Paşinyan Rusiyadan qopmaq yox, vaxt qazanmaq istəyir
Sahil İsgəndərov: “Putin Paşinyana manevr imkanı vermək istəmir”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə sentyabrın 1-də Bişkekdə baş tutan görüşü gündəmi zəbt edib. Görüşdən əvvəl qətiyyətlə Avropaya yönələn Paşinyanın, Putinin cavabları qarşısında sərgilədiyi mövqe təəccüb doğurub. Putin bir daha Paşinyanı Avropa İttifaqına üzvlük istiqamətində irəliləmək və ya Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməyə çağırıb. Paşinyan belə bir qərarın verilməsi üçün hələ münasib vaxtın çatmadığını bildirib. Qeyd edək ki, səfərin tarixi bəlli olmasa da, Paşinyanın Kremldə Putinlə görüşü baş tutacaq. Bəzi ekspertlərin qənaətinə görə, Paşinyanın Rusiyaya münasibətdə sərgilədiyi yumşaq mövqe, Avropa İttifaqına inteqrasiya yolunda vaxt udmaq cəhdidir. Digər qisim isə hesab edir ki, Avropadan umduğunu tapa bilməyən Paşinyan yenidən Rusiyanın təsir dairəsində qalmağı seçib.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Paşinyanın Rusiya ilə bağlı komandasına verdiyi tapşırığın arxasında Moskvanı daha radikal addımlardan çəkindirmək məqsədi daşıyır:

“Əslində, Paşinyan öz rəsmilərinə bu cür yanaşmaqla, Rusiyaya qarşı sərt mövqe sərgiləmək səlahiyyətinin yalnız Baş nazir kimi məhz ona məxsus olduğunu diktə etmək istəyir. Çünki Ermənistan rəsmiləri Rusiyaya qarşı açıq bəyanatlardan verməkdən çəkinmirdilər. Paşinyan bir növ onlara Moskva ilə münasibətləri qarşıdurma məcrasına yönəltməmək barədə xəbərdarlıq edib. Bu təşəbbüs Putinin Bişkek sammiti çərçivəsindəki ikitərəfli görüşdə verdiyi tapşırığın nəticəsidir. Putin brifinqdə açıq şəkildə bildirib ki, anlaşılmayan məqamları ekspertlərlə birgə müzakirə etmək üçün Nikol Paşinyanı Moskvaya dəvət edib. Moskva ikibaşlı siyasət yürdür. Bir tərəfdən Ermənistanı müəyyən dividendlərlə şirnikləndirir, digər tərəfdən isə sərt təzyiqlər kontekstində klassik "qamçı və kökə" siyasətini işə salmaqla İrəvanın öz orbitindən çıxmasına imkan vermir. Diqqətçəkən məqam odur ki, Paşinyan komanda üzvlərinə anti-Rusiya xarakterli bəyanatlardan qaçmağı tapşırdığı halda, şəxsən özü Moskvanın ünvanına sərt ifadələr işlədib”.
Politoloqun sözlərinə görə, Paşinyan Bişkek görüşündə Avropa İttifaqı ilə bağlı referendum məsələsinin hələ tez olduğunu bəyan etməklə, ilk dəfə Putinə qarşı sərt mövqe ortaya qoyub:
“Üstəlik, "TRIPP" layihəsinə nəzarət mexanizmləri, Ermənistan dəmir yolu şəbəkəsinin Rusiyadan başqa bir dövlətə verilməsi və ya satılması, hətta ölkədəki hərbi bazaya dair səsləndirilən bəyanatlar da məhz bu kontekstə daxil edilə bilər. Doğrudur, bunlar o qədər də kəskin xarakterli deyil. Lakin müəyyən mənada Rusiyaya ünvanlanmış xəbərdarlıq mesajı təsiri bağışlayır. Avrasiya İqtisadi İttifaqı yalnız Rusiyadan ibarət olmasa da, Moskva digər üzv dövlətləri də bu prosesə qoşmağa çalışır. Putin açıq şəkildə tələb edir ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçdiyi üçün Aİİ-nin digər üzvləri də onun məhsullarına qadağa qoymalıdır. Çünki Qazaxıstan və ya başqa ölkələrin tranzit yolları açıq qalarsa, erməni məhsulları həmin ərazilərdən keçməklə yenə də Rusiya bazarına yol tapacaq. Əslində Ermənistan tam olaraq Rusiyanın orbitindən çıxmayıb. İqtisadi tellər illərdir bir-birinə bağlı olan ölkələrin anidən qopmasına imkan vermir. Avropa İttifaqı böyük vədlərlə Ermənistana dəstək verəcəyini və öz bazarını onun məhsullarına açacağını bəyan edir. Halbuki orada söhbət cəmi 300-400 milyon avroluq məhsuldan gedir. Məsələ bundadır ki, Ermənistanın yalnız Rusiya bazarına və bütövlükdə Avrasiya İqtisadi İttifaqına ixracatı milyardlarla dollara çatır. Digər tərəfdən, Avropa İttifaqının daxilində mövcud olan ziddiyyətlər, üçüncü ölkələrin məhsullarının bu bazara çıxışını çətinləşdirir”.
S.İsgəndərov onu da qeyd edib ki, Aİ daxilində heç də bütün ölkələr Ermənistan məhsullarını səbirsizliklə gözləmir:
“İrəvan növbəti dəfə "ikibaşlı oyun" metoduna üz tutur. Hər iki tərəfdən faydalanmaqla qütblər arasındakı qarşıdurmadan öz xeyri üçün yararlanmağa çalışır. Paşinyanın hazırkı xarici siyasəti seçim etməkdən daha çox, seçimin vaxtını uzatmağa hesablanıb. Rəsmi İrəvan Ukraynadakı hərbi-siyasi vəziyyəti və ABŞ-də keçiriləcək Konqres seçkilərinin yekununu gözləyir. Respublikaçıların Konqresdə üstünlüyü itirməsi birbaşa Tramp administrasiyasının xarici siyasət prioritetlərini köklü şəkildə dəyişəcək. Paşinyanın əsas hesabı da məhz bu qeyri-müəyyənlik üzərində qurulub. Lakin Kremlin Paşinyanın nazı ilə oynamağa nə vaxtı nə də səbri var. Putinin Paşinyanı Moskvaya dəvəti İrəvandan konkret mövqe tələb olunduğunun göstəricisidir. İki ölkə arasındakı problemlər artıq diplomatik manevrlərlə vaxt qazanmaq mərhələsini geridə qoyub. Moskva bu görüşdə klassik “qamçı və kökə” taktikasına üstünlük verəcək. Bir tərəfdən Ermənistanın strateji enerji asılılığı güclü təzyiq aləti kimi masada olacaq, digər tərəfdən isə İrəvana müəyyən iqtisadi dividendlər təklif ediləcək. Rusiya yaxşı anlayır ki, vaxt keçdikcə Ermənistanın alternatvləri artır. Məhz buna görə Kreml Paşinyana manevr imkanı vermədən onu tez bir zamanda qəti seçim qarşısında qoymaqda israrlıdır”.