Şər qüvvələr bu dəfə də iflasa uğrayacaq

Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilk növbədə tarixi idman hadisəsidir



"Bakı 2015 Avropa Oyunları öncəsi qərəzli yanaşmalar həmin dairələrin və bir sıra ölkələrin Azərbaycana qarşı qısqanclığı və gözü götürməzliyindən qaynaqlanır”. Bunu Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq oyunlar öncəsi bir sıra ölkələrdə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaya münasibət bildirərkən deyib. Direktorun sözlərinə görə, Azərbaycan çox möhtəşəm bir layihəyə ev sahibliyi edir: "Hesab edirəm ki, bu, tarixi bir hadisədir. Nəticəsini isə nəinki Avropa, bütün dünya ölkələri qiymətləndirəcək. Biz ABŞ və Çindən tutmuş, dünyanın əksər böyük ölkələrinin telekanalları ilə müqavilə imzalamışıq. Keçiriləcək bu möhtəşəm oyunlar bütün dünyada canlı olaraq yayımlanacaq”.

S.Kleq deyib ki, hər bir idman federasiyasının prezidenti onların oyunlarının bu kimi beynəlxalq yarışlarda iştirak etməsini çox yüksək səviyyədə qiymətləndirir: "Düşünürəm ki, bu, gələcəkdə karatenin və digər idman növlərinin yolunu açacaq və onların daha da sürətli inkişafına gətirib çıxaracaq”.
Milli Məclisin deputatı İlham Məmmədov vurğulayıb ki, ilk Avropa Oyunları kimi böyük idman tədbirinin ölkəmizdə keçirilməsini həzm edə bilməyən qüvvələr öz çirkin əməllərindən həmişəki kimi əl çəkmirlər. Millət vəkili qeyd edib ki, bu qüvvələr müntəzəm olaraq Azərbaycan haqqında ədalətsiz və qeyri-obyektiv məlumatlar yayaraq ölkəmizin imicinə zərbə vurmağa çalışırlar: "Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyə bilir. Bu da ölkəmizi istəməyən qüvvələri çox məyus edir. Ona görə onlar hər vəchlə çalışırlar ki, ilk Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparıb bu yarışa kölgə salsınlar. Ancaq aydın görünür ki, bu şər qüvvələr həmişə olduğu kimi, bu dəfə də iflasa uğrayacaqlar”. İ.Məmmədov əlavə edib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilk növbədə tarixi idman hadisəsidir: "Çünki Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə bu oyunlarda təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, deyə bilərik ki, ölkəmizin təbliğatında Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni bir səhifə açır. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atacaq”. İ.Məmmədovun fikrincə, Avropa Oyunları ölkəmizə daha böyük siyasi və iqtisadi dividendlər gətirəcək: "İlk növbədə, ölkəmizin beynəlxalq aləmdə etibarlılığı daha da artacaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Azərbaycanı istəməyən, uğurlarını qəbul edə bilməyən qüvvələr isə bundan çox əndişələnəcək”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov da bildirib ki, Azərbaycanın daxilində çox az qüvvə tapmaq mümkündür ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına qarşı çıxsın: "Onlar barmaqla sayılacaq insanlardır və onların arxasında kimlərin durduğu, kimlərin bu insanları ortaya atdığı da məlumdur. Ancaq bütün ölkə ictimaiyyəti, xalqımız fəxr edir ki, Azərbaycanda belə mühüm beynəlxalq tədbir keçirilir. Azərbaycan böyük sayda idmançılar və idmançılardan da bir neçə dəfə böyük sayda qonaqları qəbul edəcək. Bunların da Azərbaycan xalqı üçün xeyri var. Bu oyunların xalqımız üçün heç bir pis tərəfi yoxdur. Odur ki, ümumi ictimai-siyasi fikir, ona reaksiya da kifayət qədər səviyyəlidir. Biz bunu həmişə görmüşük, müdafiə etmişik. Bundan sonra da belə prosesləri bir millət və xalq olaraq müdafiə edəcəyik. Ona görə ki, Azərbaycan dövləti xalqın iradəsini ifadə edir”.
N.Cəfərovun fikrincə, bu idman yarışı Azərbaycanın dünyada tanınması üçün mühümdür: "Mən siyasi, iqtisadi və mədəni tanışlığı nəzərdə tuturam. Bu, elə bir böyük hadisədir ki, heç bir digər idman forumu bununla müqayisə edilə bilməz. Başqa sözlə, mühüm idman forumları dünyada bir ölkəni məşhurlaşdıra da bilər, mənfi təsəvvürlər də yarada bilər. Azərbaycan dövləti bu gücdədir ki, birinci Avropa Oyunlarını keçirir. Nəzərə almalıyıq ki, bu, Avropa məkanında ilk oyunlardır. Ən mühüm cəhət ondan ibarətdir ki, bu, yarım ay və ya iyirmi gün müddətində keçiriləcək tədbir deyil. Bu tədbirin aylardır dünyanın müxtəlif dövlətlərində təqdimatı keçirilir. Şübhə etmirik ki, tədbirin özü də yüksək səviyyədə baş tutacaq. Bundan sonra da belə nəhəng bir foruma ev sahibliyi etdiyi üçün Azərbaycan illər boyu gündəmdə olacaq. Bu, həm də Azərbaycanın gücünün qiymətləndirilməsi deməkdir. Azərbaycan miqyasında olan ölkələrin heç biri Avropa Oyunlarına ev sahibliyi etmək iddiasında deyil. Amma Azərbaycan bu iddiada olub. Burada söhbət Azərbaycanın imkanlarının görünməsindən və təqdim olunmasından gedir. Bu mənada, kim düşünsə ki, birinci Avropa Oyunları ilə bağlı Azərbaycanın bu təşəbbüsündə hansısa qüsurlu cəhət var, deməli, həmin adam Azərbaycanı sevmir. Söhbət bu qədər konkretdir”. Millət vəkili əlavə edib ki, bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarının boykot edilməsinə dair çağırışlarına da təbii baxmaq lazımdır: "Biz dəqiq bilirik ki, Azərbaycanın düşmənləri var, ölkəmizin müstəqilliyinə, inkişafına, ayaq üstə durmasına qarşı olan ciddi qüvvələr var. Təbii baxmaqla yanaşı, həm də buna qarşı mübarizə aparmaq lazımdır. Hazırda dövlətimiz, ideoloqlarımız, məsələnin mahiyyətinə yaxşı bələd olan insanlarımız tərəfindən mübarizə aparılır. Bu, əslində, bütün dünyada belədir və bizdə də belə olması təbiidir. Əgər xatırlayırsınızsa, "Eurovision” öncəsi də bu tip söhbətlər, münasibətlər ortaya qoyuldu. Bəlkə də, indi ondan da böyük səs-küy yaradacaqlar, kampaniya aparacaqlar. Çünki bu, "Eurovision”dan da böyük tədbirdir. Burada maraqlı olan qüvvələr var, təbii ki, bizim adları üstündə olan düşmənlərimiz var, onlar həmişə Azərbaycanın əleyhinə olublar. Azərbaycanın torpaqları boş yerə işğal edilməyib. Bu işğalı edənlər, prosesə dəstək verənlər, indiyə qədər işğalın aradan qaldırılmasına imkan verməyənlər bizim dostlarımız deyil ki. Onlar ya birbaşa, ya da dolayısı ilə bizə daima maneə olmağa çalışacaqlar”.
Professorun qənaətincə, qərəzli çağırışların heç bir effekti olmayacaq: "Ona görə ki, boykot çağırışı edənlərin əsaslandığı "motivlər” və "hədəflər” əsassızdır. Təbii ki, bir şeyə etiraz edəndə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri bizlər görürük. Müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasız şeylərdir, sadəcə, suyu bulandırmaq naminə kampaniya aparırlar. Əminəm ki, bu kampaniya aparanların özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. Ancaq bu idman forumunun keçirilməsi prosesində düşmənlərimiz dostlarımızdan çox az olacaq. Radikal müxalifət artıq hər şeyə "yox” və "pis” deməyə adət edib. Əlbəttə, bu, doğru yanaşma ola bilməz. Əslində, Azərbaycanın radikal müxalifətinin dediyi ilə oturub-durulsa, onda gərək ölkəmiz günü-gündən geri gedə, absurd təkliflər üzərində düşünməklə məşğul ola. Artıq on ildən çoxdur müşahidə edilir ki, bu müxalifətlə uzağa getmək olmaz. Amma yenə də çox müsbət hal oldu ki, müxalifətin böyük hissəsi durumu anladı və nisbətən normal mövqe seçdi. Azərbaycan iqtidarının təklifi ilə müxtəlif partiyalar bir yerə toplandılar, məsləhətləşmələr keçirildi və sonda da qərara alındı ki, bu prosesi davam etdirmək lazımdır”.

İsmayıl