Tam üzən məzənnə rejiminin tətbiq edilməsini şərtləndirən AMİLLƏR...






"Mərkəzi Bank (MB) xeyli vaxt öncə üzən məzənnə rejiminə keçdiyini bəyan etmişdi. Elə o vaxtdan bəlli idi ki, bu, hələ də idarə olunan məzənnə siyasətidir”.

Bu sözləri "Sherg.az”a 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejiminin tətbiq olunacağı ilə əlaqədar proqnozlara münasibət bildirərkən iqtisadi şərhçi Hafiz Babalı söyləyib. 

Onun fikrincə, üzən məzənnəyə keçid üçün ölkənin valyuta resurslarının onun idxalının həcminə olan nisbəti yetərli deyil:

"Bunu şərtləndirən əsas amillərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Sözügedən istiqamətdə tədbirlərin görüldüyü vurğulansa da, ölkə iqtisadiyyatı əvvəlki kimi neftdən və onun ixracından gələn valyutadan asılıdır. Hansısa yaxın dövrü tam üzən məzənnəyə keçid olaraq hədəf müəyyən etmək olar, amma bunun üçün iqtisadi bazis də formalaşdırılmalıdır. 2020-ci il isə tam üzən məzənnə rejiminin tətbiq edilməsi üçün seçilən çox erkən tarixdir”.

Qeyd edək ki, Monitorinq və Qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında 2020-ci ildə Azərbaycanda tam üzən məzənnə rejiminin tətbiq olunacağı vurğulanıb. Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.

Aysel Aslan