"Şərq"i eynəksiz oxuyur: 92 yaşlı Əminə anadan məktub gəldi







Oxucumuz Quliyeva Elmira redaksiyamıza maraqlı məktub göndərib. Elmira xanım məktubunda anası, 92 yaşlı Əminə ananın qəzetimizin oxucusu olduğunu yazır:  "Əminə nənə sizin qəzeti neçənci ildə çıxıbsa (1996-cı il), həmin ildən bu günə kimi oxuyur. Çünki bu illər ərzində çox mənasız qəzetlər çıxdı. Sizin qəzet rəngarəng və mənalı olduğu üçün alıb oxuyuruq". Elmira xanım məktubunda xahiş edir ki, Əminə ananın doğum günü təbrikini qəzetimiz vasitəsi ilə ona çatdıraq. Elmira xanım anasının qulluğunda dayandığıni, bütün analara belə qocalıq arzuladığını deyir: "Maşallah anam qəzet və jurnalları eynəksiz oxuyur, özünü əla idarə edir, xörək az yeyir, amma qəndi, peçeniyeni çox yeyir, süd və cay içir. Mən də hər zaman qulluğundayam. Аllah sizlərə belə qocalıq qismət etsin".
"Şərq" qəzetinin də sadiq oxucusu Əminə ananı doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, sağlam qocalıq arzulayırıq. Allah ömür payınızı artıq etsin, Əminə ana! Hələ uzun illər ailənizin, övladlarınızın başı üzərində olasınız. Sizin xeyir-duanız sayəsində ailənizin bərəkəti-ruzisi, xoş günləri bol olsun! Amin!