Türkiyənin Van şəhərində toy görüntülərindən sonra “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə həbs edilən Mehmet Fatih Tançalan və barəsində həbs qərarı çıxarılan, hazırda axtarışda olan həyat yoldaşı Çağla Öz Tançalanın toyunda taxıldığı ehtimal edilən qızıllar Muradiye rayonunda keçirilən əməliyyat zamanı evin odunluğunda çamadanın içərisində aşkar edilib.
Əməliyyat zamanı 66 bilərzik, metrlərlə qızıl zəncir, boyunbağı və kəmər, eləcə də müxtəlif valyutalarda nağd pul ələ keçirilib. Evin sahibi saxlanılıb.
Sherg.az xəbər verir ki, Van Respublika Baş Prokurorluğunun “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı üzrə apardığı istintaqda yeni detallar ortaya çıxıb.
Van İl Emniyyət Müdirliyinin KOM və Kəşfiyyat şöbələrinin apardığı araşdırma çərçivəsində ictimaiyyət arasında “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanla bağlı istintaqın izləri Muradiye rayonuna qədər uzanıb.

Toyda taxıldığı ehtimal edilən qızıllar odunluqdan tapıldı
İstintaq çərçivəsində şübhəli Çağla Öz Tançalanın toyunda taxıldığı ehtimal edilən çoxsaylı qızıl və pul Muradiye rayonunun Yakıncak məhəlləsində Süleyman Akar adlı şəxsin evinin yardımçı tikilisində – odunluqda aşkarlanıb.
Polisin keçirdiyi axtarış zamanı Mehmet Fatih Tançalanın adına verilmiş pasportla yanaşı, çoxsaylı zinət əşyaları, xarici valyuta və müxtəlif materiallar da ələ keçirilib.
66 bilərzik, iki metrlik zəncir, kəmər və boyunbağı
Əməliyyat zamanı 66 ədəd müxtəlif ölçülü, qızıl olduğu ehtimal edilən bilərzik, təxminən 2 metr uzunluğunda zəncir, təxminən 1,5 metr uzunluğunda başqa bir zəncir-boyunbağı, böyük dəst boyunbağı, qızıl olduğu ehtimal edilən kəmər, bilərziklər, qolbaqlar, üzüklər, sırğalar və qol düymələri aşkarlanıb.
Bundan başqa, üzərində “nümunədir” yazısı olan müxtəlif çəkilərdə, ümumilikdə 67,5 qramlıq külçə qızıla bənzər materiallar da götürülüb.
Dörd valyutada nağd pul

Evin yardımçı tikilisində aparılan axtarış zamanı 90 min 800 türk lirəsi, 4 min 300 avro, 12 min 50 ABŞ dolları və 89 min BƏƏ dirhəmi də aşkarlanıb.
İş üzrə müxtəlif məbləğlərdə 3 çek, həmçinin üzərində adlar və rəqəmlər qeyd olunan iki səhifəlik dəftər vərəqi də müsadirə edilib.
“24 VKH” yazılı qızılı rəngdə telefon
Axtarış zamanı diqqət çəkən əşyalar arasında açılmamış qutuda iPhone 17 Pro Max, üzərində “24 VKH” yazısı olan qızılı rəngli örtüklü iPhone və qızılı rəngli düyməli mobil telefon da olub.
Mehmet Fatih Tançalanın adına verilmiş pasportun da həmin ünvanda aşkar edildiyi bildirilib.
İstintaq davam edir
Van Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində aşkarlanan pul, zinət əşyaları və digər materialların mənbəyi, həmçinin onların Tançalan işi ilə əlaqəsi ətraflı araşdırılır.
Türkiyə Cinayət Məcəlləsinin 282-ci maddəsi üzrə “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə bağlı istintaq davam edir.