"Səs salmayın, Xiyabanda yatan var ! " - Əxlaqi məsələ




"Şəhidlər xiyabanında kafe açmaq tamam əxlaqi məsələdir. Biz millət olaraq buna yol verməyin düzgün olmadığını anlamalıyıq”.

Bunu Sherg.az-a Mingəçevir şəhərində Şəhidlər Xiyabanı yanında kafe açılmasına münasibət bildirərkən xalq şairi Fikrət Qoca deyib. 

Onun sözlərinə görə, bunu nə konstitusiyaya, nə də cinayət məcəlləsinə daxil etmək olmur: 

"Şəhidlər xiyabanı kafe yeri deyil. Mingəçevirə tez-tez gedirəm. Mənim ən çox sevdiyim şəhərlərdən biridir. Mingəçevir həmişə çox mədəni şəhər olub. Amma indi həqiqətən Şəhidlər Xiyabanının yanında kafe açılıbsa, bu, əxlaq məsələsidir. Əgər insan bunu özünə sığışdırırsa, çox pis. Belə məsələlər tamamilə, mənəviyyat məsələsidir. Bu, elə bir şeydir ki, mənəviyyatla həll olunmalıdır. Həmin insanların təsəvvüründə "Səs salmayın,  Xiyabanda yatan var" düşüncəsi yoxdur. Bu düşüncəsi olmayan adam bunu anlamayacaq. Buna gərək insanların özünün vicdanı icazə verməsin ki, burada yatanlar var. Bu yatanlar vətən, xalq uğrunda yatırlar. Orada içki içib, əxlaqsız söz danışırlarsa, yaxşı deyil. Hər kəsin öz əxlaqı o dərəcəyə çatmalıdır ki, belə hallara yol verməməlidir. Bu gün bir icra başçısdır, sabah da başqası gələcək. O icra başçısı da başqa addımlar atacaq. Gərək insanların özü yetişsin ki, belə hallara yol verməsin. Bu əxlaqi məsələdir”.

Qeyd edək ki, bu barədə Mingəçevir şəhər sakinlərinin bakipost.az-a ünvanladığı müraciətdə bildirilir. Əhali şəhərdəki Şəhidlər Xiyabanının yanında kafe-restoran açılmasından narahat olduqlarını dilə gətiriblər. Müraciətdə qeyd olunub ki, bir müddətdir, şəhidlərin dəfn olunduğu yerin bir addımlığında kafe fəaliyyət göstərməyə başlayıb.

Aysel Aslan