Şeyxi yola gətirdilər
Başıbəlalı qanun layihəsini artıq müzakirəyə çıxaracaqlar
Ötən gün Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbir keçirilib. Konfransda millət vəkilləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir sıra hüquqi sənədlərin qəbulunun səbəbsiz ləngidilməsinə görə parlamentə irad tutub.
E.Süleymanova bildirib ki, uzun illərdir, təqdim etdikləri, hətta Milli Məclisə qəbul olunan iki layihə hələ də müzakirəyə çıxarılmır. O qeyd edib ki, "Reproduktiv sağlamlıq haqqında” və uşaqların zorakılığa məruz qalması ilə bağlı qanun layihələrinin qəbulu 8 ildir, ləngiyir: "Hətta bu sənəd parlament tərəfindən imzalanıb. Amma hər il təkrar xatırlatmamıza, təkliflərimizə baxmayaraq, səbəb demədən bu sənədlərin qəbulu ləngiyir. Axı nə üçün? Nədir səbəb? Halbuki bu sənədlərin qəbulu bizim üçün olduqca əhəmiyyətlidir”.
"Qız uşaqları elə ana bətnindəcə məhv edilir”
"Bizdə qızlara qarşı hələ də ayrı-seçkilik halları var. Bunu qəbul etməyənlər olsa da, bu fakt mövcuddur” - deyən ombudsmanın sözlərinə görə, elə ailə-məişət zorakılıqlarının kökündə də ilk məsələlərdən biri kimi qız uşaqlarına münasibət dayanır: "Bu gün tibb aləmində texnologiyanın
inkişaf etməsi nəticəsində ana bətnində dölün, cinsin müəyyənləşdirilməsi mümkün olur. Kimin bir qızı varsa və kimsə qız övladının olmasını istəmirsə, ananı aborta məcbur edir, qız uşaqları elə ana bətnindəcə məhv edilir. Bunun özü də qadınlara qarşı zorakılıqların bir əlamətidir. Qız uşaqlarının ana bətnində məhv edilməsi həm də ölkədə demoqrafik duruma çox ciddi və mənfi təsirini göstərir. Artıq oğlanlarla qızların arasında nisbət faizi xeyli yüksəkdir. Yəni, bu gün oğlanların faizi 56, qızların faizi isə 44 təşkil edir. Bu, heç də yaxşı hal deyil”.
"Qanunun qəbulunun ləngiməsinə səbəb Qafqaz Müsəlmanları İdarəsi idi”
Ombudsmanın qanunların qəbul olunmaması ilə bağlı iradına cavab verən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Dövlət Komitəsi və Şeyxülislam Allahşükür Paşazadə artıq sözügedən qanun layihəsinə razılığını verib: "Açıq danışmaq lazımdır ki, "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun ləngiməsinə obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur. Cəmiyyət bilməlidir ki, qanunun qəbulunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsidir. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi ilə, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə görüşlər keçirib narahatlıq doğuran məsələləri onlarla birgə müzakirə edirik. Onlar bizə deyir ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb. Artıq indi görüşümüzün nəticəsi olaraq bizə deyirlər ki, layihədə nəzərdə tutulan məsələlər heç də islama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə qanun layihəsinə razılığını artıq verib”. Komitə sədri əsas problemin qanunda ekstrokorporal mayalanma ilə bağlı olduğunu deyib: "Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox? Ona görə də burda problem görmürəm”.
"Dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meyilləri yaranır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirdə deyib ki, Azərbaycanda heç də zəif olmayan formada dindarlaşma prosesi gedir. Onun sözlərinə görə, belə dindarlaşma prosesi getdikcə Azərbaycanda bir sıra problemlər yaradır: "Təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyur. Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meyilləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu "dindarlaşma” prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur”. G.İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir: "Azərbaycan dünyəvi dövlət olduğundan bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır. Bu gün adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem islamda deyil. Səhv anlayışlar bizə səhv islam adı altında gətirilir, biz buna qeyri-ənənəvi islam da deyirik”.
"Gözləməməliyik ki, bu hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik”
"Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var. Bu sahədə ciddi boşluqlar mövcuddur”. Bu sözləri isə toplantıda iştirak edən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var: "Əvvəllər məktəblərdə psixoloqlar uşaqlarla işləyirdi. Bəzən görürsən ki, uşaq 1-2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Belə olanda ya onun ailə problemi var, yaxud, təhsilində nöqsanlar olur, ya da uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. Gərək o dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini göstərsinlər. Biz bunu görmürük. Amma bu, çox vacib məsələdir. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır. Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişikliklər özünü göstərir. Elə dövrlər olur ki, uşaq yaxşı qiymət almır, müəlliminə elə şeylər deməyə başlayır ki... Araşdırılır və məlum olur ki, bu, uşağın müəlliminə qarşı acığı idi. Belə hallar da olur. Bizim uşaqlar indi xüsusilə xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar”. H.Hüseynova deyib ki, rayon icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər: "Gözləməməliyik ki, bu hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik?! İnsanlarla danışmaq, görüşmək lazımdır”.
"Həmin oğlana isə ağzıma gələni dedim. Ona dedim ki, utanmırsan, yaşlı ananı ora-bura çəkirsən”
Komitə sədri qeyd edib ki, regionlarda qəbul etdiyi vətəndaşların bir çoxu işsizlikdən şikayət edir: "Deyirsən ki, sizin rayonda bu iş yerləri var. Amma vətəndaşlar bu iş yerləri ilə qane olmaq istəmirlər. Bir çoxu işləməmək üçün müxtəlif cür bəhanələr uydururlar. Bəziləri deyir ki, bəs orada işləyə bilmərəm, böyrəyim, başım ağrıyır və s. Deyirəm ki, ay bala, heç 30 yaşımda bilmirdim ki, böyrəyim haradadır. Nədən belə cavan yaşında özünüzü xəstəliyə vurursunuz?! Bu gün cəmiyyətdə bir tərəfdən dilənçilik fəlsəfəsi, digər tərəfdən isə məsuliyyətsizlik var. Bir rayonda yaşlı ana 35 yaşında oğlunu əlindən tutub qəbula gətirir ki, oğluma bu günə qədər iş tapa bilmədiyim üçün utanc hissi keçirirəm. Həmin anadan otaqdan çölə çıxmasını xahiş etdim.
Həmin oğlana isə ağzıma gələni dedim. Ona dedim ki, utanmırsan, yaşlı ananı ora-bura çəkirsən. Hamı ömür boyu vəzifədə olmayıb ki?! Nədənsə işə başlamaq lazımdır. Öz gücünə, bacarığına görə hansısa işdən başlamalısan. Ailədə uşağa məsuliyyətli olmağı öyrətməliyik və gələcəkdə onlara cəmiyyətdə öz gücünə güvənməyi aşılamalıyıq”.
"Elə insanlara nəinki özgə uşağının, heç öz uşağının tərbiyəsini etibar etmək olmaz”
"Övladlığa uşaq götürmək istəyən insanlar bəzən bizə deyirlər ki, bir neçə uşağı eyni zamanda götürüb saxlamağa imkanım çatır. Biz bu insanlara ciddi yanaşmalıyıq. Onların psixi, sosial və digər durumları nəzərə alınmalıdır” - söyləyən H.Hüseynova bildirib ki, sonradan araşdırma zamanı məlum olur ki, müraciət edən həmin insanlar yalan danışıblar: "İnsanları çox zaman tanımaq belə mümkün deyil. Müraciət edəndə görürsən ki, normal şəxsdir. Araşdıran zaman məlum olur ki, elə insanlara nəinki özgə uşağının, heç öz uşağının tərbiyəsini etibar etmək olmaz. Buna görə də bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə üzləşməyək. Bu gün ailələrdə boşanma olan zaman ən çox əziyyəti uşaqlar çəkir. Məhkəmə qərarı çıxdıqdan sonra uşağı ata-ana hərəsi bir tərəfə çəkir. Onlar fikirləşmirlər ki, belə olan halda uşağın sabahı necə olacaq? Araşdırma zamanı məlum olur ki, boşanan ailələrin arasında elə ciddi problem olmayıb. Amma boşanmanın zərbəsi uşaqlara dəyir. Uşaq psixoloji təsir altında qalır. Sonra təəccüblənirik ki, uşaqlar pis vərdişlərə qurşanırlar. Biz valideynlərə sual verməliyik ki, gün ərzində yarım saat uşaqları ilə məşğul olurlarmı? Bəzilərinin xəbəri yoxdur ki, uşaqları nə işlə məşğuldur”.
"Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük”
Müzakirəyə qatılan millət vəkili Hadı Rəcəbli vurğulayıb ki, ailənin təməli xanımdır: "Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. Bəzən kişi-qadın münasibətləri islam dini vasitəsilə təhrif olunmuş formada çatdırılanda ailə institutunun təməlini sarsıdır. Nə qədər el adətlərinə və soy-kökümüzə sadiq qalsaq, bir o də qədər ailələrimiz möhkəm olacaq. Bizim xalq deyimlərimizdə də var ki, "bir yastıqda qoşa qarıyasız”, "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər”. Bunlar boş-boşuna deyilmiş sözlər deyil, elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Ona görə də gərək ailə məsələsində də milli adət-ənənələrimizə, soy-kökümüzə bağlı olaq. Belə olarsa, ailələrimiz daha da xoşbəxt olar, boşanmaların sayı minimuma enər”. Deputat deyib ki, tərbiyənin təməli cəmiyyətdə yox, ailədə qoyulur: "Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyüdüblər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qayınanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik”. H.Rəcəbli qeyd edib ki, hələ də qab yuya və yumurta bişirə bilməyən gəlinlər var: "Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır, ailəni xanım edir. Biz Milli Məclisin əlaqədar komitələri kimi bu problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik”.
Anar Bayramoğlu