NƏSİB NƏSİBLİ - 70: DİPLOMAT, TARİXÇİ, TÜRKOLOQ 

Çingiz Sultansoy

İstedadlı və təcrübəli siyasətçi və diplomat, görkəmli tarixçi və şərqşünas Nəsib Nəsiblinin 70 yaşı tamam oldu. Az qala qırx il tanıdığım, əsrin dörddə birindən çox dost olduğum, bəzən saatlarla türklük, türk tarixi haqqında telefonla danışdığım insanın yubileyindən ancaq ünvanına yazılan təbriklərdən xəbər tutdum, təəssüf. Əslində, Nəsib bəy səviyyəli alim və ictimai xadimin yubileyi dövlət səviyyəsində keçirilməli, elmi irsi öyrənilməli və təbliğ edilməlidir. Amma insan təvazökarlıq nədənindən hətta dostları arasında qeyd olunmasını özü istəmirsə, nə etmək olar?

Nəsib Nəsibliylə bağlı xatirələrimdən bircə epizodu deyim. 2000-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə erməni tərəfi ilə Uppsala Universitetində aparılan danışıqlarda Azərbaycan nümayəndə heyətinin tərkibinə dəvət almışdım. Üç raunddan ibarət bu görüşlər universitetin Sülh və Münaqişələrin Araşdırılması Departamentinin bir layihəsi idi. Bu ali məktəb İsveçin Oksfordu, Kembrici, Harvardı və Prinstonudur. İlk görüşdə gərginlikdən və əsəbdən ürəyim ağrıyırdı, ona görə ikinciyə hazırlaşanda qabaqcadan, hələ Bakıda iki dəst validol almışdım. Birinci raundun bizim üçün çox pis keçdiyini demirəm – bu, ayrıca söhbətin mövzusu və uzun hekayətdir. Sadəcə fakt budur ki, hər ehtimala qarşı özümlə validol apardım. Nəsib bəy birinci raundda yox idi, dəvəti yalnız ikinci raunda almışdı. Altı nəfərdən – tarixçi, psixoloq, etnoqraf, jurnalist və b. ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Uppsalaya birgə getdik. İsveçə bu səfərimiz və o vaxt qalib erməni tərəfiylə danışıq zamanı Nəsib bəyin necə dərin bir alim və diplomat, həssas və ayıqfikir adamı, ziyalı olduğunu göründü. Məhz orada, gərginliyi həqiqi gerçək döyüşdən az əskik olan bilik, məntiq və söz döyüşü meydanında bəyin necə iri çaplı diplomat, tarixçi və polemika ustası olduğunu anladım. Tam əminliklə deyirəm – danışıqların ikinci raundu məhz Nəsib Nəsiblinin iştirakı hesabına Azərbaycan nümayəndəliyinin şübhəsiz üstünlüyü və inandırıcılığı ilə keçdi. Təxminən iki həftə davam edən gündəlik çətin və gərgin danışıqlar ərzində bir dəfə də olsun ürəyim ağrımadı, sıxılmadı. Son ziyafətdə isə validolu gizli təbəssümlə zibil qutusuna atdım. Qaliblərin ürəyi sıxılmaz, yaraları isə məğlublardan tez sağalar. Məhz o döyüş vaxtı bir-birimizə daha da yaxınlaşdıq və dostluğumuz indiki səviyyəyə keçdi.

Nəsib bəyin Azərbaycanda və Türkiyədə türkologiyanın inkişafı yolunda elədiyini, elmi və ictimai-milli maraqlarının genişliyini, dərinliyini anlamaq üçün yazdığı on beş kitabın ancaq beşinə nəzər salmaq yetər: “Azərbaycan tarixi: millət, dövlət, siyasət”, Ankara nəşrləri 2019 və 2021, Bakı nəşri 2022. Bu kitab Türkiyənin sosial elmlər üzrə nüfuzlu “Kanun Mükafatını” alıb; “İranda Azərbaycan məsələsi”, Bakı, 2025; “Türkçü düşüncənin əsasları”, Bakı, 2022; “Azərbaycanın çağdaş məsələləri”, Ankara, 2021; “Bölünmüş Azərbaycan, Bütöv Azərbaycan”, Bakı, 1997.

Nəsib bəyi yubileylə bağlı təbrik edir, uzun ömür, cansağlığı və yeni elmi uğurlar arzulayıram.

Nəsib Nəsibli: “İctimai və milli həyat məsələsində “narahat adamlar” kateqoriyasındanam”

- Həyatınızda ən çox fəxr etdiyiniz məqam nədir?

- Hansısa “məqam” deyil, ümumən olaraq ictimai və milli maraqlara zidd hərəkətlərdə bulunmamağımdan rahatlıq tapıram. Yaltaq olmamışam. Tənbəllik mənlik deyil. Başqasına pislik etmək ağlımdan belə keçməyib.

- İştirak etdiyiniz və qürur duyduğunuz hansı ictimai-siyasi hadisələri xatırlayırsınız?

- Həyatımda o qədər xatırlanmağa dəyən hadisə olub ki?! Hansı birisindən bəhs edim? Moskvadakı üçillik həyatım tam bir romandı. İranda tərcüməçi kimi işlədiyim dönəmdə o qədər maraqlı hadisələrə şahid oldum ki?! Ya Amerikada iki dəfə universitetdə oldum, birincisində, Çikaqo Universitetində, tədqiqatçı kimi. İkincidə, Johns Hopkinsdə müəllim kimi. Bu sonuncu universitetdə Zbiqnev Brejinski ilə eyni mərtəbədə idik, görüşüb fikirlərini almaq şansım olurdu. Bu universitet Vaşinqtonun tam mərkəzində yerləşir, məşhur elm və siyasət adamları ilə dolu idi. İki semestr ərzində orada olmaq mənim üçün həqiqətən bir şans idi. Tehranda səfirliyin qurulması, diplomatik fəaliyyət dövründə o qədər maraqlı adamlarla görüşdüm, o qədər maraqlı hadisələrə şahid oldum ki, xatirə kitabı yazmaq olar. Kitab da olmasa, ömür vəfa etsə, oradakı işimiz haqqında əhatəli yazı yazmağı düşünürəm. Milli Məclisdəki fəaliyyətim də başqa hekayədir. Yeri gəlmişkən, vəkillik dönəminin sonunda (2010) bütün çıxışlarımı “Hesabat” başlığı ilə ayrıca kitab şəklində çap etdirdim. (Bildiyim qədərincə, bu, ilk və yeganə nümunədir). Türkiyədə altı il yaşadım. Maraqlı adamlardan, hadisələrdən hansı birisindən bəhs edim? Əlbəttə, gənclik dönəmində uzun illər işlədiyim Şərqşünaslıq və Tarix institutlarında böyüdük. Bir sözlə, həyatımda coğrafiya və fəaliyyət sahələri dəyişdikcə fərqli ortamlarda öz fikirlərimi söyləmək, onları müdafiə etmək, yeri gəldikdə fərqli davranış sərgiləmək imkanım olub.

- Bu olaylardan birini danışa bilərsinizmi?

- Bir xatirəmi danışım. Füzuli şəhəri uğrunda savaşların getdiyi 1993-də Tehran səfirliyində həyəcanlıyıq, biz də bir işlər görmək üçün çabalayırıq. İran tərəfi, nə prezident, nə xarici işlər naziri, görüş vermirlər. Önəmli bir ölkədən rəsmi nümayəndə heyəti qonaqları varmış. Bütün cəhdlərimiz boşa çıxdıqda qərar verdik Quma gedək. Gecə saat 1, ya 2-də yola düşdük. Qısa deyirəm, fikrim Ayətüllah Meşkini ilə görüşməkdir, ondan prezidentin məni qəbul etməsinə yardımçı olmasını istəyəcəyəm. Meşkininin sədr olduğu şurada prezident Rəfsəncani onun müavini idi. Səhərə doğru, saat 4 radələrində çatdıq, amma Meşkininin köməkçisi çıxıb dedi, sabah gəlin, ağa istirahət buyurublar. Mən dedim, ya həmin indi, ya da heç vaxt. Məni apardılar bizim “politbüro otağı” dediyimiz otağa gözləməyə. Meşkini arıq vücudu ilə bir azdan yuxulu qarşımda dikələndə, onun Azərbaycanda çox sevildiyini, lazım gəlsə, məhz ona müraciət etməli olduğumu, bu adamı tərifləyə-tərifləyə müraciətimi davam etdirəndə, görünür, yuxulu adama bu təriflər yorucu olduğu üçün birdən-birə sözümü kəsib “Nə istəyirsən?” dedi. Mən də Rəfsəncani və Vilayətinin bu ağır durumda məni qəbul etmədiklərini dedim və yardım etməsini xahiş etdim. Dedi, səhər mütləq zəng edərəm. Həqiqətən, səhər Tehrana çatar-çatmaz prezident aparatından zəng edib, Rəfsəncaninin məni gözlədiyini dedilər. Başqa bir detal: Tehrana yolda ikən sağdan bir yük maşını üstümüzə şığımağa başlamışdı. Səfirliyin sürücüsü Səfər bizi zorla labüd ölümdən qurtarmışdı…

- Hansı uğursuzluqlarınız olub?

- Girdiyim bütün imtahanlardan müsbət qiymətlə çıxmışam. Səhvləri deyirsinizsə, həyatımda bir sürü səhvim olub. Xüsusən siyasət sahəsində. İndi təskinlik üçün “yanlış da bir yaraşıqdır” deyək.

- Bu gün sizi sıxan, rahatsız edən hansı neqativ hisslər var?

2007, ya 2008 idi. Krakov yaxınlığında beynəlxalq forumda Gürcüstan prezidenti də iştirak edirdi. Ona “Avropanın ən reformist lideri” mükafatını təqdim etdilər. Prezident Saakaşvili də Gürcüstanı layiqincə təmsil etdi. Gürcü şərabı sel kimi axır, Gürcü rəqs ansamblı avropalıları məftun edir. Səhər seksiyalardakı müzakirələrdə bir gürcü qızı Saakaşvilini sərt tənqid etdi. Müzakirələrarası fasilədə bu məruzəçiyə yarı zarafat – yarı ciddi “bizimkilər olsaydı, qürurundan dəli olmuşdular, sən niyə Saakaşvilini yerdən yerə vurdun?” dedim. Gürcü qızının cavabı çox manidar idi. İngiliscə dedi: “Mən hesab edirəm, Gürcü milləti daha yaxşı prezidentə layiqdir”. Bugünkü durumumuz millət olaraq bizi qane etməməlidir. 50 milyonuq deyib qürrələnən çoxluq heç bunun fərqində deyil. Məni ən çox üzən də budur.

- Bütövlükdə həyatınızdan razılıq duyursunuz? Ömrün payızında bu duyğu çox önəmlidir...

Şəxsi həyatımda bir yaramazlıq yoxdur. Amma ictimai və milli həyatımız məsələsində mən “narahat adamlar” kateqoriyasına daxiləm.

- Əgər 40 il əvvəlki özünüzə məktub göndərə bilsəydiniz, nə yazardınız?

- Cızdığın yolda əzmli ol, amma gerçəyi də unutma. Bir də ömür elə də uzun deyil, zamanı dəyərləndir.

- Həyatın çətin və ya seçim anlarında kimsənin bir söz ya əməli xilasedici olub? Və ya şəxsiyyət kimi formalaşmağa təsiri?

- Mən “bildiyini babasına verməyən” adamlardanam. Bir az da tərsliyim var. Amma dinləməyi, ağıllı məsləhətləri dəyərləndirməyi bacaran birisiyəm. Həyatımda sevdiyim çox müəllimim olub. Əlbəttə, geniş mənada “müəllim”.

- İllər keçdikcə siyasət, insan və ədalətlə bağlı baxışlarınızdan hansı çox dəyişib? Hansı dəyişməz qalıb?

- Deyirlər, bir ölülər, bir də dəlilər dəyişmir. Əlbəttə, dəyişən, dəqiqləşən fikirlərim olub. Ədalət anlayışı isə mənim üçün əvvəldən mücərrəd bir dəyər olub, onu sevməyimə baxmayaraq, ona güvənim yoxdur. Maraq və güc daha anlaşıqlı anlayışlardır.

- “Həyat mübarizədir” deyirlər. Bu mübarizədə elə bir an olubmu ki, məqsədin bədəli çox ağır olsun, lakin peşman olmayasınız?

- İndicə dedim, “bildiyini babasına verməyən” tiplərdənəm. Peşman deyiləm.

- Söhbətin əvvəlində “O qədər maraqlı hadisələrə şahid oldum ki, xatirə kitabı yazmaq olar. Kitab da olmasa, əhatəli yazı yazmağı düşünürəm” dediniz. Belə bir kitab yazmağı bacararsınızmı? Bilərəkdən belə provokativ deyirəm. O kitaba başlasanız, hazırkı fəsli necə adlanar?

- Bizim ölkədə memuar janrı çox da yayğın deyil. Siyasi-ictimai həyatın içində olmuş onlarca adam xatirələrini yazmamış dünyasını dəyişir. Xatirə-memuar, əlbəttə, subyektiv görüş əsəridir. Buna baxmayaraq, yaxın keçmişi anlamaq baxımından olmazsa-olmazlardan biridir… Məncə, həyatım boyu çox maraqlı hadisələrin şahidi olmuşam, bunları kağıza köçürmək faydalı olar. Bacaracağammı? Oxuduğum xatirələr bunu bacara biləcəyimi deyir. Sualın sonuncu bölümünə gəldikdə, indiki durumumu “heyrət” sözü dəqiq ifadə edir. Son fəslin başlığı “Heyrət” olardı. Yəni heyrət içindəyəm, mən bu yaşa nə tez gəldim?

- Yubiley yaşınız alim, yaradıcı insanlar üçün daha məhsuldar dövr sayılır. Nə barədə xəyal edirsiniz? Arzu-planlar, yeni hədəflər olmamış olmaz...

- Şübhəsiz, gələcəklə bağlı xəyallarım var. Son illərin müstəqil tədqiqatçısı olaraq araşdırılacaq mövzular var. Konkret örnək olaraq, son TV proqramında söz verdim. “Səfəvilər dövründə türk-fars münasibətləri və şiə tandemi” başlıqlı məqalə yazmalıyam. Yeddinci Türkçülük Çalışmaları da bu payız olmalıdır. Çox iş var.