Tahir Kərimli girovlarımıza görə özünü günahkar sayır

“Mən onların ağrılarını bəzən öz canımda hiss edirəm”
“Məgər biz bu qədərmi çarəsizik? Əslində bütün problemlərin kökündə Dağlıq Qarabağ məsələsi dayanır”



Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib. Girovun qardaşı İlham Quliyev məktubun 4 gün bundan əvvəl gəldiyini deyib: "Vəziyyətinin pis olduğunu, dərmanla yaşadığını yazıb. Ödündən əməliyyat olunub. Dərmanla yaşayan adam necə olacaq?”.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, lakin məktub gəlmədiyini deyib: "3 gün bundan qabaq BQXK-dən zəng vurdular ki, atamla görüşüblər. Guya atamla bağlı hər şey qaydasındadır. Şahbazın vəziyyəti pisdir. İndi təsəvvür edin ki, Şahbaz dərmanla yaşayırsa, atam hansı vəziyyətdədir”.

Millət vəkili Tahir Kərimli "Şərq”ə açıqlamasında deyib ki, hər bir Azərbaycan vətəndaşı girovlar məsələsinə görə özündə məsuliyyət hiss edir: 

"Bəzən də özümüzü günahkar kimi hiss edirik. Populizm deyil, doğrudan da mən onların başına gətirilən faciələrə çox üzülürəm. Onların ağrısını bəzən öz canımda hiss edirəm. Düşünürəm ki, bu acizlik ağrısıdır. Məgər biz bu qədərmi çarəsizik? Əslində bütün problemlərin kökündə Dağlıq Qarabağ məsələsi dayanır. Biz bu münaqişənin həllinə nail olmalıyıq ki, girovlarımız məsələsi birdəfəlik həll olunsun”. 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə girovlarımızın azad olunması məsələsinə gəldikdə isə millət vəkili deyib ki, Ermənistan təəssübkeşliyi onları lazımi məlumatları Azərbaycana çatdırmalarına mane olur: 

"Sözsüz ki, bu məsələnin əsas ağırlığı onların üzərində deyil. Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar erməni girovluğunda olan günahsız azərbaycanlıları düşməndən alıb, bizə qaytara bilməyəcək. Beynəlxalq təşkilatların gücü ilə girovlarımızı azad olunacağına ümid etmək sadəlövhlük olardı. Dağlıq Qarabağ münaqişəsi elə bir düyünə düşüb ki, beynəlxalq təşkilatlar ucu ora söykənən hər hansı məsələnin həllinə nail ola bilmirlər”.

T.Kərimlinin sözlərinə görə, Azərbaycan aktiv müstəviyə keçərək beynəlxalq məhkəmələrə müraciət etməli və Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığına nail olmalıyıq: 

"Azərbaycan dövləti həmişə öz vətəndaşına sahib çıxıb, bundan sonra da çıxacaq. Doğmaları bilsin ki, Dilqəmin, Şahbazın taleyi Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir, onların azad edilməsi ilə bağlı beynəlxalq səviyyədə daim ciddi iş aparılır. Azərbaycan dövləti öz vətəndaşlarını heç vaxt taleyin ümidinə buraxmır. Dilqəm də, Şahbaz da girovluqdan azad ediləcək”.

Şəymən