"Son 15 ildə ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir" - Millət vəkili

"Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə, Heydər Əliyevə əbədi olaraq minnətdardır. Xüsusilə də ona görə minnətdardır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 15 ildir ki, etibarlı əllərdədir. Ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat bildirib ki, zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” -qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır:
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas ifadələrdir.
Son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır”.
Millət vəkilinin sözlərinə görə, Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir: 
"Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınıb və böyük nüfuz sahibi olub. Müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin başçısı İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır”.
E.Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev hələ 15 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Onun bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi:
 "Elə bu səbəbdən də xalq öz Prezidentini hər zaman dəstəkləyir. Çünki 15 il ərzində Azərbaycan böyük bir inkişaf yolu keçib, iqtisadiyatımız sürətlə inkişaf edib. Cənab Prezidentin əsas hədəflərindən biri qeyri-neft iqtisadiyyatının inkişafı məsələsidir. Bu sahədə 2.8 dəfə artım qeydə alınıb. Sənayedə artım 2.6 dəfəyə çatıb. Əsas prioritet sahələrdən biri kənd təsərrüfatının inkişafıdır ki, bu istiqamətdə də 1.7 dəfə yüksəliş qeydə alınıb. Dövlət başçısı Azərbaycanın ixrac yönlü iqtisadiyyatının inkişafını əsas hədəflərdən biri kimi seçib və bunun sayəsində son 15 il ərzində qeyri-neft ixracatı 4.1 dəfə artıb. Əgər 2003-cü ildə Prezident hakimiyyətə gələrkən Azərbaycanın valyuta ehtiyatları 1.8 milyard dollar təşkil edirdisə, bu gün 45 milyard dollara çatıb. Bunlar çox böyük nailiyyətlərdir və Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti ona gətirib çıxarıb ki, son 15 ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya qoyulub, bunun da yarısını məhz xarici investisiya təşkil edib”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclüdür, Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar, ölkəmizin bütün beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf tempinə malikdir: 
"Prezident çox intensiv və çevik xarici siyasət kursu həyata keçirir. Bütövlükdə dövlət başçısı İlham Əliyevin 15 il ərzində qazandığı nailiyyətlərin kökündə dayanan əsas amil odur ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursuna sadiqdir. Yeganə həllini tapmayan məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır ki, cənab Prezidentin səyləri sayəsində dünyanın əksər təşkilatları münaqişənin həlli ilə bağlı ərazi bütövlüyü prinsipini əsas prinsip kimi qəbul edib. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət xalqın mənafeyindən irəli gəlir və həm ölkə daxilində, həm də xaricdə yüksək qiymətləndirilir”.
İsmayıl