Söz veriblər, qəza aradan qaldırılıb

Bakıya verilən içməli su qıtlığı bu gündən həll olunacaq




Paytaxtda su qıtlığı yaşanır. Həm də yayın bu isti günlərində.
Şəhərin 3 mərkəzi inzibati rayonunda - Səbail, Yasamal və Binəqədi ərazisinə suyun verilməsində problemlər var. Bir neçə gün öncə, "Azərsu” ASC bu barədə əhaliyə xəbərdarlıq etmişdi. Xəbərdarlıq bundan ibarət idi ki, kəmərdəki qəza ilə bağlı suyun verilməsində fasilələr olacaq. Yəni, ay camaat, özünüzü susuzluğa hazırlayın.

Bu da isti havada çox çətindir. Bir gün su verilməyəndə insan təntiyir. Həsrətlə, sabahı gözləyir. Bəs, susuzluq iki gün, üç gün çəkəndə, görün nə vəziyyət yaranır. Yayda su gəlmirsə, şəhər sakinlərinin sözü budur: "qırılırıq...”. Srağagündən etibarən susuz rayonlar sırasına Suraxanı da qoşulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində də su qıtlığı başlayıb.

Paytaxtın susuz qalmasının səbəblərini "Azərsu” ASC-dən öyrənməyə çalışdıq. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Şərq”ə açıqlamasında Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yarandığını təsdiqlədi:

- Biz bu barədə xəbər vermişdik ki, Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş verən qəza ilə əlaqədar Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr olacaq. Qəzanın aradan qaldırılması istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Suyun təzyiqi tədricən artırılır. Sabahdan etibarən suyun verilməsi normallaşacaq. Adi rejimə qayıdacağıq.

A.Cəbrayıllı Kür-Bakı su xəttində baş vermiş qəzanın səbəblərini su kəmərinin köhnə olması ilə izah etdi.

Amma yay aylarında Bakının suya həsrət qalmasını avtoyuma məntəqələrinin sayının çoxluğu ilə izah edənlər də var. Məlumatlara görə, avtoyuma məntəqələrində su sayğacları quraşdırılmayıb. Məntəqələrin sahibləri su pulunu nağd ödəyir, sayğacın quraşdırılmasını sərfəli saymırlar. Belədə, sudan istədikləri qədər istifadə edirlər. Avtoyuyucuların necə yüksək təzyiqlə avtomobilləri yuduğunu çoxumuz müşahidə etmişik. Belə yerlərdə əlavə iş kimi, xalça-palaz da yuyulur. Yol kənarlarında yerləşən avtoyuma məntəqələrinin suyu səhər-axşam yola axıtdığını görürük. Təbii ki, belə vəziyyətdə evlərə, mənzillərə su gəlib çatmayacaq. Onsuz da, Bakıda xüsusilə yay aylarında su qıtlığı ənənəvi qaydadır, avtoyuyucular da bir tərəfdən suyumuza şərik çıxır.

A.Cəbrayıllı isə yay aylarında paytaxtda yaşanan "ənənəvi” su qıtlığının şəbəkə ilə bağlı olduğunu dedi:

- Bəli, yay aylarında su ilə bağlı problemlər olur. Bu da əsasən şəbəkə ilə əlaqəlidir. Məlumdur ki, paytaxtda son illər əhalinin sayı artıb. Məskunlaşma sıxlığı var. Fərdi həyət evlərinin də sayı artıb. Bağ evlərində, bağların, bostanların sulanmasında içməli sudan istifadə olunur. Bu da su qıtlığının yaranmasına səbəb olur. Paytaxtın elə əraziləri var ki, orada su qıtlığı yaşanır. Məsələn, 5-ci Mədən küçəsi, Samir Əliyev küçələri...

Su qıtlığının yaranmasında avtoyuma məntəqələrinin "payına” gəlincə isə, A.Cəbrayılov bunun elə də böyük əhəmiyyət kəsb etmədiyini bildirdi:

- Avtoyuma məntəqələri su qıtlığına elə də böyük təsir etmir. Əsas problem fərdi evlər və içməli suyun bağ-bostanın sulanmasında istifadə olunmasıdır.

Məlahət Rzayeva