Son zəngin qəzaları...

Əhməd Qəşəmoğlu: “Cəmiyyətimizdəki avtomobil təhlükəsizliyi problemini aradan qaldırmaq lazımdır”
Ərşad Hüseynov: “Qəza şəraiti yaradan, yaxud da kiminsə həyatını təhlükəyə atan şəxs 18 yaşına çatmadığı halda onun əməlinə görə valideyn də məsuliyyət daşıyır”


Ucarda məzunlar yol qəzasına düşüb. Rayonun Heydər Əliyev prospektində Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü Namiq Aliq oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107” markalı minik maşını "Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ”ın sürücüsü, sərnişinləri - 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hər iki gənc orta məktəbdən bu il məzun olublar.
Qeyd edək ki, son günlər sürücülük vəsiqəsi olmayan məktəblilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artır. Valideynlər hesab edir ki, övladı avtomobili idarə edə bilirsə, ona maşının açarını əmanət etmək olar. Halbuki sürücülük vəsiqəsi olmadığı halda ən yaxşı sürücü belə qanun pozuntusuna yol vermiş olur, nəinki məktəbli uşaq.

Çünki sürücülük vəsiqəsi olmayan, necə gəldi maşın idarə edən insanlar öz həyatları ilə yanaşı başqalarının həyatını da ciddi təhlükəyə atırlar.
Bəla isə odur ki, valideynlər övladlarının vəsiqəsiz maşın idarə etdiyindən xəbərdardırlar. Bəzən buna özləri şərait yaradır, bəzən də sadəcə göz yumurlar.

Müasir dövrdə mədəniyyətin ən mühüm komponentlərindən birinin təhlükəsizlik olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu ölkəmizdə bununla bağlı müəyyən problemlər olduğunu söyləyib. Sosioloqun sözlərinə görə, cəmiyyətimizdəki avtomobil təhlükəsizliyi problemini aradan qaldırmaq lazımdır:
"Bu məsələ böyük bir "xəstə”liyin əlamətidir. Çünki Azərbaycanda valideynlərin təhlükəsizlik məsələsinə münasibəti elə də qənaətbəxş deyil. Bu istər ailədə, istər məişətdə, istərsə də avtomobildə belədir. Bu məsələlərə o qədər də diqqət yetirmirlər. Yəni, uşaq maşını bir az yaxşı sürürsə, "Ay maşallah, əla sürür” kimi ifadələr səsləndirirlər. Təhlükəsizlik məsələsi Qərb mədəniyyətində ciddi diqqət yetirilən bir məsələdir. Bizim regionlarımıza isə belə mədəniyyət hələ keçməyib. Cəmiyyət günü-gündən mürəkkəbləşirsə, cəmiyyətimizə texnika daha çox daxil olursa və texnikalı bir cəmiyyət yaranırsa, avtomobildən tutmuş evdəki adi elektrik əşyalarına qədər hər bir anlayışlar mədəniyyətimizə daxil olmalıdır.

Bir neçə il əvvəl qonşumuz evin damına çıxıb və ağlına da gəlməyib ki, ordan elektrik kabelləri keçir. Beləliklə, xaricdə təhsil alan gənc oğlan bir anın içində dünyasını dəyişdi. Çalışmalıyıq ki, təhlükəsizlik məsələləri mədəniyyətimizin mühüm komponentlərindən birinə çevrilsin”.

"Digesta” hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol qaydalarını pozan, qəza şəraiti yaradan, yaxud da kiminsə həyatını təhlükəyə atan şəxs 18 yaşına çatmadığı halda onun əməlinə görə valideyn də məsuliyyət daşıyır. Amma 18 yaşı tamam olubsa, onun özünün müstəqil qazancı ola bilər, maşın ala bilər, həmin maşını qanuni və ya qanunsuz sürə bilər, sürüb aləmi biri-birinə qarışdıra bilər və bütün bunlara görə özü məsuliyyət daşıyır. Valideynin bu işə heç bir qarışacağı yoxdur:

"Faktiki olaraq, 13-15 yaşında uşaqlara maşın verən məsuliyyətsiz valideynlər də var. Halbuki 18 yaşına çatmamış şəxsin sürücülük vəsiqəsi ola bilməz. Belə şəxsin avtomobil sürərək qaydanı pozması və ağır nəticəli qəza törətməsi Cinayət Məcəlləsinin (CM-in) 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin CM-nin bu maddəsi üzrə məsuliyyətə yalnız yaşı 16-nı keçmiş şəxslər cəlb edilirlər. 15 yaşında uşaq qəza törədərək 5 adamı da öldürsə, bu maddə üzrə cinayət məsuliyyəti daşımır. Nəqliyyat vasitəsini qaçırma məsələsi isə tamam başqadır. Bu əmələ görə CM-nin 185-ci maddəsi cinayət məsuliyyəti nəzərdə tutur. Bu cinayətin subyekti olmaq üçün 14 yaş kifayətdir. Özü də uşaq öz atasının maşınını da ondan icazəsiz sürüb aparsa, bu əməl CM-nin 185-ci maddəsinin tərkibini yarada bilər. Deməli, 17 yaşlı uşaq valideyninin avtomobilini qaçıraraq ağır qəza törədərsə, həmin qəzaya görə yox, məhz avtomobili qaçırmaya görə cinayət məsuliyyətinə cəlb ediləcək”.
Bəzi valideynlərin yeniyetmə övladlarına avtomobil idarə etməyi öyrətdiyini vurğulayan ekspert hesab edir ki, yeniyetməyə yolda avtomobil verilməməsi şərti ilə, bu, pis iş deyil. Lakin bəziləri bir az da qabağa gedərək həmin yeniyetməyə mütəmadi olaraq avtomobili yolda sürməyə imkan yaradırlar. Nəticəsi isə bəzən belə ağır faciələr olur.

Bu məsələ ilə bağlı qanunvericiliyimizdəki ciddi bir boşluğu da vurğulamaq istərdim. Belə ki, avtomobil sahibinin öz avtomobilini sürücülük hüququ olmayan şəxsə (o cümlədən övladına) verməsi və onun inzibati xəta xarakterli qəza törətməsi halında bu avtomobilin sahibinin inzibati məsuliyyəti var. 

İXM-nin 152-3.3-cü maddəsində belə hala görə avtomobil sahibi 180 manat cərimə edilir. Amma avtomobil sürücülük hüququ olmayan şəxsə verildikdə və həmin şəxs cinayət xarakterli qəza törətdikdə avtomobil sahibinin heç bir cinayət məsuliyyəti yoxdur. Açığı, şəxsən mən repressiv tədbirlərin sərtləşdirilməsinin tərəfdarı deyiləm. Amma belə hadisələr barədə eşidəndə bu kimi məsuliyyətsiz avtomobil sahibləri üçün cinayət məsuliyyətinin labüdlüyü aşkar görünür. Məncə, belə əməl üçün cinayət məsuliyyəti nəzərdə tutulsa, məsuliyyətsiz valideynlər öz avtomobillərini yeniyetmə uşaqlarına verməmək üçün daha ciddi olarlar”.

Şəymən