Liderlərin təması ABŞ və Avropada ciddi tənqid atəşinə tutulub
Sonun başlanğıcı...
Trampla Putinin görüşünə reaksiyalar fərqli oldu
Liderlərin təması ABŞ və Avropada ciddi tənqid atəşinə tutulub
Liderlərin təması ABŞ və Avropada ciddi tənqid atəşinə tutulub
Ötən gün Finlandiyanın paytaxtı Helsinkidə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Donald Tramp arasında görüş keçirilib. Prezidentlərin təkbətək və geniştərkibli görüşü 2 saata yaxın davam edib. Görüş zamanı iki ölkə arasındakı münasibətlərdə ağrılı nöqtələr, ticarət, hərbi, nüvə potensialı məsələləri, o cümlədən Çinlə münasibətləri müzakirə edilib. Putin və Tramp danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirsələr də, birgə bəyanat qəbul etməyiblər.
Görüşün detalları ilə bağlı ətraflı məlumatlar verilməsə də, hər iki ölkənin lideri bəzi məqamları ictimaiyyətə açıqlayıblar. Putin bəyan edib ki, Rusiya hakimiyyəti heç vaxt ABŞ-ın daxili siyasətinə təsir etməyə cəhd etməyib. Rusiya dövlət başçısı amerikalı həmkarı haqqında xoş sözlər də işlədib: "Hamı elə düşünür ki, Tramp biznesmendir, ancaq o, artıq siyasətçidir. Hər kəs onu yalnız biznesmen hesab edir, bu belə deyil. Çünki o, bir siyasətçidir və hər şeydən əvvəl seçicinin, əhalinin ondan nə gözlədiyini bilir və eşitdirir”. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, budəfəki görüş uzun prosesin başlanğıcıdır: "Qərara aldıq ki, gələcəkdə tez-tez görüşəcəyik. Putinlə dialoq birbaşa və açıq olub. Terrorla mübarizədə birgə kəşfiyyat əməkdaşlığı barədə razılığa gəlmişik”.
Tramp-Putin görüşü ciddi tənqidlərə məruz qalıb
Ümumilikdə tərəflər ilk ünsiyyətdən razı qaldıqlarını bildiriblər. Lakin Amerikanın siyasi və ictimai xadimləri Tramp-Putin təmasını tənqid ediblər. ABŞ-ın senatoru Con Makkeyn bəyanat yayaraq görüşü faciə adlandırıb: "Helsinkidəki mətbuat konfransı ABŞ prezidentinin ən biabırçı çıxışlarından biri oldu. Bu sammit faciəvi səhvdir. Tramp göstərdi ki, Putinə müqavimət göstərmək bacarığında və arzusunda deyil”. ABŞ-ın digər siyasi xadimləri də Trampı "yumşaq” davranmaqda ittiham ediblər.
Trampın tərəfdarı kimi tanınan Respublikaçı senator Lindzi Qraham tvitter mesajında mətbuat konfransını "buraxılmış fürsət” kimi dəyərləndirib: "Prezident Trampın cavabı Rusiya tərəfindən zəiflik əlaməti kimi qəbul ediləcək və həll etdiyindən daha çox problemlər yaradacaq”. Nümayəndələr Palatasının spikeri Paul Ryan isə Kremlin ABŞ dəyərlərinə fundamental şəkildə zidd olduğunu vurğulayıb: "Heç zaman ağlıma gəlməzdi ki, Amerika prezidenti Rusiya prezidenti ilə bir səhnədə dayanıb, Rusiya təcavüzünə görə Birləşmiş Ştatları qınayacaq”.
İngiltərə bəyan etdi: Rusiyaya qarşı...
Liderlərin görüşü barədə danışan İngiltərə baş naziri Tereza Mey Rusiyaya qarşı təzyiqlərin davam edəcəyini deyib. Onun sözlərinə görə, Avropanın mənafeyini və dəyərlərini məhv etməkdə israrlı olan Rusiyaya qarşı müqaviməti zəiflətmək olmaz: "Saylsburq qəsəbəsində yaşanan zəhərlənmə olayını unutmamışıq. Rusiya qlobal qanunları saymır. Moskvanın addımları Qərb demokratiyasını parçalamaq və mənafeyimizə zərər vermək üçün nümayiş edilən davranışın fərqli nümunəsidir”.
"Putin Trampın zəif damarını tapıb”
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Helsinki görüşü iki ölkə arasında dialoqun davam edəcəyini göstərir. Onun sözlərinə görə, Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır: "Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu, sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək, onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu da vurğulayıb. Bu mənada Trampın zəif damarını tapıb”.
Ekspert deyib ki, İran məsələsində iki lider arasında razılaşma olacağı gözlənilmirdi: "Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Eyni zamanda prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər. Ukrayna böhranında da tərəflərin mövqeləri dəyişməyib. Mətbuat konfransında prezidentlər Ukrayna mövzusuna ümumiyyətlə toxunmadılar. Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki, Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi.
Çünki Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Obama özünə borc bilirdi ki, Ukraynanı dəstəkləsin. Trampın isə belə bir dərdi yoxdur. Putin Rusiyanın ABŞ-dakı seçki prosesinə qatılmadığını xatırlatdı. Məsələ burasındadır ki, Trampa Amerikada müxalif olanlar, o cümlədən Konqres və media Putinin dediklərinə inanmır. Putin inanır ki, Trampla dialoq ümumi işin xeyrinədir. Ancaq Konqres və Amerikadakı müxtəlif siyasi və media mərkəzləri belə hesab etmir”.
"Tək görüşlə məsələlərin həll olunması mümkün deyil”
Politoloq Tofiq Abbasov da söyləyib ki, sözügedən görüşün detalları pərdə arxasındadır: "Qərb mətbuatı bir müddət əvvəl informasiyalar yaydı ki, ABŞ və Rusiya arasında görüşün keçirilməsini istəyən qüvvələr İsrail və onunla əlaqələr qurmaqda olan bəzi ərəb dövlətləridir. Bu qüvvələr iki supergüc arasında isti münasibətlər yaratmaqla Yaxın Şərqdəki gərginliyi bir qədər azaltmağa çalışırlar.
Bu görüşün gözlənilən qədər məhsuldar olacağına, sözügedən maraqlı qüvvələrin istəyini təmin edəcəyinə inanmıram. Çünki Putin əksər məsələlərin açarını öz əlində saxlaya bilsə də, çoxşaxəli idarəçiliyə malik olan Amerikanın prezidenti üçün eyni fikri demək mümkün deyil.
Tramp Amerikada oturuşmuş sistemə dəyişiklik etməyə çalışır, müəyyən qədər də müvəffəq olur. Lakin bu, hər zaman belə olacaq anlamına gəlmir. Amerikanın geosiyasi müstəvidə prioritetlərinin həll yolu digər ölkələrlə münasibət qurmaqdan, onlara təzyiq etməkdən keçir. İstənilən halda Amerika və Rusiya rəhbərlərinin görüşü bir qədər yüngüllük, geosiyasi atmosferə dəyişiklik vəd edir. Bu isə müsbət haldır. Belə görüşlər mütəmadi keçiriləcəksə, formatın müvəffəqiyyətinə ümid etmək olar. Əks halda prezidentlər arasındakı görüş müvəqqəti mülayimlikdən başqa heç nə vəd etmir”.
İsmayıl