Su İdarəsi yazıçının gününü qara edib

Hər dəfə evə şişirdilmiş faktura gəlir, Xeyrəddin Qoca da heç kimdən bunun izahını öyrənə bilmir




"İlin 12 ayı Nəsimi rayon SuKanal İdarəsi ilə bizim aramızda sözün əsl mənasında "telefon davası” olur”. Bu sözləri xeyli vaxtdır idarənin nəzarətçiləri ilə problem yaşayan tanınmış yazıçı-publisist Xeyrəddin Qoca "Şərq”ə açıqlamasında deyib.

Yazıçı bildirib ki, hər ay idarənin nəzarətçiləri bilə-bilə ki, evdə su sayğacı var və hər su ödənişini vaxtında ödəyirik, yalandan şişirdilmiş rəqəmli bir qəbz yazıb qapıya qoyaraq gedirlər: "Qəbzi qapıdan götürəndə məlum olur ki, nəzarətçilər hesabı sayğacdan iki-üç qat artıq yazıblar. Hər dəfə onlara zəng vuranda başlayırlar eyni "nağılı” söyləməyə: "Sayğac göstəricilərinin oxunması mümkün olmadıqda (yəni evdə adam olmadıqda və qapını açmadıqda) hesabat orta sərfiyyat olaraq aparılır”. Hər ay orta sərfiyyat 4 nəfər ailə üzvü üçün hesablanır, bizim ailədə 10 ildən çoxdur ki, 2 nəfər (ər-arvad) qeydiyyatdadır. Başqa heç kim yaşamır və biz bu barədə idarəyə dəfələrlə bildirmişik, onlar da düzəliş apardıqlarını deyiblər. Aprelin 9-da yenə qapıya bir "hesab fakturası” qoyublar. Guya bizim 12 manat 56 qəpik su borcumuz var. Əlavə də 6 manat 44 qəpik borc qalığı (?!) olduğunu qeyd ediblər. 11 fevral 2016 tarixli son ödəniş zamanı sayğac üzrə 1049 kub metr sərfiyyat üzrə ödəniş etmişik. İndi isə sayğac 1068 rəqəmini göstərir. Yəni biz cəmi 19 kub metr su işlətmişik. Bu da hər bir kuba 36 qəpik olmaqla, 6 manat 84 qəpik edir. Qəbzdə nəzarətçi Rüfət Yusiflinin ad-familiyası da olduğundan onun nömrəsini tapıb zəng vurduq, o da yuxarıdakı "nağılı” söyləməyə başladı. Həm də dil-boğaza qoymadan o qədər əsassız danışdı ki, əsəblər tarıma çəkildi. Nəhayət dedi ki, bəs "fakturada mənim ad-familiyam olmasına baxmayın. Həmin fakturanı mən yox, bizim nəzarətçi Tural Əfəndiyev yazıb, indi deyərəm, sizə zəng vurar”. X.Qoca deyib ki, bir müddətdən sonra T.Əfəndiyev zəng vurub, amma o da yazdığı 12 manat 36 qəpik borcun haradan "əmələ gəldiyini” əsaslandıra bilməyib: "Dedi ki, "sayğacın şəklini çəkərəm (?), sonra da fakturada düzəliş edərəm..”. Hansı ki, hər ay belə düzəliş aparmalı olurlar. Hər dəfə bizim əsəblərimiz pozulur. O gəlmədi, dedi ki, "sayğacda göstərilən rəqəmi SMS vasitəsi ilə mənə göndərin”. Mən də göndərdim. Bir gün sonra yenə zəng vurdum ki, nə oldu? T.Əfəndiyev cavab verdi ki, "idarəyə vermişəm baxırlar, həqiqətən siz 19 kub metr su işlətmisiniz”. Bəli, hər ay eyni vəziyyət davam edir. Yəni hər ay hesab fakturası yalan yazılır və "telefon davası” başlayır. Söhbət bir filmdə deyildiyi kimi, "bir kilo sosiskadan getmir”. Yəni 5-6 manatın davasını etmirəm. Bir neçə dəfə nəzarətçilərin yazdıqları şişirdilmiş məbləğləri ödəmişəm ki, əsəblərimiz korlanmasın. Nəsimi rayon SuKanal İdarəsində iradları vecinə alan yoxdur. Qəribə burasıdır ki, hər ay hesab fakturasında müxtəlif nəzarətçilərin ad-familiyası yazılır. Bunlarınki işləmək deyil, camaatı narazı salmaq, əsəblərimizlə oynamaqdır. Bu nə qədər belə olacaq?”.

İsmayıl