Silah arsenalımız genişdir: "Azərbaycanın aldığı silah və texnikanın əsas hissəsi beşinci nəsil hesab olunur"

"Azərbaycan 2003-cu ildən etibarən ordunun yeni nəsil silah və texnikalarla təchiz edilməsi istiqamətində işlər aparır”. Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.
Ekspert bildirib ki, bu çərçivədə həm Ukrayna, Rusiya və Belarus kimi postsovet ölkələrindən, həm də Türkiyə, İsrail, Pakistan, CAR, Çexiya və digər dövlətlərdən silah və hərbi texnikalar alınaraq ordunun silahlanmasına qəbul edilib: 
"Yerli hərbi sənaye də bu gün ordumuzun silah, texnika və döyüş sursatları ilə təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın əldə etdiyi silah və texnikanın əsas hissəsi beşinci nəsil silahlar hesab oluna bilər. Bu gün Azərbaycan Ordusunun silahlanmasında mövcud olan silah sistemləri nəinki postsovet, hətta cənubi-şərqi Avropa məkanında çox dövlətin yalnız arzu edir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, Azərbaycanın ərai bütövlüyü təmin olunmayana qədər silahlanma prosesi davam edəcək. Hesab edirəm ki, növbəti illərdə ordunun yeni silah və hərbi texnika ilə təmin edilməsi prosesi davam etdiriləcək və biz 2019-cu ildə ordumuzda yeni silahların bir hissəsini görəcəyik”.
R.Süleymanov bəyan edib ki, Azərbaycan düşməndən fərqli olaraq hansısa dövlətin anbarından, vaxtı ötmüş silah-texnika almır: 
"Alınan silahlar yüksək dəqiqliyə malikdir. 2016-cı ilin aprel döyüşlərində bu silahların bəziləri - "Spike” tank əleyhinə idarə olunan raketlər, "Harop” kamikadze PUA-ları, raket-artilleriya vasitələri istifadə edilib. Xüsusilə qeyd etmək istəyirəm ki, ordumuzun sahib olduğu silahlar nəinki ön xətdə, eləcə də cəbhənin dərinliyindəki düşmənə məxsus iistənilən hədəfləri yüksək dəqiqliklə məhv etmək iqtidarındadır. Başqa sözlə ifadə etsək tək işğal altındakı ərazilər deyil, Ermənistan ərazisindəki bütün hərbi-strateji obyektlər raketlərimizin hədəfindədir”.
Mütəxəssisin sözlərinə görə, ordunun inkişafı təkcə yeni silahlar almaqla aparılmır. Eyni zamanda şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, islahatların aparılması, təlimlərin artırılması, hərbi təhsil və tədris prosesinin təkmilləşdirilməsi də bu inkişafın tərkib hissəsidir: "Bu gün pilotsuz uçuş aparatlarından dəqiq silahlara, ağır artilleriya və raket sistemlərinə qədər alınan bütün müasir silah və texnikanı Azərbaycanın hərbi məktəblərini bitirmiş zabitlər idarə edirlər. Eyni zamanda son 5 ildə yeni hərbi bazaların, hərbi şəhərciklərin inşasını və istifadəyə verilməsinə şahidlik edirik. Hesab edirəm ki, ordunun inkişafı günün tələbidir. Dünyada hər keçən gün təhdidlər dəyişir və bu dəyişikliklər orduların hazırlığını yüksək səviyyədə saxlamaq, silahlanmanı təhdidlərə cavab verəcək səviyyədə saxlamaq zərurəti yaradır”.
İsmayıl