246 saylı məktəbin şagirdləri əsgər paltarı geyindilər
Binəqədi rayon 246 saylı orta məktəbdə Xocalı soyqırımının 24 illiyi ilə əlaqədar "Xocalı faciəsi ən müdhiş faciədir” mövzusunda anım tədbiri keçirilib. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
İlk öncə Xocalı rayonunun tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalisinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri haqqında danışan müəllim heyəti soyqırımdan sonra yerlə-yeksan edilən şəhərin amansızlıqla öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinləri haqqında geniş məlumat veriblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında "Xocalıya ədalət” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətinə toxunulub. Daha sonra erməni silahlı qüvvələrinin vəhşiliyinin bariz nümunəsi olan videoçarx nümayiş etdirilib. Şagirdlər tərəfindən canlandırılan səhnəciklərdə isə XX əsrin sonlarında erməni yağılarının törətdikləri misli görünməmiş vəhşiliklər əks olunub. Vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər, həzin musiqilər və faciənin dəhşətlərini əks etdirən videoçarxlar tədbir iştirakçılarını çox təsirləndirib.
Məktəbin direktoru Almaz Bayramova belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından zəruriliyini, yetişməkdə olan gənc nəslin şəhidlər qarşısındakı borclarının Xocalını və işğal altında olan torpaqlarımızı düşmən əsarətindən azad etməli olduğunu bildirib. Tədbirin sonunda şagirdlər hərbi geyimdə əsgər musiqisini vətənpərvərlik ruhunda səsləndirməklə, tökülən qanların yerdə qalmayacağını, gələcəyimizin, gənclərimizin şəhid qisaslarını alacağını dinləyənlərə çatdırıblar.
Aysel Aslan