Professorun təklifinə ictimaiyyət nümayəndələrindən dəstək gəldi
1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu il iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.
Avqustun 13-də balaca Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.
Tanınmış professor Əjdər İsmayılov (Tağıoğlu) Zəhranın qırxı ilə bağlı Prezidentə müraciət edib: "Erməni qatillərinin uşaqlarımıza qarşı zaman-zaman törətdikləri qətliamları, eyni zamanda milli tariximizi yeni nəslin qəlbində əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılmasını bir ziyalı kimi təklif edirəm. Xatırladım ki, Çexiyanın mərkəzi Praqadan təqribən 20 kilometr aralıda yerləşmiş, qanayan yaramız 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirilən Xocalı ilə qardaşlaşan Ledice qəsəbəsində alman faşistlərin məhv etdikləri uşaqların xatirəsini əbədiləşdirən möhtəşəm abidənin bənzərini biz də yaratmalıyıq!”
Professor hesab edir ki, erməni qatillərin böyük gələcəyimiz olan körpələrimizin və azyaşlı balalarımızın taleyinə zaman-zaman yazdıqları bu qanlı tarixi unutsaq, gələcək nəsillərimiz bizi bağışlamayacaq!
Professorun təklifini müsbət dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da müharibə qurbanlarının xatirəsinin daima əziz tutulması və erməni vandalizminin bütün dünyaya çatdırılması üçün bu cür abidə komplekslərinə ehtiyac var:
"QAT olaraq biz dəfələrlə məsələ qaldırmışıq ki, Qarakənd faciəsi adlandırdığımız 20 Noyabr tarixi "Terror qurbanları günü” kimi qeyd olunsun. Hətta bununla bağlı Milli Məclisə də müraciət etmişik. Bu, həm onların xatirəsinin əbədiləşdirilməsi, eyni zamanda Ermənistanın terrorçu mahiyyətinin dünyaya nümayiş etdirilməsi üçün vacibdir.
Hörmətli professorun da təklifinin müsbət dəyərləndirilməsini vacib hesab edirəm. Erməni əsgərlərinin növbəti dəfə yaşayış məntəqələrini atəşə tutması və 2 yaşlı Zəhranı qətlə yetirməsi ermənilərin törətdiyi növbəti terror aktı onların uşaq qatili olduqlarını və xislətlərini heç vaxt dəyişməyəcəklərini bir daha sübut etdi. Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın.
Ermənilər 2011-ci ilin mart ayında snayperdən atəş açaraq 9 yaşlı Fariz Bədəlovu öldürdülər. İyulun 14-də Tovuzun Əlibəyli kəndində Ermənistan xüsusi xidmət orqanlarının oyuncağa quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı həmyerlimiz Aygün Şahmalıyeva dünyasını dəyişdi. İndi də 2 yaşlı Zəhra balamız onların xain gülləsinə qurban getdi. Erməni qatillərinin uşaqlarımıza qarşı törətdikləri qətliamları əbədi yaşatmaq üçün qətl edilmiş uşaqlarımızın xatirəsinə bir memorial kompleks yaradılması çox düzgün təşəbbüsdür. Dövlət bu sahənin adamları arasında müsabiqə elan etməli və ən təsirli layihə müəllifinə bu işi həvalə etməlidir”.
Abidənin şəhərin hansı istiqamətində qoyulmasına gəldikdə isə A.Nağı deyib ki, Şəhidlər Xiyabanında olması daha məqsədəuyğundur. Bilirsiniz ki, uzun müddətdir, Xətai rayonunda yerləşən "Ana Harayı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsi barədə də müəyyən təkliflər var.
Əgər erməni terrorunu özündə əks etdirən abidələr bir məkanda olarsa, Azərbaycana gələn xarici qonaqlar Xocalı soyqırımı ilə daha yaxından tanış olacaqlar. Həmdəki orta məktəblərdə yaxşı bir ənənə qoyulub ki, məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlər Xiyabanı ziyarət edir. Bu baxımdan da həmin abidənin Şəhidlər Xiyabanında qoyulması daha məqsədəuyğundur”.
Şəymən