Sosial mənzillər tikiləcək

Evlər uzunmüddətli kreditlə satılacaq və əlavə sahələri inkişaf etdirəcək




Azərbaycanda aztəminatlı əhalinin mənzillə təminatı məqsədilə sosial mənzillərin tikintisi layihəsinə başlanır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında bildirib. Prezident deyib ki, sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək: "Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaq”.

Sosial evlər həm Bakıda, həm də rayonlarda tikiləcək

Dövlət başçısı bəyan edib ki, sosial mənzillərin tikintisi iki məqsəd daşıyır: - Aztəminatlı əhalinin mənzillə təmin edilməsi və işsizliyin azaldılması. Sosial mənzillər bütün şəhər və rayonlarda tikiləcək: "Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq”.

Evlər uzunmüddətli kreditlə satılacaq və əlavə sahələri inkişaf etdirəcək

Prezident bildirib ki, belə mənzillər aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətli kreditlərlə veriləcək. Sonradan həmin ailələr bu mənzillərə mülkiyyət hüququ alacaqlar: "Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək”. Sosial mənzillərin tikintisi təkcə mənzil təminatına və işsizliyə yox, iqtisadiyyatın digər sahələrinə də dəstək olacaq. Prezident vurğulayıb ki, mənzillərin verilməsi nəticəsində yeni zəruri istehlak ehtiyacları yaranacaq ki, bu da iqtisadiyyatın 20-dək digər sahələrini inkişaf etdirəcək: "Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaq”.

Mənzillər ipoteka şərtləri ilə deyil, kirayə müqaviləsi əsasında veriləcək

Məlumat üçün bildirək ki, mənzillər maya dəyəri aşağı olsun deyə çoxmərtəbəli binalar formasında tikiləcək. Vətəndaşların bu evlərə sahib olma qaydaları da çox sadədir. Ekspertlərə görə, vətəndaşlar bəzən güzəştli ipoteka kreditləri ilə sosial evləri qarışdırırlar. Ancaq bunlar fərqli anlayışlardır. Güzəştli ipoteka krediti ilə vətəndaş harada istəsə, müəyyən şərtlər daxilində mənzilə sahib ola bilər. Ancaq sosial evlər konkret müəyyənləşdirilmiş mənzillərdir. Sosial evlər ipoteka şərtləri ilə deyil, kirayə müqaviləsi əsasında verilir. Vətəndaşlar müəyyən müddət orada yaşayıb, müqaviləyə uyğun olaraq, ödənişi bitirdikdən sonra həmin evlərə sahiblənirlər. Xatırladaq ki, heç bir halda dövlətin vətəndaşa ev vermək öhdəliyi yoxdur. Lakin buna baxmayaraq dövlət sosial mənzil fondu vasitəsilə vətəndaşa mənzilə sahib olmaq üçün kömək edir. Bununla da minlərlə ailə uzun müddətdən bəri əziyyət çəkdiyi mənzil problemindən qurtulmuş olur.

"Mövcud ipoteka şərtləri əhali üçün əlçatmazdır”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib ki, "sosial evlər” layihəsi düzgün və səmərəli hazırlanarsa, gənc ailələrin ev problemi tezliklə həllini tapar. Ekspertə görə, hazırda fəaliyyət göstərən ipoteka mexanizmi ilə əhalinin mənzil problemini həll etmək mümkünsüzdür: "Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 146 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Dörd nəfərdən ibarət ailənin aylıq gəliri orta əmək haqqı səviyyəsindədirsə, həmin gəlir ailənin yaşayış minimumundan belə aşağı çıxır. Belə vəziyyət mövcud ipoteka şərtlərini əhalinin əksər hissəsi üçün əlçatmaz edir. Deməli, hazırda fəaliyyət göstərən ipoteka mexanizmi nəinki əhalinin yoxsul təbəqəsi, heç orta statistik azərbaycanlı üçün də əlçatan deyil. Ona görə də biz istər Milli Məclisdəki, istərsə də KİV-lərdəki çoxsaylı çıxışlarımızda ipoteka mexanizmi ilə yanaşı, "Sosial Evlər” layihəsinin də həyata keçirilməsinin zəruriliyini qaldırmışıq, bir sıra təkliflər irəli sürmüşük. Aztəminatlı təbəqələrin sosial müdafiəsini gücləndirməyin çox effektli üsullarından biri sosial ipoteka layihəsini reallaşdırmaqdır”.

"Layihənin reallaşması iqtisadi fəallığı, yeni iş yerlərinin sayını artıracaq”

Deputat bildirib ki, Prezidentin sosial evlər məsələsinin əhəmiyyətini vurğulaması, beynəlxalq praktikadan çıxış edərək layihəni faktoloji materiallarla göstərməsi bu işi yubadan məmurların bəhanələrini aradan qaldıracaq: "Prosesi sürətləndirməkdən ötrü məqsədli proqramın, zəruri hüquqi bazanın yaradılması, işlək mexanizmin hazırlanması vacibdir. Sosial evlər layihəsini bu ildən başlayaraq reallaşdırmaq lazımdır ki, ipoteka şərtləri ilə ev almağa imkanı çatmayanlar ayda 60-70, maksimum 100 manat ödəməklə "sosial evlər”in sahibi olsunlar. İş düzgün qurularsa, layihənin reallaşması bütövlükdə ölkədə sosial problemlərin həllində əvəzsiz rol oynayacaq. Sosial evlər layihəsinin həyata keçirilməsi iqtisadi fəallığı, yeni iş yerlərinin sayını xeyli artıracaq. Tikinti materialları və onunla bağlı sahələrin inkişafına görünməmiş təkan verəcək. Həmçinin, gənc ailələrin boşanma hallarının artmasının qarşısını alacaq”.

İsmayıl