“Kim deyirsə yaxşı jurnalist, aparıcı yoxdu, mən bu fikirlə qətiyyən razılaşa bilmərəm. Çünki istər gənc, istərsə də orta nəslin jurnalistləri arasında yetərincə intellektual səviyyəsi, savadı olan jurnalistlər, aparıcılar
“Tamaşaçı nə qədər bayağı, mənasız verilişləri izləməlidir?”
İlqar Rəsul: “Azərbaycan telekanallarında rəqabət yoxdu. Hamı biri-birini təkrarlayır”
“Kim deyirsə yaxşı jurnalist, aparıcı yoxdu, mən bu fikirlə qətiyyən razılaşa bilmərəm. Çünki istər gənc, istərsə də orta nəslin jurnalistləri arasında yetərincə intellektual səviyyəsi, savadı olan jurnalistlər, aparıcılar
“Kim deyirsə yaxşı jurnalist, aparıcı yoxdu, mən bu fikirlə qətiyyən razılaşa bilmərəm. Çünki istər gənc, istərsə də orta nəslin jurnalistləri arasında yetərincə intellektual səviyyəsi, savadı olan jurnalistlər, aparıcılar
Bu gün televiziyalara baxış, münasibət dəyişib. Yaxın ölkələrin kanallarına baxanda belə biz yenilikləri, inkişafı sezirik. Amma bizimkilər hələ də sovet jurnalistikasının təsirindən çıxa bilmirlər. Jurnalist İlqar Rəsulun teleməkana olan fərqli baxışı, maraqlı fikirlərini "Şərq”in oxucularına təqdim edirik.
- Azərbaycan teleməkanına baxışınız maraqlıdı. Necə görünür?
- Bərbad vəziyyətdə. Bir tamaşaçı olaraq da, bir jurnalist olaraq da Azərbaycan teleməkanının bugünkü görünüşü məni qətiyyən qane etmir.
- Qane olmadığınız nədi? Nəyi görə bilmirsiz?
- Əslində görmək istədiyimiz çox şeyi görə bilmirik. Görməyə heç nə tapmırıq. Əsas problem budu. Tamaşaçı istədiyini bizim televiziyalarda tapa bilmir. Baxın digər ölkələrin telekanallarına, görün bizdə nələr çatmır? Məncə, çatışmayan qüsurlarımız çoxdu. Düşünürəm ki, teleməkanlarda yeni maraqlı layihələrə ehtiyac var. Sosial sifarişli layihələrə üstünlük verilməlidir. Onda tamaşaçı başqa ölkələrin proqramlarından çox özümüzü izləmək marağında olacaq. Belə sosial mesajlı layihələr olanda tamaşaçı gileyi azalar. Şou xarakterli verilişlərin sayı bir az məhdudlaşsa, tamaşaçıya daha maraqlı, məlumat verə biləcək daha lazımi verilişlər təqdim olunsa, tamaşaçı zövqü formalaşmış olar. Azərbaycan telekanallarında rəqabət yoxdu. Hamı biri-birini təkrarlayır. Eyni şou tipli verilişlər bütün kanallarda təqdim olunur. Şou nümayəndələri də yenidir deyə demək olar fərq, özəllik hiss olunmur. Tamaşaçı nə qədər mənasız, bayağı şou verilişlərini izləməyə məcbur qala bilər ki?
- Azərbaycan teleməkanıda sizin dediyiniz sosial tipli verilişlər də az qala şoulaşdırılıbsa... Sosial verilişlərdə bəzən yalançı göz yaşları, ürəkgetmələr, təcili yardımın çağrılması kimi insanların psixologiyasına təsir edən verilişləri necə dəyərləndirə bilərsiz?
- O nə televiziyaçılıq, nə də jurnalistikadır. Jurnalistika tamamilə başqa bir anlam daşıyır. Jurnalistika ağlatmağa xidmət etmir. Burda televiziyaların kommersiya maraqları özünü göstərmiş olur. Televiziya maddi imkanlarını məhz kommersiya gəlirləri ilə tənzəmlədiyindən burda reytinq və digər məsələlər təsirini göstərir. Amma bir də qeyd edirəm ki, bu, jurnalistika deyil. Televiziyanın məqsədi bu olmamalıdı.
- Televiziyada təcrübəli jurnalistlərə imkan verilmir deyə bu problemlər daha çox qabarmış olur, ya bu gün jurnalistikamızda da boşluq var?
- Azərbaycanda kifayət qədər potensialı, savadı olan jurnalistlər var. Kim deyirsə yaxşı jurnalist, aparıcı yoxdu, mən bu fikirlə qətiyyən razılaşa bilmərəm. Çünki istər gənc, istərsə də orta nəslin jurnalistləri arasında yetərincə intellektual səviyyəsi, savadı olan jurnalistlər, aparıcılar var. Sadəcə ola bilər ki, onların potensialını ortaya qoya bilən layihələr yoxdu. O layihələr ki, peşəkar jurnalistikanın işini, savadlı jurnalistin gücünü, intellektini ortaya qoya bilər, belə layihələri görə bilmirik. Bəlkə də televiziyalar bunun marağında deyil.
- Bu nə ilə bağlıdı? Niyə televiziyalarımız bunun marağında deyillər? Televiziyalarımız doğrudanmı bütünlükdə televiziyanın stereotipini maddi marağa qurban verməyə məcburdular? Başqa şəkildə televiziyaları yaşatmaq olmazmı?
- Mənə elə gəlir ki, televiziyalarımız bununla bağlı öz konsepsiyalarını yenidən qursalar, bu sahənin inkişafı üçün əmək sərf etsələr, istənilən nəticəni əldə etmək mümkün olar. Amma bunun üçün ilk növbədə güclü potensial kadra ehtiyac olacaq. Peşəkarlar bu işə cəb edilməlidir. Burda təkcə maddi maraqdan da söhbət getmir. Hər televiziyanın öz çərçivəsi var, burda çalışan aparıcı da, jurnalist də o çərçivəyə uyğun layihə təqdim etməyə məcburdu. Amma yaradıcılıq çərçivə sevmir. Bunu teleməkanda olan hər kəs dərk etməlidir. Yaradıcı mühitdə çərçivə olsa, orda artıq yaradıcılıqdan söhbət gedə bilməz.
- Yaradıcılıq sərbəstlik sevmir deyirik. Tam sərbəstliyi necə, tamaşaçımız qəbul edə bilirmi? Ya da sərbəstlik adı ilə bayağılıq televiziyanı daha ucuz göstərməz ki?
- Yaradıcılıq baxımından sərbəstlik tamamilə başqa bir anlayışdı. Kimsə efirdə şpaqat açırsa, bu, yaradıcılıq sərbəstliyi də demək deyil. Baxmayaraq televiziyada bu da ola bilər. Mümkündü. Amma yaradıcılıq efir qurmaq, fərqli, maraqlı layihə təqdim etməkdi.
- Teleməkanda dil qüsuru məsələsi də son vaxtlar daha çox müzakirə, mübahisə predmetinə çevrilib. Aparıcı, televiziyada olan simanın ləhcə ilə danışması nə dərəcədə doğrudu? Bunu qəbul etmək olarmı?
- Təbii ki, televiziyada ədəbi dildə danışılması daha doğru olar. Bu kimi hallar bəlkə başqa ölkənin telekanallarında da ola bilər. Olmasa daha yaxşı olardı. Amma dünya teleməkanında bu kimi problemlər arxada qalıb. Dünya televiziyasının praktikası belə məqamları çoxdan keçib. Əsas məsələ hansı tonda, hansı ləhcədə, hansı şivə ilə danışmaq deyil, əsas məsələ tamaşaçını qıcıqlandırmamaqdı. Efirdə elə danışmalısan ki, tamaşaçıda qıcıq yaranmasın. Əsas məsələ layihənin necə təqdim olunmasıdı. Aparıcı, layihə rəhbəri elə veriliş təqdim etməlidir ki, tamaşaçı ordan məlumat əldə edə bilsin, veriliş onu düşündürməyə vadar etsin. Televiziyada hər bir veriliş ünvanını tanımalıdı. Əgər sənin təqdim etdiyin layihənin ünvanı bəlli deyilsə, deməli, sən televiziyadan xəbərsizsən. Biz televiziyanın əsas məqsədini kənara qoyub, problemin kökünü deyil, dildə qüsur məsələsini qabardırıq. Düzdü, dildə qüsur olmamalıdı. Amma bundan daha vacib problemlər var Azərbaycan teleməkanlarında. Amma tamaşaçı bəzən bunu da bilmir ki, aparıcının oxuduğu, təqdim etdiyi mətnin müəllifi bəzən özü olmur. O məntiqsiz cümlələrin müəllifi tutaq ki, redaktordu. O, ekranda arxa planda qalsa da, əslində ən böyük məsuliyyətlərdən biri onun üzərində qalır. Əsas nə və necə təqdim etməkdi. Təsəvvür edin ki, biz yaxşı bina tikməliyik. Binada insanların nə qədər rahat olması vacibdi, biz əvvəl onun rəngini mübahisə edirik. Televiziyanın özülü düzgün qurulmalı, strategiyası bəlli olmalıdır ki, sonra ona uyğun da iş qurulsun, layihə hazırlansın. Hər bir televiziya öz tamaşaçısını tanımalı, onun ünvanını bilib, ona ünvanlanmış layihə təqdim etməlidir. Bizdə televiziyalarımız ünvansız fəaliyyət göstərir. Qüsurların hərəsi ayrı-ayrılıqda xırda görünə bilər, amma televiziyada bunlar kompleks şəklində həllini tapmırsa, televiziya kasıb, bir az dəbsiz, bir az zövqsüz, bir az rəngsiz və səssiz görünəcək. Bu gün təkcə televiziya informasiya mənbəyi olmadığı üçün alternativ mənbələr, internet var. Ona görə televiziya bu gün daha maraqlı layihələrin təqdimatında israrlı olmalıdı.
- Televiziyada estetika nəzərə alınmalıdırmı?
- Təbii ki, televiziya estetikanı sevir. Televiziyada estetika, səmimilik, gözəllik vacibdi. Amma bütün bunlarla yanaşı, əsas maraqlı layihənin təqdimatı olmalıdı. Televiziya qüsuru sevmir. Televiziyada yanlışlıq olmamalıdır.
Tahirə Məmmədqızı