
“Şəhid arzusu”na adi adamlar da hönkürüb ağlayır”
Çingiz Mustafayev: “İnanın, hərdən peşman oluram ki, kaş bu mahnını yazmayaydım”

Aprel ayının ilk günlərində işğalçı Ermənistanın növbəti dəfə xain təxribatlar törətmək cəhdlərinin qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən şücaətlə alındı. Bu, Qarabağ faktorunda bir dönüş nöqtəsi oldu. Ümumiyyətlə, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlara verdiyi kəskin cavab və bir çox ərazilərimizin geri qaytarılması Azərbaycan gəncliyində yüksək əhval-ruhiyyə yaratmışdı.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soy-kökünə, öz ata-baba ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu da bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Ona görə də vurğulaya bilərik ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Bu baxımdan, son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən, bir daha belə nəticəyə gələ bilərik ki, Azərbaycanın güclü və nizami ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verir və düşməni törətdiyi hər təxribata görə peşman edir.
Bu günlər hər kəs, təmas xəttində baş verən hadisələrə bir şəkildə reaksiyasını göstrmiş olur.
Xüsusilə də sənət adamları cəbhə bölgəsində baş verən hadisələrə sosial şəbəkələrdə müxtəlif tərzdə reaksiya göstərmiş oldular. Kimisi vətənpərvərlik mahnılarının təbliğinə üstünlük verdi, kimisi statuslarında buna münasibət göstərdi, kimisi şəhidlərimizin şəkillərini paylaşaraq Azərbaycan şəhidlərini yad etməyə çalışdı.
Bütün bunların sırasında bir gənc sənətçinin ifası son günlər sosial şəbəkələrdə, şəhidlərimizin dəfn mərasimindən hazırlanan reportajlarda, süjetlərdə tez-tez istifadə olunur. Söhbət "Yeni ulduz”dan tanınan müğənni Çingiz Mustafayevin "Şəhid Arzusu” mahnısından gedir. Bu mahnı neçə-neçə şəhidimizin dəfn mərasimində səslənərək ana-bacılarımıza təsəlli olsun deyə səslənib, şəhidlərimizlə bağlı hazırlanan video materiallarda, süjetlərdə istifadə olunaraq yüzlərlə könlü qubar bağlamış şəhid doğmalarının göz yaşına təsəlli olub.
"Şəhid arzusu” mahnısının müəllifi Çingiz Mustafayevlə həmsöhbət olduq.
Anaların könlünü göynədən, Azərbaycan xalqını göz yaşına qərq edən bu mahnının yaranmasından danışdıq. Çingiz Mustafayev "Şərq”ə təsirli açıqlama verdi. "Bu günlər sosial şəbəkədə mənim mahnımın sədaları altında dəfn olunan Şəhidimizin görüntülərini gördüm, inanın çox pis oldum, təsirləndim. Mənim mahnımın sədaları ilə şəhidlərimizin dəfn olunması məni o qədər təsirləndirib ki, bunu sözlə ifadə edə bilmirəm. Bir tərəfdən bu mənə qürur verir ki, bu mahnıdan istifadə olunaraq şəhidlərimizlə bağlı süjetlər, roliklər hazırlanır, məhz bu mahnının sədaları ilə şəhidlərimiz son mənzilə yola salınır. Amma digər tərəfdən də çox pis oluram. İnanın, bəzən peşman belə olmuşam ki, kaş bu mahnını yazmayaydım. Çünki torpağa şəhid verən analar bu mahnıdan çox təsirlənib göz yaşlarını, hönkürtülərini saxlaya bilmirlər. Hətta adi insanlar belə bu mahnının sözlərindən təsirlənərək hönkürüb ağlayırlar. Bu bəzən məni ağrıdır. İlk dəfə bu mahnını anam eşidəndə o da göz yaşını saxlaya bilmədi. Başa düşdüm ki, ana üçün övlad nə qədər dəyərlidir. Yenə deyirəm, bu mahnı ilə dəfn olunan şəhidlərimizin dəfn mərasimini izləyə bilmirəm, ürəyim qubar bağlayır. Bu mahnının sözləri və musiqisi mənə məxsusdu. İnanın mənim ağlıma belə gəlməzdi ki, bu mahnı bu qədər təsirləndirə biləcək insanları. Bu mahnı bir müddət əvvəl cəbhə bölgəsində atəşkəs pozulan vaxtı şəhid verdiyimiz günlərdə yazılmışdı. O zaman da maraqla qarşılandı. Amma bu dəfə daha çox bu mahnıya müraciət olundu, şəhidlərimizin dəfn mərasimindən hazırlanan demək olar ki, bir çox materiallarda, məhz bu musiqidən istifadə olunur. Mən bu mahnını yazarkən çalışdım ki, hisslərimi musiqinin dili ilə çatdırım. Hər bir insanın arzuları, istəkləri, xəyalları olur. Təbii ki, vətən uğrunda səngərlərdə olan hər bir əsgərimizin, torpaq uğrunda canını fəda edən, qanını tökən şəhidlərimizin də arzuları olub. Mən bu arzuları bəstəmdə çatdırmağa çalışdım. Hər bir gənc oğlanın sevdiyi xanım olur, əsgər yolunu gözləyən sevgilisi olur. Mən mahnıda şəhid anaları ilə yanaşı, şəhid verən sevgililəri də düşündüm və onların hisslərini qəlbimdən keçirərək yazmağa çalışdım. Bu mahnı şəhid analarının hardasa himninə çevrilib” deyə Çingiz Mustafayev hisslərini bölüşdü.
Gənc müğənni məktəblilərin onun musiqisindən tez-tez istifadə etdiyini vurğuladı. "Sosial şəbəkələrdə məktəblilərin də bu mahnıya marağını görürəm. Bu məni təsirləndirir. Onlarda da vətənpərvərlik ruhu yaradırsa, buna çox sevinirəm. Bizdən sonrakı gənc nəsil də biz gənclərdən örnək götürməlidir. Biz hər birimiz vətənin əsgəriyik. Lazım gəlsə, əlimizə silah alıb vətənimizin azad olunması üçün cəbhəyə yollanmağa hazırıq. Son günlər cəbhə bölgəsində, təmas xəttində yaşanan gərginlik bir daha xalqımızın birliyini nümayiş etdirmiş oldu. Sözün düzü, mən bu səhnəni görəndə həm təsirləndim, həm də çaşqın qaldım ki, bu qədər millət küçələrə bir günə töküldü. Azadlıq hərəkatı zamanı millətimiz bir arada olmuşdu. Amma son illər bunun bəlkə də şahidi olmamışdıq deyə, biz gənc nəsil üçün bir qədər təsirli oldu. Xalqın birliyi bir daha sübut etdi ki, bu millət qüdrətlidir. Son günlər döyüş bölgəsində Azərbaycan ordusunun qüdrətini düşmənlərimiz də gördü. Şəhidlərimiz bizə bir daha Vətən sevgisini göstərməklə örnək oldular, bir daha şəhid adının nə qədər müqəddəs olduğunu öyrətdilər. Təki canımız Vətən uğrunda, qanımız torpaq yolunda tökülsün. Mən bir daha sizin qəzetiniz vasitəsilə bir ana, şəhid olan analara başsağlığı verirəm. Başın sağ olsun, Vətən! deyirəm” söylədi.
Tahirə