Şəhid məzarları fərqləndiriləcək

Millət vəkili Mübariz Qurbanlıya dəstək verəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı şəhid məzarları haqda danışıb. O bildirib ki, Azərbaycanda şəhid məzarları fərqləndiriləcək: "Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret şəkildə əks olunub. Bu qanun da tətbiq olunur”.
Komitə sədrinin təşəbbüsünü müsbət dəyərləndirən millət vəkili Zahid Oruc qeyd edib ki, M.Qurbanlı çox dəyərli dövlət adamıdır: "O, dini işlər üzrə komitəyə rəhbər təyin olunduqdan sonra bu sferada çox böyük əhəmiyyətli işlər görüb. Vətəndaşlarla görüşürlər, onlar arasında dini maarifləndirmə işləri aparırlar. Bölgələrdə icra orqanları ilə birgə tədbirlər həyata keçirirlər. Xaricdən ölkəmizə yönələn təhlükələrin qarşısının alınması istiqamətində işlər görürlər. M.Qurbanlı bir neçə dəfə dəbdəbəli ehsan süfrələrinin aradan qaldırlmasına dair məsələlərə toxunub. Bunun cəmiyyətə ümumi təsirindən söz açıb. Paralel şəkildə ərazilərimizin bütövlüyü uğrunda döyüşlərdə həyatlarını itirən şəhidlərə dəyər verilməsi, onların adlarının əbədiləşdirilməsi, ehtiramın qanuni formlarının tapılması kimi arzuolunan iddialarla çıxış edib. Bu baxımdan komitə sədrinin təklifini dəstəkləyirəm”.
Şəhid məzarlarının fərqləndirilməsinin önəmli olduğunu düşünən parlament üzvü diqqətə çatdırıb ki, şəhidlik zirvəsinə yüksəlmək adi ölüm deyil: "Onlar əcəl zənginin qurbanları deyil. Həqiqətən də səngərdə olan insanın həyat riski ilə başqa məkanda olanların həyat riski eyni deyil. Kimsə, nəysə deyə bilər. Mən parlament üzvü kimi bildirirəm ki, bir çox şəhid ailələrimizin və milli qəhrəmanlarımızın qəbirüstü problemləri sadəcə hüquq çərçivəsindən kənarda qalıb. Kimsə düşünə bilər ki, gəlin qəbirləri fərqləndirməyək. Onların hamısına adi yanaşaq. Amma düşünürəm ki, bu məsələdə M.Qurbanlının mövqeyi doğrudur. Dini komitə bu yöndə konkret təkliflər versə, parlament olaraq biz o təklifə dəstək verməyə hazırıq. Bununla bağlı hüquqi çərçivəni formalaşdırmaq mütləq lazımdır. Bunu yalnız icra orqanlarının və biznes adamlarının öhdəsində saxlamaq çox yanlışdır. Əlbəttə, cəmiyyətin gücü olmalıdır. Bu istiqamətdə addım atılmalıdır”.
Ayyət Əhməd