərilib. Hökumət bu sənədlərə baxıb, qərar verməlidir. Burada bizlik heç nə yoxdur. Milli Məclisin bütün iclaslarında bu məsələ müzakirə olunub. Deputatların əksəriyyəti onlara verilən bir neçə dəqiqəlik vaxtın bir qismini də bu məsələyə ayırır. Hazırda isə məsələ Nazirlər Kabinetinə tapşırılıb. Məclisin hər iclasında bu problemə toxunulur. Sonuncu iclasda isə Milli Məclisin sədri Oqtay Əsədov açıqlama verdi ki, hökumət məsələyə baxıb, həllini deyəcək”.

"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov isə deyib ki, 2014-cü ilin yanvarından üzü bəri bu məsələ uzana-uzana gedir: "Qan pulu”nu almaq üçün şəhid ailələri və əlillər bütün məhkəmə instansiyalarını keçib Konstitusiya Məhkəməsinə qədər gedib, hətta işi də udublar. Məhkəmənin çıxardığı qərara əsasən həmin vəsait şəhid ailələrinə ödənilməlidir. Xırdaca bir tövsiyə ilə həmin qərar Milli Məclisə də göndərilib. Sadəcə olaraq, bu vəsaiti ödənilməyə borclu olan "Azərsığorta” Dövlət Şirkəti ödənişi həyata keçirmir. Deyir, gərək Milli Məclis meyarları müəyyənləşdirsin. Milli Məclis də deyir ki, nə meyar? Biz qanun qəbul eləmişik işimizi görmüşük, indi "Azərsığorta” Dövlət Şirkəti zəhmət çəkib şəhid ailələrinin pulunu ödəsin. Şəhid ailələri, Qarabağ əlilləri də qalıb qapılarda. Milli Məclis ölkənin müqəddəratını həll etməli olan bir qurumdur. Onlar bu məsələni müzakirə edib həmin vəsaitin Maliyyə Nazirliyi tərəfindən "Azərsığorta” Şirkətinə ödənilməsini və bu qəbildən olan insanlara verilməsini təmin edə bilərlər, amma etmirlər. Konstitusiya Məhkəməsi isə ikibaşlı qərar çıxarıb. Şəhid var ki, hələ öz "qan pulu”nu ala bilməyib, üstəlik, onun övladı da gedib şəhid olub... Buna nə ad vermək olar?”

Qarabağ qazisinin sözlərinə görə, onlara çatacaq 11 min manatı tələb edən şəhid ailələri Milli Məclisin qarşısında deputatlardan haqlarını tələb elədikləri üçün onları Bakı Baş Polis İdarəsinə çağırıb incidiblər. Saatlarla onları orada saxlayıblar ki, niyə orada gedib etiraz edirsiniz? Bu, məmurlarımızın, parlamentimizin şəhid ailələrinə olan münasibətidir, sıravi vətəndaş da bundan örnək götürür. Sanki Qarabağ torpağının işğalda olmasının günahkarı bizim şəhid ailələridir, şəhidlər və Qarabağ müharibəsi əlilləridir. Biz gedib orada şikəst olmuşuq. Vətənin 20 faizi gedibsə, bizim də canımızın 20 faizi gedib. Vətənin 20 faizi gedibsə, bu insanlar da şəhid olublar. Heç olmasa, onlar şəhid zirvəsinə yüksəlməklə o qara ləkəni alınlarından siliblər. Bizim də azacıq alnımızda varsa, o ləkəni qanımızla yumuşuq. Canımızı qoymuşuq, amma müharibədən xəbəri olmayan insanlar bu gün bizi alçaldırlar. "Getməyəydin!”, "gedib neyləmisən!”, "torpaq vermisən!” deyirlər. Bizi günahlandırırlar. Dünyanın heç bir yerində hərbçisinə, döyüşçüsünə belə münasibət bəsləyən bir ölkə tanımıram. Elə bir ölkə yoxdur ki, müharibədə gedib yaralansın gəlsin, onu mülki şəxsə çevirib, mülki şəxs kimi əmək pensiyası təyin olunsun”.

Şəymən