Sərxoş qadınları himayə edənlər var
“İmkanlı kişilər qadınlara 400 minlik maşın hədiyyə edirlər. Deyirlər ki, al sür, istədiyini elə!”
Son günlər cəmiyyətdə mənfi rezonans doğuran hallardan biri də sərxoş halda maşın idarə edən qadınların sayının artmasıdır. Artıq vəziyyət elə dözülməz həddə çatıb ki, içib, avtoşluq edən xanımlara addımbaşı rast gəlmək mümkündür. Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reydlər zamanı dəfələrlə belə hallar müşahidə olunub. Hətta bəzən onlar yol polisi ilə davaya da çıxıblar.
Doğrudur, əlaqədar qurum sürücüləri kateqoriyaya bölmədən "hər kəs qanun qarşısında bərabər hüquqa malikdir” deyib, qayda pozanı qanun çərçivəsində cəzalandırır. Amma fakt budur ki, oxşar hadisələrin sayında azalma gözə dəymir. Əksinə, getdikcə onların sayı yüksəlir. Problemin kökü isə müxtəlif səbəblərlə izah olunur. Şübhəsiz ki, mövcud durumun ortadan qalxmaması daha amansız kütləvi tendensiya və ciddi narahatlıqlara yol aça bilər. Bu səbəbdən artıq bəzi parlamentarilər fakta dair həyəcan təbili çalmağa başlayıb. Məsələn, millət vəkili Fazil Mustafa məlum vəziyyət barədə açıqlamasında maraqlı detallar ortaya qoyub. Deputat bildirib ki, qadınların içki içmələri və əxlaqsızlıqla məşğul olmalarının kökündə bir sıra ciddi məqamlar durur. Onun sözlərinə görə, bu çox təhlükəli haldır: "İmkanlı kişilər qadınlara 400 minlik maşın hədiyyə edirlər. Deyirlər ki, al sür, istədiyini elə! Onlar da içib bara gedirlər. Ölkəmizdə qadınların əxlaqsızlıq etmələri və insan alveri ilə məşğul olmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Buna qarşı cəmiyyətin ümumi mübarizəsi yoxdur. Qadınların xeyli hissəsi pis alışqanlığa düçar olublar. Azərbaycan cəmiyyətinin içkiyə aludəçiliyi çox yüksəkdir. Hesab edirəm ki, Rusiya ilə müqayisədə Azəraycanda daha çox içki içilir. Bu çox üzücü bir haldır. Bu gün barlarda gecə həyatı yaşayan çoxlu sayda qadın var. Hesab edirəm ki, hazırda ölkədə əxlaqla bağlı çox ciddi aşınma prosesi gedir. Bunun qarşısını almaq üçün cəmiyyətin səfərbər olması lazımdır”.
Parlament üzvünün qənaətincə, içkili vəziyyətdə avtomobil idarə edən qadınların öz himayədarları var: "Qadınların içkili formada maşın idarə etmələri daha çox onların himayə olunmaları ilə əlaqəlidir. Özünə arxayın olmayan adam içkili formada sükan arxasına oturmur. Bəzi şəxslər öz himayələrində olan və qeyri-qanuni formada münasibət qurduqları qadınlara maşın alıb verirlər və onları küçəyə buraxırlar. Nəticədə həmin qadınlar yollarda bildiklərini edirlər”.
F.Mustafa həmçinin bildirib ki, qadınların içki içmələri məsələsinə xüsusi diqqət ayrılmalıdır: "Neqativ halların sayı artmaqdadır. Bu problemin çıxış yolu isə ictimai müzakirədən keçir. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Qadınların içkiyə meyilli olması əxlaqi deformasiya deməkdir. Hazırda əxlaqi deformasiya prosesi gedir. Fahişəlik baş alıb gedir. Cəmiyyətdə təkcə qadınların içki içmələri populyar məsələ deyil”.
F.Mustafa qeyd edib ki, Azərbaycanda fahişəliklə məşğul olan qadınların sayı durmadan artır: "Artıq əxlaqsızlıq kifayət qədər populyarlaşıb. Otellərdən tutmuş müxtəlif yerlərdə açıq-aşkar fahişəlik geniş yayılıb. Bunların qarşısını ictimai qınaqla almaq mümkündür. Bu sahədə çox təhlükəli vəziyyət yaranıb. Bu problemə ictimaiyyətin diqqətini yönəltmək lazımdır. Hər kəs öz əhatəsinə diqqət yetirib, bu problemin daha geniş yayılmamasına çalışmalıdır”.
Deputatın fikrincə, əxlaqsız qadınları himayə edənlər ifşa edilməlidir: "İçkili vəziyyətdə sükan arxasına oturan qadınların böyük əksəriyyəti özlərinə maşın almaq iqtidarında deyillər. Onlar guya sahibkardırlar? Guya, həmin qadınlar iş adamlarıdırlar və pulları çoxdur? Onlar kiminsə himayəsindədirlər. Həmin qadınlara maşını qeyri-qanuni münasibətdə olduqları adamlar alırlar. Ya da ki vəzifəli şəxslər bolluq deyə öz yaxınlarına maşın alıb verirlər. Bu isə cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir. Həmin qadınları kimlərin himayə etmələri açıqlanmalıdır. Həmin şəxslərdən soruşmaq lazımdır ki, elə qadınlara niyə maşın alırsınız? Ona görə də belə problemlər üzə çıxır”.
Deputatın açıqlamasını dəyərləndirən "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında qeyd edib ki, hansısa fikri səsləndirərkən qadınlar kateqoriyasında fərqli qadınların olması faktını da nəzərə almaq lazımdır: "Düzdü, deputatın
söylədiyi hala rast gəlinir. Amma halal zəhmətlə maşın alıb, sürən qadınlar da var. Onu da kef deyil, işgüzar fəaliyyəti ilə bağlı alırlar. Bunu bütün qadınlara şamil etmək yanlışdır”.
Təşkilat rəhbəri diqqətə çatdırıb ki, sərxoş halda sükan arxasına oturan kişilərin sayı qadınlardan dəfələrlə çoxdur: "Söhbət qayda pozuntusundan gedirsə, qadın avtoşlara nadir hallarda və yaxud heç rast gəlinmir. Avtoşluq edənlər kişi sürücülərdi. Ola bilər deputat müəyyən faktları şahidlik edib. Bu hal mövcuddur. "Bunu təkcə qadınlar edir” düşüncəsi doğru yanaşma sayılmır. Elə qadınlar var ki, yol hərəkəti qaydalarına kişilərdən də yaxşı əməl edir. Qaydaları pozmur. Sürücüləri bölüb diskriminasiya yaratmaq olmaz”.
M.Zeynalova düşünür ki, "qadınlara maşınları kimlərsə alır” yanaşması da ədalətli deyil: "Belə çıxır qadınlara pis baxacaqlar ki, kiminsə hesabına yaşayırlar. Onlara kimsə maşın alıb, verib”.
"Avtosfer”az saytının baş redaktoru Elməddin Muradlı da bizimlə söhbətində əhəmiyyətli məsələlərə toxunub: "Vaxtilə qadın sürücülərin sayı az idi. Yol polisi də onlara hörmət edirdi. Söhbət qadına mental xüsusiyyətlərimizdən irəli gələn hörmətdən gedir. Lakin sonradan qadın sürücülərin sayı artdı və göründü ki, onlara hörmət etdikcə, vəziyyət qəlizləşir. F.Mustafa tamamilə haqlıdır. Çox düzgün də buyurub. Bəzi imkanlı kişilər qadına maşını alıb verir, deyir get kef elə. İmkanlı kişi deyəndə biznesmen də ola bilər, məmur da. Çünki mən özüm dəfələrlə yol polisinin reydində iştirak etmişəm və görürəm ki, xanım sürücülər maşını sərxoş halda sürdüyü və ya hansısa başqa qayda pozuntusuna görə saxlandıqda dərhal qapını, pəncərəni bağlayıb ora-bura zəng edirlər. Elə adamların adını çəkirlər ki, adam mat-məəttəl qalır ki, doğrudanmı o adam bunu himayə edir. Amma mən nə vaxt reyddə iştirak etmişəmsə, xanım sürücülər qayda pozubsa, sərxoş tutulubsa, dərhal da cərimələnib. Lap belə özünü yazıq formasına salıb yalvarsa, ora-bura zəng eləsə də, aparıb müayinə edib, sənədləşdiriblər. Başqa hallar da çox olub. Gördüyüm qədəri ilə artıq yol polisi qadın sürücülərə də güzəşt etmir. Qadın içkili halda avtomobil idarə edirsə, kimlərinsə həyatı təhlükə altında qalır. Kişi sürücü yenə birtəhər özünü idarə bilir. Qadının içki içib, maşın sürməsini küçədə bir terrorçunun gəzməsi kimi dəyərləndirirəm”.
Həmsöhbətimiz hesab edir ki, belə xanımları cəzalandırmaq və hətta məsələni ictimailəşdirmək vacibdir: "Bunu biz edirik və yenə də edəcəyik. Digərlərinə də dərs olmalıdır. Qadınlar arxayın olmasın ki, yol polisi onlara hörmət edəcək. Xeyr, hörmət yoxdur daha. Siz təsəvvür edin, 8 mart günü Bakı şəhər DYP-nin 11-ci tağımının əməkdaşları səhər saat 4-5 radələrində 3 sərxoş qadın sürücünü saxlayıblar. Normal adam gecə saat 4-5-də sərxoş halda nə gəzir küçədə? Beləsinə güzəşt edən yol polisi varsa, ilk növbədə özünə hörmət etmir. Belə məsələlərin qəti əleyhinəyəm. Qadın sürücüləri himayə edib sərxoş halda küçəyə ötürən kişilərə də demək istəyirəm ki, ayıbdır vallah. O qadındır, özü də sərxoşdu. Sən ki kişisən, heç utanmırsanmı onu çağırıb, istifadə edirsən, sonra içirdib təkbaşına yola salırsan. Qadına 100 minlik maşın alan o kişilər 10 manat verib ayıq sürücü çağırıb, sağ-salamat yola salsalar, daha yaxşı olar”.
Ayyət Əhməd