İnzibati üsullarla yol mədəniyyətinin səviyyəsini qaldırmaq mümkündür
Cərimələrin tətbiqini həyata keçirmək bir qədər çətin ola bilər: “Çünki siqaret çəkən şəxslər deyirlər ki, bu, bizim hüququmuzdur"
Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr qüvvəyə minib. Bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barədə qanun (İXM-in 322-ci maddəsinə düzəliş) artıq bu gündən qüvvədədir. Ekspert əlavə edib ki, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 1-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklik tütünlə bağlı cərimələrin tətbiq olunmasıdır. Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.
Mövzu ilə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, yol hərəkəti mədəniyyəti olduqca geniş məfhumdur. Ekspertin sözlərinə görə, cərimələrin tətbiqi yol mədəniyyətinin artırılmasına təsir göstərəcək:
"Çünki hərəkətin təşkili zamanı xidmət keyfiyyətinin artırılması nəzərdə tutulur. Bir var xidmətin kəmiyyəti, yəni xidmətin əhatə dairəsinin çox olması. Bir də var ki, xidmət keyfiyyətinin yüksəldilməsi. Xidmət keyfiyyətinin artırılması isə sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Ona görə də belə cərimələrin tətbiqi olduqca yaxşı haldır. Ümumiyyətlə, nəqliyyat vasitələrində həm hərəkətin təhlükəsizliyinə, həm də yol mədəniyyətinə təsir edən bəzi amillər var ki, onların qarşısını almaq lazımdır. Bunlardan biri də zərərli vərdişlərin ictimai mühitdə qarşısının alınmasıdır”.
Ekspert bildirib ki, bəzi vaxt siqaret çəkmək kütləvi xarakter alır.
Ona görə də cərimələrin tətbiqini həyata keçirmək bir qədər çətin ola bilər:
"Çünki siqaret çəkən şəxslər deyirlər ki, bu, bizim hüququmuzdur. Amma kənardakı adamların hüquqlarını pozduqlarını fikirləşmirlər. Düşünürlər ki, siqaret çəkmək onların hüquqlarıdır, amma əslində belə deyil. Cərimələrin tətbiq olunması müəyyən qədər təhlükəsizliyin təmini üçündür. İnsan hərəkət zamanı başqa yerə fikir verəndə diqqəti yayınır və bu, təhlükəsizliyə təsir edir. Həm də ki, siqaretdən istifadə insanın səhhətinə də zərərli təsir göstərir. Amma qanunun icra mexanizmi çox çətindir. Kütləvilik deyilən bir forma mövcuddur. Bəzən olur ki, qanun olsa da, insanlar bəzi davranışlara adət kimi baxırlar.
Çox yüksək səviyyəli mədəniyyətə malik olan insanlar da siqaret çəkirlər. Bəlkə istəyirlər ki, bunu tərgitsinlər, amma tərgidə bilmirlər. Hər bir insanın yüzlərlə qeyri-etik hərəkətləri var. Siqaret çəkənlər də bunu qeyri-etik hərəkət kimi sayacaqlar, qanun pozuntusu kimi yox. Cərimələrin tətbiqi hələ ilkin pillədədir. İnsanlar yavaş-yavaş uyğunlaşacaqlar. Biləcəklər ki, dövlət tərəfindən qanun qəbul olunub. Gələcəkdə 90 faiz insanlar qanuna əməl edəcəklər. İnzibati formada insanları qanuna əməl etməyə məcbur etmək bir az çətindir. Çünki müvafiq icra mexanizmi hələ qurulmayıb. Ona görə də təbliğat və maarifləndirmə formasında cərimələrin tətbiq olunduğunu əhaliyə çatdırmaq lazımdır. Çünki hər kəs cəmiyyətin bir hissəsidir. İnsanlar bunu hiss etməlidirlər.
Cərimələrin az-çox olması barədə müəyyən qədər mübahisələr ola bilər. Fikrimcə, 40-50 manat bir az çoxdur, 20 manatla başlasaydılar, daha yaxşı olardı. KİV-lərdə, televiziyalarda təbliğ etmək lazımdır ki, insanlar mənəvi cəhətdən məsuliyyətlərini hiss etsinlər”.
Yeganə Bayramova