Siyasi oyun bir az da uzanacaq

Gözlənilən Moskva görüşü Qarabağda dönüş yaratmayacaq
“Minsk Qrupunun Qərbi təmsil edən həmsədrləri münaqişənin həll olunmasını istədiklərini deyirlər. Amma quru söz söyləməkdən o yana keçmirlər və topu Moskvaya atırlar”


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti məsləhətləşmələr keçirəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsləhətləşmələrin sentyabrın 8-də Moskvada keçiriləcəyini bildirib.

XİN rəsmisi deyib ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı aktual məsələlər müzakirə olunacaq: "Mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcək”. Zaxarova əlavə edib ki, söhbət mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən gedir: "Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır”. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da həmkarı Nalbandyanla telefon əlaqəsi saxlayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində vəziyyəti şərh ediblər. Bəzi ekspertlər iddia edirlər ki, sentyabr-oktyabr aylarında münaqişənin həlli istiqamətində yeni mərhələyə start veriləcək. Amma tərəflər arasındakı görüşlərin nəticə verməyəcəyini düşünənlər daha çoxdur. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, Peterburq görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Amma ondan sonra baş verən proseslər vəziyyəti gərginləşdirdi: "Sonuncu görüşdə erməni tərəfi "danışıqlar bərpa olunsun” deyə Rusiyaya yalvarırdı. Çünki düşmən aprel ayında ordumuz tərəfindən güclü zərbə almışdı. Ondan sonra prezidentlər iki dəfə görüşdü. Lakin Sankt-Peterburq görüşündən sonra Ermənistanda qiyam baş verdi və 8 nəfər az qala Sarkisyanı devirməyə cəhd göstərdi. Daha sonra erməni rəhbəri açıqlama verdi ki, guya, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistana "haqsız” davrandığı üçün ölkə qaynayır. Əlbəttə, bunların hamısı siyasi oyun idi. Məqsəd erməni xalqının Azərbaycan torpaqlarının qaytarılmasına razı olmadığı görüntüsünü yaratmaq idi. Xatırlayırsızsa, Lavrov İrəvana səfər edəndən sonra dedi ki, Ermənistanı 5 rayonu boşaltmağa güclə razı salıblar. Daha sonra Ərdoğan 5 rayonla bağlı açıqlama verdi və bununla bağlı razılıq əldə edildiyini bildirdi. Bunun ardınca ermənilərin hay-küyü başladı və Sarkisyan Dağlıq Qarabağa gələrək "bir qarış torpağın qaytarılmayacağını” dedi. Təbii ki, bu hadisələrin fonunda prezidentlərin nəzərdə tutulan görüşləri baş tuta bilməzdi”. Q.Hüseynlinin sözlərinə görə, Ermənistan rəhbərliyi işğalçılıq təfəkküründən əl çəkmir və hər açıqlamasında Dağlıq Qarabağdan vaz keçməyəcəklərini söyləyir: "Üstəlik, danışıqlarda təşəbbüsü ələ aldıqlarını iddia edən Rusiya düşmən ölkəni silahlandırır. Belə şəraitdə tərəflərin görüşdürülməsi, yaxud tez-tez həmsədrlərin bir araya gəlməsi heç nəyi dəyişmək gücündə deyil. Minsk Qrupunun Qərbi təmsil edən həmsədrləri münaqişənin həll olunmasını istədiklərini deyirlər. Amma quru söz söyləməkdən o yana keçmirlər və topu Moskvaya atırlar. Rusiya isə ikitərəfli oyunlarla indiki status-kvonu saxlamağa çalışır. Ona görə də hələlik hansısa irəliləyişdən danışmaq tezdir. Mövcud situasiya pozitiv olmağa əsas vermir”.

İsmayıl