Şəhidlər Xiyabanı təhlükədədir

Çatların qarşısını almaq üçün ərazi suvanmalıdır
“Hətta ziyarət zamanı kütləvi insan axını da əraziyə ağırlıq verir”


Şəhidlər Xiyabanının ərazisində yerləşən istinad divarlarında çatlar yaranıb. Çatların əksəriyyəti Xiyabandakı "Əbədi məşəl” abidəsi istiqamətində yerləşir. Bəziləri isə şəhidlərin dəfn olunduğu sıralara yaxın yerlərdə hiss edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da çat yaranan istinad divarlarına monitorinq məqsədilə gips mayaklar qoyublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev də ərazidə çatların olduğunu təsdiqləyib. Həmin ərazidə müəyyən hərəkətlilik hiss olunduğunu vurğulayan Xidmət rəisi deyib ki, bayramdan sonra çatlara yenidən baxılacaq və əgər genişlənmə baş verərsə, müvafiq addımlar atılacaq. Ə.Piriyev çatların ən çox Xiyabanın şimal hissəsinin dənizə baxan tərəfində hiss olunduğunu bildirib. Həmçinin istinad divarlarında, asfaltda və ərazidə yerləşən restoranın ətrafında çatlar var. Onun sözlərinə görə, əvvəl çatların genişliyi 0,5 mm idisə, hazırda 1-1.5 sm yaxındır. 

Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova isə deyib ki, Xiyabandakı çatların qarşısını almaq və qəbirləri qorumaq üçün çatlar suvanmalıdır:
 "Biz həmişə demişik ki, Bayıl yamacı, "Əbədi məşəl” kompleksi, Teleqüllə, Şəhidlər Xiyabanı sürüşməyə meyilli zonalardır. Xatırlayırsınızsa, bir neçə il bundan qabaq Bayılın yuxarı hissələrində sürüşmələr qeydə alınmışdı. Əslində Şəhidlər Xiyabanında çatların yaranması və sürüşmə təhlükəsinin artması təbii haldır. Çünki Xiyabanın altındakı qayalıqlar çox dərindədir. Ərazi qaya-torpaq qatından ibarətdir deyə süxurlar da sürüşür”.

Memarın sözlərinə görə, Xiyabandakı çatların qarşısını almaq üçün ərazi suvanmalıdır. Şəhidlər Xiyabanı bizim müqəddəs and yerimizdir: "Orada bizim qəhrəman oğullarımız yatır. Onların hər birinin xatirəsi bizim üçün əzizdir və Xiyabanı sökmək, başqa yerə köçürmək olmaz. Atılacaq yeganə addım suvaqlarla çatların qarşısını almaq və Xiyabanı qorumaqdır. Çatlar davam eləməsin deyə hər 10 metrdən bir torpaq yerə sancılmalıdır. Həmçinin də ağırlıq düşməsin deyə orada başqa obyektlər tikmək olmaz. Hətta ziyarət zamanı kütləvi insan axını da əraziyə ağırlıq verir. Amma qoruyucu suvaqlar vurulsa, elə bir ciddi təhlükə yaranmaz. Nəzərə almaq lazımdır ki, son illər dünyada baş verən qlobal istiləşmə ilə əlaqədar yeraltı suların da səviyyəsi qalxıb. Bütün buzlaqlar, aysberqlər əriyib okeanların suyunu artırır. Odur ki, təhlükə böyümədən qarşısı alınmalıdır”.

Şəymən