Şou verilişlərdə peşəkarlıq yoxdur

Ona görə aparıcılar belə proqramlara qaçırlar
“MTRŞ verilişlərin səviyyəsini yüksəltmək istəyirsə, ən yaxşı proqramı təqdim edənlər mükafatlandırılmalıdır”


Telekanalların şou xarakterli verilişlərlə insanları əyləndirməsi müsbət haldır. Amma bunu ürəkaçan şəkildə həyata keçirmək lazımdır. Bu sözləri "Şərq”ə tanınmış media eksperti Zeynal Məmmədli deyib. Onun sözlərinə görə, baxımlı verilişin təşkili üçün ciddi xərc və yaxşı komanda olmalıdır:

"Amma biz bunun əksini görürük. Şou xarakterli verilişlərin aparıcıları bir neçə müğənnini dəvət edir, maqazin üslublu, "ilk və son sevgilin kim olub” xarakterli suallar verir. Sonra da hərəsinə 2-3 mahnı oxutdurur. Bəzən isə o müğənninlər biri-birinə nalayiq sözlər deyir. Bununla da veriliş başa çatır. Bir sözlə, belə verilişlər əziyyət tələb etmir. Onun üçün aparıcılar da belə proqramlara üz tuturlar. Belə layihələrdə peşəkarlıq tələb olunmur. Ona görə də, son zamanlar bayağı verilişlərin sayı çoxalıb. Amma bunlar nəticədir. Səbəb isə ifadə və media azadlığının yetərli səviyyədə olmamasıdır”.

"Həmin bayağı verilişlərə qarşı Milli Televiziya və Radio Şurası (MTRŞ ) hansı addımlar atmalıdır” sualına gəlincə, ekspert qeyd edib ki, sözügedən qurum ədəbsiz ifadələrlə bağlı cəza tətbiq etməlidir: "Bu vacibdir. Amma baxın, MTRŞ verilişlərin səviyyəsini yüksəltmək istəyirsə, telekanalların diqqətini önəmli ictimai mövzulara cəlb etməlidir. Bu istiqamətdə müsabiqə təşkil edilməlidir. Ən yaxşı proqramı təqdim edənlər mükafatlandırılmalıdır və onun proqramına uyğun veriliş hazırlanmalıdır. Bu cür nümunələrlə digər teleşirkətləri də meylləndirmək olar. Lakin inanmıram ki, indiki şəraitdə bu mümkün olsun. Çünki MTRŞ-nin qərarında ictimai-siyasi söhbəti yoxdur. Problemin kökünü bilmədən dərman yazmaq olmaz. Xəstəyə diaqnozu dəqiq qoymaq lazımdır ki, müalicə də ona uyğun getsin . MTRŞ isə dəqiq deyil, təxmini diaqnoz qoyur. Bu da xəstə verilişləri müalicə etmək əvəzinə, onun durumunu ağırlaşdırır”.

Ayyət Əhməd