Suriya müttəhimlərinin iddiaları yalandır

Elçin Behbudov: “İstirahətə getməyiblər. Əllərinə silah alıb döyüşüblər”
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin - Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ruslan Mustafayevin vəkili Elmar Hüseynov vəsatətlə çıxış edərək, məhkəmədən hüquqlarını müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqdan çıxarılaraq vəkillərinin yanında oturmasını istəyib. Hakimlər yerində müşavirə edərək vəsatəti təmin etməyib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlərin heç biri ittiham üzrə özünü təqsirli bilməyib. Və iddia ediblər ki, döyüş bölgəsinə insanlara yardım məqsədilə yollanıblar.
Müttəhimlərin iddialarını dəyərləndirən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Şərq”ə açıqlamasında qeyd edib ki, ora gedənlərin əksəriyyəti vəhhabilərdi. Təşkilat sədrinin sözlərinə görə, vətəndaşlarımız döyüş bölgəsinə pul qazanmaq niyyəti ilə gedirlər: "Baxın, sonuncu dəfə MTN-də olanda Suriyaya gedib-gələn bir nəfərlə görüşdüm. Dedi ki, Elçin müəllim, mənə vəd verdilər ki, yaxşı pul qazanacaqsan. Orda maşın və ev veriləcək. Lakin getdim ki, vədlərinin heç bir öz təsdiqini tapmadı. Əlimə silah verib, təlimə göndərdilər. O, bir məsələni də bildirdi ki, namaz qıla bilməyənləri güllələyirdilər. Aldandığımı görəndə, Azərbaycana qayıtdım. Və məni tutdular. Bu reallıqlar fonunda zənn edirəm ki, sözügedən altı nəfər orada olub”.
Bununla yanaşı, E.Behbudov vurğulayıb ki, qərar sözə yox, fakta əsasən çıxarılır: "Məhkəmə var. Araşdırıb, bir qərara gələcək. Fakt odur ki, müharibədə iştirak edənlərə kömək məqsədilə gediblər. Səfərlərinin motivində döyüş dayanıb. Döyüşə qatılanları dəstəkləyiblər. İstirahətə getməyiblər. Əllərinə silah alıb döyüşüblər”.
Müttəhimlərin "Suriyaya xeyirxahlıq məqsədilə getmişdik” bəhanəsinə gəlincə, həmsöhbətimiz deyib ki, belə cəsarətlidirlərsə, gedib ermənilərə qarşı döyüşsünlər: "Başqa dövlətin ərazisində silahlı dəstələrə qatılmaq xeyirxahlıqdı? Çox söz deyə bilərlər. Amma hər şey araşdırmalardan sonra müəyyənləşəcək”.
Ayyət Əhməd