Müxalifətə ən böyük dəstəyi “Əsgər Anaları” birliyi verir
Ermənistanın təcavüzkar prezidenti Serj Sərkisyan özünü çıxılmaz vəziyyətə salıb. O, cəbhədə əl atdığı təxribatlarla diqqəti Ermənistanın daxili vəziyyətindən yayındırmağa, erməni cəmiyyətinin fikrini başqa istiqamətə yönəltməyə çalışırdı. Ermənistandakı sosial durumun partlayış həddinə çatması fonunda bu gediş hakimiyyət üçün sərfəli idi.
Amma kriminal rejimin planları Azərbaycan Ordusunun cavab zərbəsi ilə alt-üst oldu. Cəbhədə baş verən son hadisələr Ermənistan iqtidarı üçün ciddi təhlükələr doğurdu. Artıq Ermənistan ictimaiyyəti baş verənlərlə bağlı ölkələrinin müstəqil dövlət deyil, müstəmləkə olduğunu anlayırlar. Erməni ordusunun biabırçı məğlubiyyəti nəinki təkcə ölkə ictimaiyyəti və müxalifətin fəallaşmasına, həmçinin hakimiyyət daxilində də qarşıdurmaya, parçalanmaya səbəb olub. Prezident Sərkisyanla müdafiə naziri Seyran Ohanyan arasında xeyli vaxtdır davam edən gərginlik cəbhədə baş verən olaylardan sonra pik həddinə çatıb. Hakimiyyəti itirmək qorxusu ilə üzləşən Sərkisyan vəziyyətdən çıxmaq üçün illərlə mübarizə apardığı müxalif liderlərin ayağına gedib. Ermənistanın hakim dairələrində baş verənlərlə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan müxalifətinin böyük əksəriyyəti ciddi surətdə Sərkisyanın hakimiyyətdən getməsini istəyir. Müxalifətə ən böyük dəstəyi isə "Əsgər Anaları” adlı birlik verir: "Bu təşkilat Ermənistanın müxtəlif yerlərində minlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil edir, mitinqlər keçirir, əhalini hakimiyyətə qarşı çıxış etməyə çağırır. Əslində cinayətkar erməni hökumətinə qarşı olan etiraz dalğası cəbhədə baş verən hadisələrlə bağlı deyil. Ermənistan müxalifəti dəfələrlə Sərkisyan hakimiyyətinə qarşı çıxıb, kriminal rejimi ifşa edib. Lakin Rusiyanın müdaxiləsi sayəsində hökumətə qarşı aparılan mübarizə zərərsizləşdirilib. Amma buna baxmayaraq, siyasi müxalifətlə Sərkisyan hakimiyyəti arasında kökü dərinlərə gedib çıxan qarşıdurma hər zaman davam edib. Bu qarşıdurmanın əsas səbəbi Qarabağ klanının hakimiyyəti ələ keçirməsidir. Demək olar ki, ölkədəki bütün mühüm postlar bu klanın əlindədir. Yerli ermənilər isə bunu özlərinə qarşı təhqir kimi dəyərləndirirlər. Ona görə də Sərkisyanı devirməyə çalışırlar və bunun üçün əlverişli şəraitin yetişdiyini düşünürlər”.
Politoloqun sözlərinə görə, eks-prezident Robert Koçaryan Qarabağ klanına daxil olsa da, Sərkisyanla ciddi düşmənçilik mövqeyində dayanır: "Bu səbəbdən hakimiyyətə gəlmək üçün Rusiya ilə danışıqlar aparır, yollar axtarır. Rusiyanın müəyyən dairələri isə Koçaryanın Moskvaya meyilli olmasını nəzərə alaraq, onun yenidən hakimiyyətə qayıtmasını dəstəkləyirlər. Amma məsələ heç də göründüyü kimi sadə deyil. Çünki Ermənistanda anti-rus əhval-ruhiyyəsi kifayət qədər çoxdur. Eyni zamanda hakimiyyətin öz içində də prezidentə qarşı çıxan nüfuzlu şəxslər var. Ona görə də bu ölkə barəsində dəqiq proqnoz vermək mümkün deyil”.
İsmayıl