SOS: "Çoxçeşidli yas və toy süfrələri, təmtaraqlı qəbir daşları..."

Əhməd Qəşəmoğlu:"Mafioz quruplar elan verib, bildirirlər ki, imkan verin, yas mərasimlərimizi el adəti ilə keçirək"
"İndiki zamanda ölkəmizdə baş tutan toy və yas mərasimləri, eyni zamada dəbdəbəli qəbir daşları xalqımızın imicinə zərər vurur".
Bunu "Sherg.az"a sosioloq Əhməd Qəşəmoğlu bildirib.
O qeyd edib ki, bu mövzu ətrafında kifayət qədər müzakirələr aparıb:
"Milli Məclis sözügedən məsələ ilə bağlı qanuna dəyişiklik etmək istəyir və mən bu təşəbbüsü dəstəkləyirəm. İndiki məqamda yas mərasimləri utancverici hal alıb. Hətta buna sosial bəla da demək olar. Biz islam dininə inanırıq və islamda dünyasını dəyişənlərin bu şəkildə dəfn edilməsinə icazə yoxdur. Rəhmətə gedən insanın qarşısında bizim əsas borcumuz ona cənazə namazı qılıb, normal adət-ənənələrlə dəfn etdirməkdir. 
Ondan sonra insanlar yığışıb, kiçik bir mərasim təşkil edə bilərlər. Lakin indiki kimi təntənəli, özünü nümayiş etdirmək şəkilində dəfn mərasimlərinin keçirilməsi doğru deyil. Bu mənfi xüsusiyyət sonda insanların özünü də çox pis vəziyyətə salır. Təsəvvür edin ki, evinə gündəlik çörək ala bilməyən bir yoxsulun ailəsində kimsə rəhmətə gedir. Artıq həmin vaxt dünyasını dəyişənlərin yaxınları ailə üzvünü itirməsinin üzüntüsünü bir kənara qoyub, yas mərasimi üçün təşvişə düşür. Borc almağa, kredit götürməyə adam axtarıb, tapa bilmir. Həyəcan içərisində dost, qonşu, qohumun mərasimlə bağlı nə deyəcəyini düşünür. Və bununla da çox çətin vəziyyət yaşayır. Min illərdir ki, müdrik insanlar cəmiyyətdə mənəvi dəyərlərin öndə olmasını deyir. Çünki mənəvi dəyərlər öndə olanda cəmiyyət öz-özünü tənzimləyir. Həmin dəyərlər arxa plana keçib, maddi və digər dəyərlər önə keçəndə cəmiyyətdə arzuolunmaz bir vəziyyət yaranır. Ona görə də yas və toy mərasimlərində mənəvi dəyərləri irəli çəkməliyik. 
Düşünürəm ki, indiki vaxtda baş tutan yas mərasimlərimizi ləğv etməliyik. Xalqımızın mental xüsusiyyətlərinə uyğun dəfn məclisləri keçirməliyik. Üç-dörd il bundan əvvəl bu sahə ilə bağlı ciddi işlərə başlandı. Bir sıra qurumlara məsələ ilə bağlı göstərişlər verildi. Lakin bu yas mərasimlərinin qabarıq formada keçrilməsini istəyən bir şəbəkə var ki, onlar bundan xeyli miqdarda gəlir götürür. Həmin şəbəkə bu tendensiyanın ləğvinə imkan vermir. Beş-altı il bundan öncə bəzi qurumlarla danışıqlar apardım. Amma onların danışdıqlarından başa düşdüm ki, yas mərasimlərinin qabarıq formada keçirilməsinin sürətlənməsini istəyən mafioz quruplar elan verib, bildirirlər ki, imkan verin, yas mərasimlərimizi el adəti ilə keçirək. Lakin elin belə bir adəti nə vaxtdan var? Həmçinin onu deyim ki, Naxcıvanda bu istiqamətdə çox müsbət işlər görülüb. Demək olar ki, bütün kəndlərdə yas mərasimləri, qəbiristanlıqlar sadədir. Xarici ölkələrdə məzarlıqda bütün qəbirlər eyni qaydada olur. Bununla da hamını Allahın hüzurunda eyni hiss edirsən. Lakin bizdə fərqli qəbirlər, dəhşətli mənzərələrlə dolu bir qəbirstanlıq görürük. Onlara maddi ziyan verir. Milli Məclisdə də bu kimi mənfi tendensiyanın qarşısının alınması istiqamətində atılan addımları alqışlayıram".
Ə.Qəşəmoğlu onu da əlavə edib ki, yalnız inzibati metodlarla toy və yas mərasimləri ilə bağlı təşkil edilən təntənəli məclislərin, dünyasını dəyişən insanlara qoyulan müxtəlif formalı qəbirlərin qarşısını almaq mümkün deyil:
"Dəfələrlə deyirəm ki, indi cəmiyyətimiz mürəkkəbləşib. İnzibati yolla hər hansı bir nəticəni əldə etmək sadə cəmiyyətdə mümkün ola bilər. Lakin mürəkkəb, Bakı şəhəri kimi qarışıq bir ortamda birtərəfli metodlarla nəticə qazanmaq çətindir. Ona görə də bu sahədə kompleks işlər həyata keçirilməlidir. Həm inzibati metodlar tətbiq edilməli və marifləndirmə işləri aparılmalıdır. Televiziyalarımızda şit-şit verilişlərin yerinə bu sahə ilə bağlı proqramlar yayınlanmalıdır. Bu işlərin ciddi bir fəaliyyət proqramı olmalıdır. Onun əsasında da kompleks işlər baş tutmalıdır”.
Kənan Eynuroğlu