“Söhbət məhkəməyə çıxmamalı idi”

Akademik Qulu Məhərrəmli ilə Arif Alışanovu barışığa çağırdı
Tanınmış telejurnalist Qulu Məhərrəmli ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov arasındakı günlərdir davam edən söz savaşı məhkəmə müstəvisinə keçib.
Teleşirkət sədri jurnalisti məhkəməyə verib. Bu barədə vəkil Rəşid Hacılı məlumat yayıb. Onun sözlərinə görə, A.Alışanov Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən Q.Məhərrəmli barəsində Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, jurnalist haqda cinayət işinin başlanmasını tələb edir. Şübhəsiz ki, bu şəxsiyyətlər arasındakı qalmaqal cəmiyyətdə də müsbət qarşılanmayıb. Hətta bəzi ictimaiyyət nümayəndələri məlum qarşıdurmanının xoşagəlməz olduğunu, tərəflərdən daha mötəbər və daha ibrətamiz örnəklər gözlədiklərini bildiriblər.
Millət vəkili, akademik Nizami Cəfərov da "Şərq”ə söyləyib ki, hər ikisi görkəmli ziyalıdır. Onların məhkəmədə üz-üzə gəlməsi yaxşı hal deyil: "Əlbəttə, A.Alışanov kifayət qədər tanınan insandı. Milli Məclisin də deputatı olub. Q.Məhərrəmli də tanınan jurnalistdir, alimdir. Ola bilər ki, müxtəlif səbəblərədən bir yerdə çalışmaq mümkün olmasın. Amma hər ikisi ziyalıdır. Söhbət məhkəməyə gedib çıxmamalı idi”. Onların barışmasını ürəkdən istədiyini deyən N.Cəfərov qeyd edib ki, imkan olsa, A.Alışanov və Q.Məhərrəmli ilə barışmaları istiqamətində danışıqlar apara bilər: "Barışıq haqda danışa bilərəm. Amma düşünürəm ki, buna ehtiyac yoxdur. Onların səviyyəsi elədir ki, məsələni özləri həll edə bilərlər”.
Ayyət Əhməd