Sterliqovu Rusiya Qarabağa göndərib

Qabil Hüseynli: “Dağlıq Qarabağda bizə meydan oxuyan şəxsi aradan götürməyi bacarmalıyıq”
"Lyubov Kazarnovskaya və German Sterliqovun adları Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan "arzuolunmaz şəxslər” siyahısına daxil edilib”. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Qurum sözçüsü bildirib ki, ziddiyyətli bioqrafiyası olan G.Sterliqovun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməsi və orada "insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır:
"İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən azərbaycanlıların faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır”. G.Sterliqovun işğaldakı ərazilərimizdə mətbuat konfransı keçirməsi barədə açıqlamasını XİN sözçüsü bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz "özünüreklam” cəhdi kimi qiymətləndirib: "KİV nümayəndələrinə bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik. KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında” qanununun və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri "arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəklər”.
XİN-in addımını dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, daha ciddi tədbirlər görülməlidir: 
"Sterliqov ərazilərimizdə təsərrüfat yaratmaq niyyətindədir. Bu çox təhlükəli tendensiyadır. Ermənilər bu faktordan istifadə edib, Rusiyada aqrar sahədə çalışanları Dağlıq Qarabağa cəlb edə bilər. G.Sterliqov ekspansionalist və müsəlmanlara nifrət edən adamdır. Onun Dağlıq Qarabağa gəlməkdə məqsədi pul qazanmaqdan çox Rusiya ekspansionalizminin yeni formasını işə salmaqdır. Həm də deyilənə görə, o, millətçi dairələrə yaxındır. Bu səbəbdən düşünürəm ki, Azərbaycan daha kəskin mövqe sərgiləməlidir. Onları "arzuolunmaz şəxs” siyahısına salmaqla fəaliyyətini bitmiş saymalı deyil. Hansı yolla olursa olsun, G.Sterliqovun Dağlıq Qarabağ fəaliyyətinə imkan verilməməlidir. Hətta onun başına pul qoyub aradan götürmək də olar”.
Ekspertin sözlərinə görə, məsələnin diplomatik həlli də mümkündür: "Məsələn, Rusiyaya demək lazımdır ki, vətəndaşını ərazilərimizə buraxmasın. Çünki Sterliqovun ora gedib, fəaliyyətlə məşğul olması üçün Azərbaycanın icazəsi olmalıdır. Onun ərazilərimizə böyük sərmayə yatırıb, fermer təsərrüfatına başlaması aşkarca ekspansianizmdir. Hətta məsələ beynəlxalq məhkəmələrə də çıxarıla bilər. Azərbaycan həmin şəxs haqda iddia qaldırıb məhkəməyə də verə bilər. Beynəlxalq məhkəmə vasitəsilə onun ərazilərimizdən çıxmasına nail ola bilər. Bir sözlə, gücümüzü nümayiş etdirmək istəyiriksə, Dağlıq Qarabağda bizə meydan oxuyan şəxsi aradan götürməyi bacarmalıyıq. Bu, dövlətin qarşısında duran əsas işlərdən biridir”.
Ayyət Əhməd