Sərnişinlər aqressivləşir...

“Sürücünü döyən qadın yəqin evdə ərini də döyür”


Son günlər sürücü və sərnişin münasibətləri gərginliyin pik nöqtəsindədir. Sürücüləri döyüb təhqir edən sərnişinlər bu azmış kimi nalayiq söyüşlər söyərək özlərini haqlı çıxarmağa çalışırlar. "Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, ictimai nəqliyyatda qaydalara əməl etməyən sərnişinləri müvafiq cərimələr və inzibati cəzalar gözləyir. Görünür, bəzi şəxslər qaydaları vacib hesab etmir. Buna görə də bu gün ictimai nəqliyyatdakı vəziyyət ürəkaçan deyil.

Bəs, insanların bu cür davranışlarına səbəb nədi? Sürücüləri döyən, onları təhqir edən insanları psixoloji xəstə adlandırmaq olarmı?

Psixoloq Orxan Orucun sözlərinə görə, aqressiyanın yaranmasının hər kəs üçün fərqli səbəbləri var. Adətən gerçəkləşməyən arzuların, istəklərin qarşısında insanlarda müəyyən aqressiya, stress yaranır ki, bu da hansısa formada özünü büruzə verməlidir: 

"Çünki insan aqressiv enerjini heç də həmişə daxilində saxlaya bilmir və saxlaması fizioloji baxımdan doğru deyil. Onun üçün də insan bəzən şüurlu, bəzən də qeyri-şüurlu şəkildə bu aqressiyanı büruzə verir. Aqressiyanın büruzə verilməsi də özünü müxtəlif formada göstərir. Məsələn, insan əsəbiləşdi, stress yarandı, başlayır rəsm çəkməyə, şeir yazmağa, idman eləməyə. Daxilimizdə belə bir hiss yaranır ki, bu həftə futbol oynayaq. Niyə? Səbəbini bilmirik, çünki daxilimizdə yığılıb bizi narahat edən enerji var ki, bu enerjini biz harasa yönləndirməliyik. Bəzən də insanın intellektual səviyyəsinin, yaxud dünyagörüşünün bəsit olması səbəbindən mövcud aqressiya insanlara yönəlir. Hətta aqressiya insanın özünə qarşı da yönəlir, bu da intihara cəhd və intihardır.

Sözsüz ki, sürücü-sərnişin münasibətlərindən kimin haqlı və ya haqsız olduğunu demək bir az çətindir, lakin hansısa bir formada kiməsə qarşı şiddət göstərilməsi yolverilməz bir haldır, cinayət işidir. Bu hüquqla, adət-ənənələrlə, dini qaydalarla tənzimlənir. Kiməsə qarşı şiddət göstərilməsi yolverilməzdir.
Sürücülərə zor tətbiq edən sərnişinlərin psixoloji vəziyyəti ilə bağlı diaqnoz qoymağımız düzgün deyil. Çünki kiminsə psixolji vəziyyətinin yoxlanılması üçün mütləq diaqnostik testlər, söhbətlər aparılmalıdır. Sonra qərar vermək olar ki, bu adamda hansısa psixoloji problemlər var, ya yox”.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, hazırda ictimai nəqliyyatda davranış qaydalarını bilməyən insanların biri-birinə qarşı münasibəti heç də ürəkaçan deyil. Qadın sərnişinlər sürücülərə qarşı kobudluq edir, söyüş söyürlər. Bütün bunlar isə həm etik, həm də mental dəyərlərdən uzaqdır: 


"Hətta bu yaxınlarda yaşlı bir qadının sürücünü küçə söyüşləri ilə təhqir etdiyi videogörünütlər yayılıb. Bundan başqa yaşlı kişi sürücünü döymüşdü və cavan oğlan sürücüyə silah çəkmişdi. Biz avtobus sürücülərindən qayda-qanun tələb edirik və onları qaydalara əməl etməyə çağırırq. Onlar da artıq BNA-nın, Dövlət Yol Polisinin sərt tələbləri qarşısında qaydalara əməl etməyə çalışırlar, lakin sərnişinlər sürücüləri döyməklə, söyməklə, təhqir etməklə onları qayda pozmağa məcbur edirlər. Sürücü bilir ki, dayanacaqdan kənar saxlasa, ona 100 manat cərimə düşür. Bu, qanunvericiliyin tələbidir, hətta sürücünün tələbi olmadan kamera görüntülərini izləyərək elektron protokol da tərtib etmək olar. Və daha sonra sürücünün ünvanına bildiriş göndərilir. Bu baxımdan artıq sürücülərin əksəriyyəti bu məsuliyyəti dərk edirlər və qayda pozmaq istəmirlər. Bəzi avtobus sürücüləri də var ki, ümumiyyətlə qaydaları istədikləri vaxt pozurlar.

İnsanların özünün şüuru olmalı, dayanacağı gözləməlidir. Dayanacaq nə üçündü? Artıq BNA harda dayanacaq varsa, oraya nişanlar çəkib. İnsanlar bu nişanları görür və başa düşürlər. Amma görürsən ki, gəlib nişandan 20 metr qabaqda dayanır. Kimsə özünə 20 metr əziyyət verib hərəkət etmir.
Baxırsan ki, bir qadın ziyalı şəxsə oxşayır. Amma avtobus sürücüsünü küçə söyüşləri ilə söyür və onun başına şapalaq vurur. İnsanın iç üzü belə məqamlarda "açılır”. Yəqin ki, belə qadın evdə ərinin də başına şapalaq vurur və onu söyür. Bu bizim mental xüsusiyyətlərimizə ziddir”.

E.Muradlı həmçinin bildirib ki, sürücülərin döyülməsi və söyülməsi ilə bağlı videoçarxlar hazırlanmalı, ciddi təbliğatlar aparılmalıdır. Həmin videogörüntülər də televiziya proqramları gedən vaxtlarda verilməlidir ki, əhalinin diqqətini cəlb edə bilsin:

"Belə sosial çarxları hazırlamaqla insanları məlumatlandırmaq lazımdır. Həmçinin bir cəza mexanizmi də tətbiq olunmalıdır ki, sərnişinlər bundan xəbərdar olsunlar. Qanunvericilikdə bu cərimələr var, lakin gedin görün sərnişinlərin əksəriyyəti bundan xəbərdardır, ya yox?”.

Yeganə Bayramova