"Sosial ədalətsizlik var"

Adəm Məmmədov: "Azadlığa çıxmış şəxslər işlə təmin edilmir"

Azadlığa çıxdıqdan sonra təkrar cinayətlər törətmiş şəxslərin sayı olduqca çoxdur. Bu problemin həlli isə dövlətin, hüquq mühafizə orqanlarının və cəmiyyətin önündə dayanan vacib məsələlərdən biridir. Keçmiş məhkumlar azadlığa çıxdıqdan sonra bəzən işsiz qalır, yaşamaq üçün maddi vəsaitləri olmur, onlara sosial yardım göstərilmir. Nəticə etibarilə belə insanlar yenidən cinayət yolunu tuturlar.

Tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov bununla bağlı "Şərq"ə danışarkən qeyd edib ki, hazırda sosial problemlər üzündən normal insanlar belə cinayət törədirlər, o ki qaldı keçmiş məhbuslar bunu etməsin:

"Keçmiş məhkumların cəmiyyətə inteqrasiyası haqqında qanun var. Lakin bu qanun real tətbiq olunmur. Azadlığa çıxmış şəxslər işlə təmin edilmir. Nəticədə maddi cəhətdən bir çox problemlərlə üzləşirlər. Ümumiyyətlə, cəmiyyətdə normal insanların belə sosial təminatı heç də yaxşı deyil. Camaat güclə dolanır, maddiyyat üzündən çox əziyyət çəkir. Bu səbəblər ucbatından hətta adi insanın belə cinayət törətmək riski var. Cəmiyyətdə sosial ədalətsizlik var. İş yerləri çox azdır. Sosial problemlərə görə cinayətlər çoxalır. Məhkum olunmuş insanları da daha sonra işə götürmürlər, onlara güvənmirlər. Nəticə etibarilə onu demək olar ki, bizdəki vəziyyət məhkumların islah olunması üçün uyğun deyil".

Aytac Ali