"Sosial evlərin imkansız insanlara əlçatan olması zaman tələb edəcək" - EKSPERT






"Sosial evlərin tikilməsi proqramı sosial proqramların şahıdır”. Bunu "Sherg.az”a sosial evlərin sıravi insanlar üçün əlçatan olub-olmamasından danışarkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. O bildirib ki, bu layihə mütləq həyata keçiriləcək:

"Çünki Azərbaycanın bu məsələyə sərf edəcək kifayət qədər potensialı var. Bu layihənin bizə maraqlı tərəfi isə digər təbəqə insanlar üçün nə zaman əlçatan olacağıdır. Hazırda bu barədə danışmaq tezdir. 2018-ci ildə il sosial evlər təhvil veriləndən sonra mərhələli formada proqram davam etdiriləcək. Sosial evlərin imkanı daha aşağı olan insanlara verilməsi zaman tələb edəcək. Çünki son iki ildə makroiqtisadi tarazlığın pozulması ucbatından iqtisadiyyatımızın çatışmazlıqları hamısı üzə çıxdı. Bunların aradan qaldırılması üçün kifayət qədər vaxt tələb olunur. Ola bilər, pilot proqramlar tətbiq olunsun. Sözügedən təbəqələr üçün qısamüddətli layihələr həyata keçirilə bilər. Bununla bağlı müəyyən təkliflər irəli sürülür və üzərində mütəxəssislər çalışır. Yəqin ki, gələcəkdə bu pilot proqram kimi dövlətə təqdim ediləcək. Lakin onların şərtləri bu sosial proqram kimi əlverişli deyil.

Ümumilikdə isə bu barədə danışmaq hələ tezdir. Çünki ilk növbədə makroiqtisadi tarazlıq bərqərar olunmalıdır. Bu proseslərin yekununda sosial evlərin hər kəsə şamil edilməsinə də toxunulacaq. Hazırda hələlik bu maktual deyil”.

Qeyd edək ki, 2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər.

Aysel Aslan