BNA əməkdaşları ötən illərdən acı xatirələri qalmış Nəqliyyat Nazirliyinin müfəttişlərini yada salır
Sürücülər cərimələrdən cana doyub
Bakı Nəqliyyat Agentliyi haqqında getdikcə mənfi fikirlər formalaşır
BNA əməkdaşları ötən illərdən acı xatirələri qalmış Nəqliyyat Nazirliyinin müfəttişlərini yada salır
BNA əməkdaşları ötən illərdən acı xatirələri qalmış Nəqliyyat Nazirliyinin müfəttişlərini yada salır
Bakı Nəqliyyat Agentliyinin dayanacaqdan kənar sərnişin düşürməyə görə sürücüləri cərimə etməsi bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Sanki paytaxt sakinləri, necə deyərlər, himə bəndmiş. Mövzunun açılmasının səbəbkarı isə «525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir. Rəşad Məcid Bakı Nəqliyyat Agentliyi ilə bağlı tənqidi status yazıb:
"Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!”.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də elə sosial şəbəkədə Rəşad Məcidə geniş cavab yazıb.
«Nə qazanırıq ki, cərimə də yazırlar?»
Amma cavaba keçməzdən öncə, qeyd etməliyik ki, sözügedən məsələ həqiqətən də problem halını alıb artıq. İctimai nəqliyyatdan hər gün – müntəzəm istifadə edənlər sürücülərin cərimələrdən ilan vurmuş kimi qorxduqlarının şahididir. Sərnişinlərin dayanacaqdan kənar saxlamaq xahişinə, hətta bəzən israrına qarşı sürücülərin «saxlaya bilmərəm, sənə görə, cərimə olunum?!» cavabını da çox eşidirik. Bir neçə gün əvvəl 50 saylı marşrut xəttindəki sürücünün elə bu cərimələrdən gileylənib məzlumcasına «dünən 100 manat cərimə yazıblar…» deməsinin şahidi oldum. Sonra da əlavə etdi ki, «nə qazanırıq ki, cərimə də yazırlar?!».
Dayanacaqdan kənar avtobusun saxlanması həqiqətən də problemə çevrilib. Biz sərnişinlərdə də günah çoxdur, sürücülərdə də. Hamı istəyir ki, getdiyi mənzilə yaxın məsafədə avtobusdan düşsün. Sürücülərsə boyunlarına ağır yük kimi qoyulmuş planı ödəməkdən ötrü, yolun ortasında dayanan sərnişini də avtobusa mindirir: «30 qəpik də qənimətdi». Həmçinin, paytaxt yollarının optimallaşdırılması hələ də lazımi qaydada deyil. Elə yollar var ki, dayanacaqlar arası məsafə həqiqətən də uzundur. Halbuki, bəzi yaşayış məntəqələri yol kənarlarında yerləşir. Bəs oranın sakinləri avtobusdan harada, hansı dayanacaqda düşsün? Misal üçün, Babək prospekti ilə Qaraçuxura gedən avtomobil yolu. Keçmiş hərbi hissənin yerləşdiyi ərazi. Ora el arasında «çastın yolu» adlanır. Fərdi evlərdir başdan-ayağa. Amma avtobus dayanacağı yoxdur. Belə vəziyyətdə sərnişin istər-istəməz sürücüdən yolun «ortasında» saxlamasını xahiş etməli olur. Amma razıyam ki, yersiz, ehtiyac olmadığı halda, 2-3 metrlik məsafəyə görə avtobusun saxlamasını tələb edənlər də olur. İstənilən halda bu problemə çözüm tapılmalıdır.
«Biz sadə vətəndaşın işini asanlaşdırırıq»
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə mövcud problem barədə bunları deyib:
- Diqqətinizə çatdırım ki, Bakı Nəqliyyat Agentliyi iddia etdiyiniz kimi, sürücülərə "qan uddurmur”. Sadəcə, sizə görülən tədbirləri və əldə olunan nəticələri izah edəcəm. Nəticə çıxarmağı isə özünüzə buraxıram. Ümid edirəm ki, cəmiyyətin nüfuzlu ziyalısı olaraq ədalətli yanaşma nümayiş etdirəcəksiniz.
Bakı Nəqliyyat Agentliyi uzun illərdən bəri paytaxt yollarını keçilməz edən qanunsuz parklanmaya qarşı mübarizə aparmaqdadır.
Yanvar ayının 9-dan bu işə qanunsuz parklanmaya intellektual nəzarət kameraları da cəlb edilib. Görülən işlər nəticəsində, xüsusən də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti normallaşıb. Hərəkət intensivliyi artıb. İlk dəfə olaraq, 70-dən yuxarı müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində stabilləşmə müşahidə edilir. Bu isə gün ərzində 1.300.000 sərnişinin əlavə vaxt itkisinə, stresə məruz qalmadan daşınması deməkdir. Düşünürəm ki, nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayıb ictimai nəqliyyatdan istifadə edən insanın yolunu kəsənlərə qarşı mübarizə heç bir halda qan uddurmaq kimi qiymətləndirilə bilməz. Bunu etməklə biz, sadə vətəndaşın işini asanlaşdırıb onu əlavə vaxt itkisindən azad edirik. Hamı rahat avtomobildə hərəkət etmir. Bunu yəqin ki, bilirsiniz. Bizim məqsədimiz cəmiyyətimizin çoxluğunu təşkil edən bu insanların rahatlığını təmin etməkdir. Bu arada, ola bilər sualınız yaranar ki, bəs ictimai nəqliyyatda digər problemlər də var. Bəli, var, bunu bilirik və 3 ildir bu problemlərin həlli ilə məşğuluq. Avtobus parkı yenilənir, nağdsız ödənişin əhatə dairəsi genişləndirilir. Möhtərəm cənab prezidentimiz tərəfindən bununla bağlı müvafiq sərəncam da imzalanıb. Hədəfimiz bütün ictimai nəqliyyatda xidmətin keyfiyyətini artırmaq, insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaqdır. Bu, həm şəhərimizin ekoloji durumunun yaxşılaşdırılması baxımından da vacibdir.
Digər bir yandan, kameraların iş prinsipinə əsasən, sürücü nəqliyyat vasitəsini 5-6 dəqiqə saxladığı halda ona qarşı cərimə tətbiq edilmir. Bu isə sərnişini bir neçə dəfə mindirib düşürməyə yetəcək qədər bir zamandır. Yolun ikinci və üçüncü hərəkət zolağında saxlayanlar isə dərhal qeydə alınır və tədbir görülür.
Yolun ikinci və üçüncü zolağında heç bir halda saxlamaq olmaz. Niyə kimsə minib düşəcək deyə yolda hərəkət dayanmalıdır. 20 saniyəlik maneə bir neçə dəqiqəlik sıxlıq deməkdir”.
«BNA əməkdaşları sabiq Nəqliyyat Nazirliyinin müfəttişlərini xatırladır»
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli «Şərq»ə açıqlamasında problemin bir neçə faktorla bağlı olduğunu dedi:
- Avtobusların parklanma qaydalarını pozması, bəzi yerlərdə dayanacaqlar arasındakı uzun məsafə, sərnişinlər arasında yaşlı, ahıl, xəstə insanların olması, avtobuslar üçün nəzərdə tutulan zolaqların digər avtomobillər tərəfindən tutulması, bütün bunlar avtobusların dayanacaqdan kənar saxlamalarını şərtləndirir. Şəhər infrastrukturunun optimallaşdırılması o deməkdir ki, avtobus dayanacaqlarının digər avtomobil vasitələri tərəfindən zəbt olunmasının qarşısı alınsın, dayanacaqlar arasındakı məsafə düzgün təyin edilsin, dayanacaqlar yaşayış massivləri və əhali sıxlığına görə müəyyənləşsin, avtobuslar arasındakı intervallar lazımi qaydada və günün saatlarına və yenə də sərnişin sıxlığına görə tərtib edilsin. Problemlər hələ də kifayət qədər çoxdur və hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi vəzifələrinin öhdəsindən tam şəkildə gələ bilmir. Çox istərdim ki, bu fikrimi də qeyd edəsiniz; BNA əməkdaşları ötən illərdən acı xatirələri qalmış Nəqliyyat Nazirliyinin müfəttişlərini yada salır. Yadınıza gəlir, yük maşınlarının sürücülərinin başına nə oyun gətirirdilər?! Təəssüf ki, BNA əməkdaşları barədə də getdikcə belə mənfi fikir formalaşmaqdadı. Məncə, BNA bu reallığı görüb uyğun addımlar atmalıdır.
İ.Hüseynli şəhər daxilində ictimai nəqliyyat problemlərinin həllini demək olar, tapdığını da vurğuladı:
- Bir neçə il öncəyə nisbətən hazırda şəhərdaxili yollarda problemlər həllini tapıb. Sərnişinlər də artıq qəbul edir ki, avtobus dayanacaqdan kənar saxlamayacaq. Bu, xüsusilə də kart sistemi ilə işləyən ictimai nəqliyyat vasitələrinə aiddir. Amma təəssüf ki, kart sistemi hələ də tətbiq olunmayan ictimai nəqliyyat vasitələrində hələ də özbaşınalıq, nağd ödəmələr, interval problemi, sürücülərin həm yol-hərəkət qaydalarını pozmaları, həm də etik davranış qaydalarına riayət etməmələri hiss olunur. Digər tərəfdən xüsusilə Bakı kəndləri yollarında ictimai nəqliyyat problemi həllini tapmır. Bakı kəndləri istiqamətində dayanacaqların sayını mütləq artırmaq lazımdı. Dayanacağın biri kəndin bu başındadı, biri o biri başında. Kənd camaatı üçün bu, böyük əziyyətdir. Öncə vətəndaşa və çalışana düzgün, əlverişli şərait yaradılmalıdır, sonra ondan hansısa qaydanı pozmaması tələb edilməlidir. Mən ümumiyyətlə, yeni qaydalara adaptasiya dövründə cərimələrin əleyhinəyəm. Biz çalışmalıyıq ki, cəmiyyətdə güzəştlərlə qarşılıqlı etimad əldə edilsin. Sürücü sərnişini, sərnişin sürücünü anlasın. 12 saat fasiləsiz sükan arxasında əyləşən sürücünün psixoloji durumunu da nəzərə almaq lazımdır. Bu insan, 12 saat sükan arxasındadırsa, siqaret də çəkmək istəyəcək, çay içmək də. Bu sistem mütləq dəyişməlidir.
İ.Hüseynli avtobus sürücülərinin BNA tərəfindən cərimə edilməsini düzgün saymadığını da dedi:
- Əvvəllər bu məsələyə Dövlət Yol Polisi baxırdı. Amma artıq qanunla bu vəzifə BNA-ya həvalə edilib. Mən də bunun tərəfdarıyam ki, bu kimi məsələlər DYP-nin nəzarətində və səlahiyyət dairəsində olsa yaxşıdır. Amma qanun, qanundur. Hansı qurum olursa-olsun, söhbət inzibati xətaya hüquqi qiymət verilməsindən gedir və cərimə tətbiq olunur. Lakin yenə də təkrar edirəm ki, cərimələrə keçməzdən öncə, düzgün iş və fəaliyyət şəraiti yaradılmalı, şəhər infrastrukturu əhalinin və çalışanların normal hərəkətini təmin edəcək səviyyədə qurulmalıdır.
Məlahət Rzayeva