Damda elektrik cərəyanının vurduğu kişi öldü

Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda damda elektrik cərəyanının vurduğu 33 yaşlı Vahit Abdülhakim həyatını itirib.

Sherg.az xəbər verir ki, İraq vətəndaşı olan Abdülhakim metal yağış novunu təmizləmək üçün bir mərtəbəli binanın damına çıxıb. Bu zaman onu elektrik cərəyanı vurub.

Hadisə zamanı ətrafdakı şəxslər yerin yaş olması səbəbindən təxminən 20 dəqiqə ona müdaxilə edə bilməyiblər.

Daha sonra yaxınları huşsuz vəziyyətdə olan Abdülhakimi ayaqlarından tutaraq damdan aşağı endirməyə çalışıblar. Bu zaman onlardan biri yıxılıb, Abdülhakim isə düşmək təhlükəsi ilə üzləşib. Hadisə anları mobil telefonla lentə alınıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası Abdülhakimi xəstəxanaya çatdırıb. O, daha sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına köçürülsə də, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.