“Təəssüf ki, İran, Rusiya və Amerika silahlı kürdləri PKK-nın törəməsi kimi qəbul etmirlər”
“Rusiya prosesə seyrçi qala bilməz. Sözdə də olsa, Türkiyənin silahlı kürdlərə zərbə endirməsinə etiraz etməlidir”
Rusiya Türkiyəni Suriyadakı əməliyyatları Əsədlə razılaşdırmağa və kürdlərə zərbə endirməməyə çağırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, suveren dövlətin ərazisində keçirilən hər hansı bir hərbi əməliyyatı həmin ölkənin hökuməti ilə razılaşdırmaq lazımdır: "Ankaranı müxalif qüvvələrin və Suriya kürdləri də daxil olmaqla, etnik qrupların dislokasiya olunduğu yerlərə zərbə endirməkdən yayınmağa çağırırıq”.
Rusiyanın narahatlığının səbəblərini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib ki, böyük dövlətlər Türkiyəni təkləməyə çalışırlar: "Türkiyə ordusu sərhəddi keçib, İŞİD mövqelərinə zərbə endirdiyi ilk gündən Rusiyanın səsi çıxmır. İŞİD hamının düşməni sayılır. Amma hiss olunurdu ki, Ankaraya qısqanc münasibət var. Heç bir ölkə ordusu quru əməliyyatda iştirak etmir. Türk ordusu isə Suriya sərhədini keçib terrorçulara zərbələr endirib. Ona görə ki, həmin terrorçular Türkiyə ərazisində partlayışlar törədirlər. Ankara bəyan etmişdi ki, onun iki hədəfi var. Onlardan birincisi İŞİD-i, ikincisi isə silahlı kürdləri vurmaqdır.Çünki silahlı kürdlər PKK-dan törəmədir. Çox təəssüf ki, İran, Rusiya və Amerika silahlı kürdləri PKK-nın törəməsi kimi qəbul etmirlər. Türkiyə isə haqlı olaraq İŞİD-lə bərabər həmin silahlı kürdlərə zərbə endirir. Türkiyənin tələbi vardı ki, həmin silahlı kürdlər Türkiyə ərazisinə keçməsinlər. Amma onlar buna əməl etmədilər. Amerikanın vitse-prezidenti Cozef Baden də Ankaranın tələblərinin haqlı olduğunu söyləyib və deyib ki, silahlı kürdlər Türkiyəyə keçməməlidir. Amma keçirlər və oradan Türkiyəyə zərbələr endirirlər”.
Ekspertin qənaətincə, hazırda Ankara ilə Moskva arasında istiləşmə müşahidə olunur: "Düşünmürəm ki, Rusiyanın məlum bəyanatı ciddidir. Nəzərə almaq lazımdır ki, Rusiya Əsədin müttəfiqidir. İndi də guya Moskva Türkiyənin Suriyaya müdaxilə etməsinə narazıdır. Rusiya prosesə seyrçi qala bilməz. Sözdə də olsa, Türkiyənin silahlı kürdlərə zərbə endirməsinə etiraz etməlidir. Etiraz isə əməldə deyil, yalnız sözdədir. Yəni Rusiya-Türkiyə münasibətləri istiləşməyə başladıqdan sonra Moskva silahlı kürdlərə dəstəyini dayandırıb. Lakin Amerika silahlı kürdləri dəstəkləməkdə davam edir. Silahlı kürdlərin PKK-dan törəmə olmasına baxmayaraq onlara silah verir. ABŞ silahlı kürdlərə dəstək verməklə Türkiyəni təxribata çəkir. Düşünürəm ki, Ankara mövqeyindən çəkilməyəcək. Onu da deyim ki, türk ordusu həmin ərazilərdə çox da qalası deyil”.
Ayyət Əhməd