Sülh platformasına ehtiyac var, zəruridir

Amma bu işin işğalçı rolunda çıxış edən ermənilər arasında təbliğatına ehtiyac var



Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma yaradılıb. Platforma, tərəfləri Dağlıq
Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirlər görməyə çağırıb.

İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağın erməni və
azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan
arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması məsələləri gündəmdədir.
Platforma Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün bölgənin
azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək. Münaqişənin tezliklə
sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə
daimi əməkdaşlıq quracaq və xalqı diplomatik fəaliyyətə cəlb edəcək. Məlumat üçün bildirək ki,
bəyanatı Ermənistan tərəfdən hüquq müdafiəçiləri Vahe Avetyan, Vaan Martirosyan, Syuzan
Caqinyan, Azərbaycan tərəfdən isə "Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura
üzvü Rövşən Rzayev, professor Kamil Səlimov və "İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək”
İctimai Birliyinin sədri Şəlalə Həsənova imzalayıblar. 

Platformanın yaradılması ilə bağlı "Şərq”ə fikirlərini bölüşən millət vəkili, hüquqşünas Çingiz Qənizadə belə bir təşəbbüsü təqdirəlayiq hesab edib: 

"Əgər platforma həqiqətən iki dövlət və xalq arasında sülhə xidmət edəcəksə, müsbət addım
kimi dəyərləndirilməlidir. Yox əgər bu ad altında qrant mənimsəmə ilə məşğul olacaqsa, o zaman
yolverilməzdir. Ümumilikdə erməni hüquq müdafiəçilərinin Azərbaycana gəlişi, Xocalı abidəsi
önündə baş əyməsi, Azərbaycan xalqından üzr istəmələri müsbət haldır. Hesab edirəm ki, bu,
onların məsələyə vicdanlı yanaşmasının nəticəsidir. Mən belə platformanın yaradılmasının
tərəfdarıyam”. Deputatın fikrincə, platformanı təsis edənlərin müraciəti Azərbaycan dövlətinə, siyasi
hakimiyyətinə deyil, birbaşa Ermənistan hakimiyyətinə və ictimaiyyətinə ünvanlanmalıdır: "Çünki
işğalçı rolunda çıxış edən, yersiz aqressiya nümayiş etdirən məhz ermənilərdir. Onlar ərazimizi işğal
ediblər. Amma Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bizməsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Hamımız məsələyə o prizmadan yanaşırıq. Lakin düşmən
ölkənin rəhbərliyi atəşkəsin pozulmasında, məsələnin uzanmasında maraqlıdır. Hesab edirəm ki,
məsələnin qaldırılması yerindədir və zəruridir. Son məlumatlara görə, erməni ictimaiyyəti, düşmənin
əsgər və zabitləri Sarkisyan rejiminin işğalçılıq siyasətindən beziblər. Onlar özgə torpaqları uğrunda
döyüşmək, ölmək istəmirlər. O baxımdan bu işin ermənilər arasında daha sürətlə aparılması yaxşı
olardı”.

İsmayıl