Onların Azərbaycan ərazisinə qanunsuz səfəri Latviyanın, Yunanıstanın rəsmi mövqeyi deyil
Azərbaycan Xarici İşlər Nazirliyi yunan və latviyalı deputatların işğal olunmuş ərazilərimizə səfərinə sərt münasibət bildirib. Qurum sözçüsü Hikmət Hacıyev bildirib ki, Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndirirlər.
XİN rəsmisinin sözlərinə görə, Q.Kanelli və S.Potapkinsin addımı beynəlxalq hüquqa ziddir: "Parlamentarilərin addımı Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət göstərir. Ölkələrimiz arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar həmin ölkələrdəki səfirliklərimiz Azərbaycanın narahatlığını aidiyyəti dövlət orqanlarına çatdıracaq”.
Parlamentarilərin addımını pisləyən millət vəkili Aqil Abbas "Şərq”ə bildirib ki, Avropa Azərbaycanın ərazi bütövlüyünü əməldə deyil, sözdə tanıyır: "BMT də qətnamə çıxardı. Noldu? Niyə o qətnamələr yerinə yetirilmir? Amma baxın, Yuqoslaviya, İraq və Əfqanıstan haqqında çıxarılmamış qətnamələr artıq icra olunur. Doğrudur, bizi ürəkdən istəyənlər də var. Ölkəmizin, daha doğrusu, haqqın tərəfini saxlayanlar da var. "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyənlər də az deyil. Amma bir məsələni deyim ki, həmin deputatların ərazilərimizə qanunsuz səfərləri o demək deyil ki, Yunanıstan və Latviya separatçıları dəstəkləyir. Yəni deputatların yanlış addımı o ölkələrin mövqeyi kimi dəyərləndirilməməlidir. Şəxsən mən bunu nə Latviyanın, nə də Yunanıstanın mövqeyi hesab edirəm”. Parlament üzvü bildirib ki, qanunsuz olaraq sərhədlərimizi pozduqlarına görə, həmin şəxslər haqqında cinayət işi açılmalıdır: "İcazə almadan hansısa ölkənin ərazilərinə səfər etmək sərhəd pozuntusudur. Doğrudur, bu cür şəxsləri ölkəmiz "Person non grata” arzuolunmaz şəxs adlandırıb, "qara siyahı”ya salır. Məncə, bu azdır. Onlar haqqında cinayət işi açmaq lazımdır. Bilirəm, o cinayət işinə dünya birliyi fikir verməyəcək. Amma bir gün baxmaq məcburiyyətində qalacaqlar”. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov da diqqətə çatdırıb ki, həmin parlamentarilər sərhəd pozuntusuna yol veriblər və bu səbəbdən onlar Azərbaycanın "qara siyahısı”na salınıblar: "Bütün dünya bilir ki,
Qarabağ Azərbaycana məxsusdur. Bu faktı o deputatların təmsil olunduğu ölkələr də təsdiqləyir. Bizim Xarici İşlər Nazirliyimiz də bu işlərlə ciddi məşğul olur. Əlbəttə, Azərbaycan ərazisinə gedən adam ölkəmizin razılığını almalıdır. Razılığımız olmayıbsa, deməli bu, iş qanunsuzdur. Sərhədlərimizi pozublar”.
Ayyət Əhməd