“Sizdə niyə zorakılıq mədəniyyətin bir hissəsi kimi qəbul olunur?” - Əcnəbidən ağrılı sual

"Uşağa qarşı zorakılığa yol verən valideynin məsuliyyəti artırılmalıdır”.
Bunu "Sherg.az”a uşaq zorakılığının artmasından danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib. 
Onun sözlərinə görə, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə deyil, Cinayət Məcəlləsi ilə tənzimlənməlidir:
"Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə daxil olmayan, gizli qalan zorakılıq faktları da mövcuddur. Belə zorakılıqların sayı isə daha çoxdur.
Uşaqlara qarşı zorakılıq halları ailə daxilində, məktəbdə və icmada baş verir. Ailə daxilində uşağa qarşı zorakılıq hallarını qeyd etdiyim kimi, valideyn məsuliyyətini artırmaq, nəzarət hallarını gücləndirməklə aradan qaldıra bilərik. Yetkinlik yaşına çatmayan uşaqlarla İcra hakimiyyəti strukturunda fəaliyyət göstərən komissiyalar məşğul olmalıdır. Halbuki, heç bir yerli icra hakimiyyətində iş görülmür.
Yaxşı fəaliyyəti ilə seçilən qurumlardan biri Ailə, qadın və uşaq komitəsidir. Komitə müsbət layihələrə imza atsa da, bu, kifayət etmir. Daha əhatəli tədbirlərə ehtiyac var. Seminarlar, konfranslar fəal vətəndaş yetişdirmək istiqamətinə yönəlməlidir. Zorakılıq halını görən şəxslər müvafiq orqanlara müraciət etməli, biganə yanaşmamalıdır. "Uşaq özünündür, özü bilər” prinsipindən əl çəkməliyik. Cəmiyyətlə iş apararaq, uşaqlara qarşı zorakılıq hallarını qarşısını qismən ala bilərik”.
G.Səfərova zorakılıq faktlarının aradan qaldırılması məsələsində xarici ölkələrin təcrübəsini də toxunub. O qeyd edib ki, sivil ölkələrdə hansısa valideyndən övladını döyməsi ilə bağlı bir neçə dəfə şikayət olunarsa, onun valideynlik hüququ əlindən alınır:
"Maraqlısı budur ki, valideynin övladına qarşı zorakılıq tətbiq etdiyini görən hər kəs şikayət edir. Amerikada isə valideynin uşağını döydüyünü hiss edən müəllim hüquq-mühafizə orqanlarına şikayət etməsə, məsuliyyətə cəlb olunur. Bu cür sistemlər uşaq zorakılığının aradan qaldırılmasına müsbət təsir edir.
Uşaq müdafiə siyasəti qurulmalıdır. İnfrastruktur sahəsində çox tədbirlər görülür, müxtəlif konfranslar keçirilir, "qaynar xət”lər təsis edilir. Bütün bunlar isə uşaqlar üçün əlçatan deyil. Zorakılığa məruz qalan uşağın qarşı çıxmaq gücü yoxdur və şikayət edə biləcəyi barədə məlumatsızdır. Belə olduğu halda, ictimai qınaq məsələsi önə çəkilməlidir. Uşağa qarşı zorakılıqda hər birimiz günahkarıq”.
Son illər uşaq zorakılığının dayandırılması ilə bağlı cəmiyyətdə çağırışların az olduğunu diqqətə çatdıran birlik rəhbəri diqqətə çatdırıb ki, xüsusilə bələdiyyələr bu problemin qarşısını almaq üçün addımlar atmalıdır:
"Mən uşaq təşkilatında çalışmışam. 2010-cu ildə Azərbaycanda uşaqların vəziyyətini analiz edən hesabatın müəlliflərindən biriyəm. Beynəlxalq tədbirlərdə onu müşahidə etdim ki, beynəlxalq ekspertlər və təşkilatların əksəriyyəti Şərq mentalitetində, Azərbaycanda uşaqların döyülməsinin tərbiyənin mədəni hissəsi olduğunu düşünürlər. Bizə belə sual verirdilər: "Sizdə niyə zorakılıq mədəniyyətin bir hissəsi kimi qəbul olunur?” Bu əslində, çox incidən məsələdir. Amma Azərbaycanda uşağa qarşı zorakılıq, həqiqətən, tərbiyənin bir hissəsi kimi qələmə verilir. Əksər problemlərdə də edə buradan başlanır”.
Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə fəaliyyət göstərdiyi 8 il ərzində 32 000-dən artıq müraciət daxil olub. Yalnız 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 15-ə qədər 786 müraciət edilib. Xidmətin koordinatoru Gülşən Axundova isə bildirib ki, bu zənglərdən 73-ü məhz zorakılığın müxtəlif növlərinə aid edilən müraciətlərdir. Bunlardan 29-u psixoloji, 2-si cinsi, 42-si fiziki və emosional zorakılıqdır.
Aysel Aslan